Ermənini ölkəsinə qaytardılar: Ermənistana çatar-çatmaz Xocayan Azərbaycandan danışdı

"O, qidaya zəhər qatılacağından qorxaraq, ilk günlər yeməkdən imtina edib"


Azərbaycanda saxlanılan erməni vətəndaşı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında dünən Ermənistana qaytarılıb.

Bu barədə komitənin Azərbaycan nümayəndəliyinin rəhbəri Deniz Duran tərəfindən daxil olan məlumatda deyilir. Onun sözlərinə görə, bu şəxs Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Ermənistan rəsmilərinə təhvil verilib.

Dünən ölkəsinə təhvil verilən Ermənistan vətəndaşı Xocayan Arsen Ananyeviç yerli jurnalistlərlə görüşündə Azərbaycanda saxlanma şəraitindən danışıb.

"Novosti Armeniya”nın verdiyi xəbərə görə, A. Xocayan əsirlikdə saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayətinin olmadığını bildirib. Əsir Bakıda istintaq təcridxanasında saxlanıldığını bildirərək dindirilmə zamanı onun hərbçi olub-olmadığı və Azərbaycan tərəfinə keçməsinin səbəbi araşdırıldığını deyib.

"A. Xocayanın sözlərinə görə, ona daim yemək verilib, lakin o, qidaya zəhər qatılacağından qorxaraq, ilk günlər yeməkdən imtina edib. Yatmaq üçün şərait də normal olub”, deyə nəşr yazır.

A. Xocayan, həmçinin, onun vətənə qaytarılmasında töhfəsi olan hər kəsə minnətdarlığını bildirib. (apa)

Qeyd edək ki, A. Xocayan martın 7-də qoşunların təmas xəttini keçib. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib.