Deputatın hasar harayı...

Labrint, dənizə çıxış yoxdur


Milli Məclisin ötən iclasında daş hasarlar məsələsi yenə gündəmə gətirildi. Millət vəkili Zahid Oruc ölkə başçısına müraciət edərək fərdi evlərin əhatəsindəki hasarların sökülməsini təklif etdi. "Nəinki dənizin kənarında, indi istənilən yerdə elə hasarlara rast gəlirsən ki, sanki bu adamlar hamıdan qorxaraq ətraflarına sədd çəkib. Nəyə lazımdır ki, bu hündürlükdə hasarlar?” deyən millət vəkili beynəlxalq təcrübədə bu halın yer almadığını deyib.

Xatırladaq ki, hasarlar problemi bir müddət öncə də Parlamentdə müzakirə mövzusu olmuşdu və millət vəkili, Xalq artisti Zeynəb Xanlarova, həmçinin millət vəkili Sabir Rüstəmxanlı dəniz kənarındakı villa sahiblərinin hasarlarını dənizin ortasınadək uzatdıqlarından danışmışdılar. Amma bundan da əvvəl eyni məsələ bir neçə dəfə Milli Məclisin uca tribunasından səsləndirilib. Məsələn,

millət vəkili Fazil Mustafa Xəzər dənizinin sahil boyu ərazilərinin bəzi imkanlı şəxslər tərəfindən hasara alınmasını tənqid etmişdi. "Sahilboyu ərazilər demək olar ki, bütünlüklə hasara alınıb. Vətəndaşların nəinki çimərliklərdən sərbəst istifadə etmək, dəniz havası udmaq, hətta dənizi kənardan seyr etmək imkanı da qalmayıb” deyən millət vəkili hətta təklif etmişdi ki, vəziyyəti nəzərə alaraq hər bir vətəndaşa ayda 5 dəfə çimərlikdən pulsuz istifadə etmək, ayda 10 dəfə isə dəniz havasını pulsuz udmaq hüququ verilsin.

Təbii ki, bu ironik təklif acı həqiqəti əks etdirirdi. Millət vəkilləri dəfələrlə məsələni qaldırır, amma hər dəfə də hasar çəkənlərə qahmar çıxanlar tapılır. Zeynəb Xanlarovaya qarşı deputat həmkarı Eldar Quliyev, bu dəfə isə Zahid Oruca qarşı vitse-spiker Bahar xanım Muradova. Deməli, millət vəkilləri "hasar çəkənlər”ə daha çox vəkillik edir, nəinki hasarlardan əziyyət çəkənlərə. Baxmayaraq ki, cəfa çəkənlər, səfa sürənlərdən qat-qat çoxdur. Nəticədə hasarlar qısalmaq əvəzinə, daha da uzanır və hündürləşir.

Belə davam edərsə, Xəzər dənizinin ancaq adını eşidib, şəklini də xəritədə görəcəyik.

Qanunsa hər bir vətəndaşın dənizi görmək, qumlu sahildə əyləşmək haqqını tanıyır. Həm də birbaşa prezident sərəncamı ilə. Mərhum dövlət başçısı Heydər Əliyev 2003-cü il yanvarın 13-də Xəzər sahillərində şəxsi evlərin və obyektlərin tikintisini qadağan edən "Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadəyə dair bir sıra tədbirlər haqqında” sərəncam imzalamışdı. Sərəncama əsasən, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı və Sumqayıt şəhərlərinin icra hakimiyyətləri, habelə Abşeron, Siyəzən, Dəvəçi, Xaçmaz, Xızı, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara rayon icra hakimiyyətləri Xəzər dənizi sahillərində 130 metrlik məsafədə tikilən obyektləri sökməli idilər. 2003-cü il avqustun 4-də isə Heydər Əliyev: "Azərbaycan Respublikasında Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini imzaladı. Hələ də qüvvədə olan həmin qanuna görə, Xəzər dənizinin sahillərinin 80-130 metrliyi dövlətə məxsusdur. Deməli, həmin ərazi satıla və özəlləşdirilə bilməz. H.Əliyevin vəfatından az sonra isə parlament həmin sərəncamın qüvvədən düşdüyünü elan etdi. Və məmurların "sahil istilası” başladı. Bu gün kənardan seyr etdiyimiz, arxasında nələrin olub-bitdiyindən xəbərsiz qaldığımız hündür daş hasarlar həmin istilanın nəticələridir.

Bəs, bu istiladan necə qurtulmaq olar? Öncə sualı parlamentdə məsələ qaldırmış millət vəkili Zahid Oruca ünvanladıq. Millət vəkili "Şərq”ə açıqlamasında ilk növbədə yanlış anlaşılmamasını istədi:

- Mən dəniz kənarındakı obyektlərin, yol kənarında çəkilən divarların əleyhinə deyiləm. Bunun müsbət tərəflərini örnəklərlə anlada bilərəm. Mənim etirazım həyətlər arasında hədsiz hündür daş hasarların tikilməsinədir. Parlamentdə də dediyim kimi, hesab edirəm ki, bizim öz

qonşularımızla aramızda çəkdiyimiz hasarlar sonradan mənəvi çəpərlərə çevrilir. Araşdırmalarımın nəticəsi olaraq da hesab edirəm ki, bu hasar tikintisi bizə hardansa ötürülüb, transfer edilib. 10 sot əraziyə çəkilən hasarın məbləği təqribən 5 min manata yaxındır. Görün, bu hasarlara nə qədər vəsait xərclənir. Həmin daşların altında qalan ərazilər də kifayət qədər böyükdür. Bununla küləyin də qarşısı kəsilib və meyvə bağları da havalandırma sistemindən, küləkdən məhrum edilib. Halbuki qonşular sərhədlərini kiçik, yüngül dəmir konstruksiyalarla da müəyyən edə bilər. Və yaxud, bir sıra xarici ölkələrdə olduğu kimi, gül-çiçəkdən ibarət çəpərlərlə də. Mənim etirazım fərdi evlərin daş hasarlarına qarşıdır, sahil zolağının hasarlanmasına qarşı deyil. Dünyanın əksər ölkələrində sahil zolağından turizm, istirahət məqsədilə istifadə edilir.

Xəzər dənizinin sahil zolağının ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilməsinə və əhalinin böyük hissəsinin dənizdən məhrum edilməsinə gəlincə, Z.Oruc konkret təkliflə çıxış etdi:

- Dəniz xalq sərvətidir və hamınındır. Məsələ burasındadır ki, dəniz sahilində tikililər üçün normativ əvvəlcə 130 metr məsafə olaraq qoyulmuşdu. Sonra müxtəlif səbəblərdən məsafə 30 metr təyin edildi. Dövlətin dəniz üzərindən yürütdüyü siyasətə dair konkret proqramı olmalıdır. Necə ki, torpaqların dövlət, bələdiyyə, özəl və ehtiyat torpaqlar olması müəyyənləşib, eləcə də sahil zolağı ilə bağlı müəyyənləşdirilməlidir ki, nə qədər hissəsi dövlət mülkiyyəti, nə qədəri şəxsi mülkiyyət, nə qədər hissəsi də ictimai mülkiyyətindir. Sahil zolağı ilə bağlı bölgü kvotası müəyyənləşməlidir. Belə olduğu halda kvotanın pozulması halları təsbit oluna və məsuliyyət məsələsi qoyula bilər. Bununla bağlı qanun qəbul etməliyik və qanunu pozanlar da cəzalandırılmalıdır. Çünki bu məsələdə biz mental dəyərlərə söykənib, "öz həyətimdir, özüm bilərəm” prinsipi ilə ayaqlaşa bilmərik. Bir insanın hüququ, digərinin hüququnu tapdalamamalıdır.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə "Şərq”ə açıqlamasında dəniz kənarının hasarlanması ilə bağlı qanunverici aktların mövcud olduğunu dedi:

- Torpaq Məcəlləsinin 32-ci maddəsində qeyd edilir ki, su fondu torpaqları su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. Su fondu torpaqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə, hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsində isə qeyd olunur ki, "Ümumi istifadədə olan torpaqlar xüsusi mülkiyyətə verilə bilməz.” Torpaq Məcəlləsinin 46-cı maddəsində isə göstərilir ki, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti (!) ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Kimsə sahilboyu zolağı zəbt edib orada şəxsi villa tikirsə, yaxud istirahət mərkəzi açırsa, bunun dövlətin təhlükəsizliyi ilə nə əlaqəsi var? Üstəlik, vətəndaşların sərbəst gediş-gəlişini də məhdudlaşdırırlar. Cənab Prezident regionlara səfərə zamanı, Qaradağ rayonu ərazisində yol boyunca hörülmüş hasarların sökülməsini tapşırmışdı. 3 metr hündürlüyündədir həmin hasarlar. Vətəndaşlar, sahibkarlar narazılıq edir. Eyni hal Bakı-Salyan istiqamətində də müşahidə olunur. Yol kənarları hər iki tərəfdən hasarlanıb. Heç bir söküntü işi də aparılmır. Eləcə də sahil boyu hündür hasarlar çəkilib. Ərazilər özəlləşdirilib. İnsanların istirahət hüquqları pozulub. Konstitusiya ilə istirahət etmək hər kəsin müstəsna hüququdur. Yaxşı olar ki, Milli Məclis vətəndaşların hüquqlarını bərpa edən qanunlar qəbul etsin.

Məlahət Rzayeva