Rus general Azərbaycanı hədələdi

Gümrüdəki hərbi bazanın komandanı müharibədə Ermənistana yardım edəcəklərini bildirib


Rus hərbçiləri yenidən Azərbaycanı Dağlıq Qarabağda müharibəyə başlayacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Gümrüdə yerləşən 102-ci hərbi baza ilə hədələyirlər. Qeyd edək ki, 102-ci hərbi bazanın polkovniki Andrey Ruzinski bir müddət öncə Azərbaycan hərbi əməliyyatlara başlayacağı təqdirdə, Rusiyanın Ermənistana yardım edəcəyini söyləmişdi.

Dünən isə Rusiya Hərbi Hava Qüvvələri komandanının müavini, general-leytenant Pavel Kuroçenko anoloji bəyanat səsləndirib. General bildirib ki, Gümrü şəhərində olan 102-ci hərbi bazanın hava hücumundan müdafiə qüvvələri Ermənistana təhlükə olacağı təqdirdə erməni ordusu ilə birgə hərəkət edəcək:

"Hava hücumundan müdafiə üçün aviasiyaların birgə nəzarət məntəqəsi yaradılıb. 102-ci hərbi bazada erməni tərəfinin döyüş növbəsi Rusiya hərbiçiləri ilə birgə vahid plan üzrə hərəkət edir. Biz həmçinin Rusiya və Ermənistanın hava hücumundan müdafiənin vahid regional sisteminin yaradılması planı üzərində də işləyirik”.

Qeyd edək ki, Ermənistanın şimalında yerləşən Gümrü hərbi bazası 1995-ci ildə müqavilə əsasında fəaliyyətə başlayıb. Hərbi hissə MDB-nin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyi aparır. 2010-cu il avqustun 20-də tərəflər bazasının yerləşdirilməsi haqqında müqavilənin müddətini artırıblar. 1995-ci ildə imzalanan müqavilənin müddəti isə 25 il təşkil edirdi. Hazırda isə sənəd 2044-cü ilədək qüvvədə olacaq.

Seyran Ohanyanın funksiyasını 102-ci hərbi bazanın rəhbərliyi üzərinə qoyublar

Onu da bildirək ki, Gümrü bazasında müasir silah növlərinin hər biri Rusiya tərəfindən yerləşdirilib, texniki təchizat yaradılıb. Ekspertlərin fikrincə, bazaya toplanan S-300 zenit-raket komleksləri, MİQ-29 təyyarələri Türkiyə və Qərbdən gələn təhlükələrin qarşısında ilk sipər kimi nəzərdə tutulub. Onların qənaətincə, Ermənistanı özü boyda silah-sursat anbarına çevirən Rusiya Putinin rəhbərliyi altında Şimali Qafqazda 70 mindən artıq qüvvəni ehtiyat olaraq saxlayır və şərti düşmən adı altında Qafqaz dövlətləri əleyhinə mütəmadi təlimlər keçirir.

Abxaziya və Osetiyanın tam ələ keçirilməsi ilə böyük bir coğrafiyada Rusiyanın tanklardan ibarət antiQərb ordusu Cənubi Qafqaz regionunu öz təsir dairəsində saxlamaqda davam edir. Ermənistanın qorxduğu gün kimi aydındır. Vəziyyət o qədər dramatikdir ki, Seyran Ohanyanın funksiyasını 102-ci hərbi bazanın rəhbərliyi üzərinə qoyublar. Ermənistanda ölkənin iqtisadi və sosial vəziyyətinin

pisləşməkdə davam etməsinə müharibənin səbəb olduğunu çox yaxşı bilirlər. Anlayırlar ki, ölkəni ağır duruma salan Rusiyadır. Bu səbəbdən də Qarabağ probleminin tezliklə həllini istəyirlər. Rusiya isə əks mövqedən çıxış etməklə, xəbərdarlıq edir ki, biz olmasaq, Azərbaycan Ermənistanı darmadağın edər.

Azərbaycan məhz indi hərbi

əməliyyatlara başlayarsa...

Politoloqlar hesab edirlər ki, Ukraynadakı hadisələrə başı qarışan Rusiya heç də Qarabağ məsələsini unutmuş deyil. Bu cür bəyanatların verilməsi də ondan qaynaqlanır. Analitiklər hesab edirlər ki, bu bəyanatı verən hansısa rus əsgəri deyil, 102-ci bazada hərbi rəhbərlikdə təmsilçi, həm də general rütbəli bir zabitdir. Bu isə Azərbaycana qarşı hədə, təhdid və bir növ də xəbərdarlıq xarakteri daşıyır.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə Rusiyanın başı Krıma qarışsa da, Qərblə üz-üzə qalsa da, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinə imkan verməz: "Çünki Rusiya Dağlıq Qarabağı da itirərsə, Cənubi Qafqazdakı mövqelərini tam laxlatmış olacaq. Bu, Ukraynanın itirilməsindən sonra Rusiyaya ikinci ağır zərbə olar. Ona görə də bütün hallarda Rusiya ordusu Ermənistanı müdafiə edəcək, Dağlıq Qarabağ separatçılarına real dəstək verəcək. Rus generalın dedikləri də bunun təsdiqidir. Azərbaycan Dağlıq Qarabağda məhz indi hərbi əməliyyatlara başlayarsa, Rusiya Abxaziya, Cənubi Osetiya və Krımın nümunəsində olduğu kimi Dağlıq Qarabağın da "müstəqilliyini” tanıya bilər. Belə bir təhlükənin varlığını unutmamalıyıq”. Analitik onu da bildirib ki, Azərbaycanın müharibəyə başlaması həmçinin rəsmi Bakını ABŞ və Avropa Birliyi ilə də üz-üzə qoya bilər: "Əlbəttə, Vaşinqton və Brüssel Rusiyanın Cənubi Qafqaz, o cümlədən Ermənistan üzərində nəzarətinin azaldılmasını istəyir. Bu, Krımın işğalından sonra Qərb üçün daha da aktualdır. Ancaq bu o demək deyil ki, Qərb Azərbaycanın müharibə planına yaşıl işıq yandıra bilər. Çünki müharibə Azərbaycanın xeyrinə olmayacaqsa, Rusiya Azərbaycanın zəifləməsinə çalışacaq. Ukraynada kənar bir dağıdıcı ölkə - Rusiya var. Azərbaycanın zəifləməsində isə azı 3 ölkə maraqlıdır -Rusiya, Ermənistan və İran. Buna görə Rusiyanın generalın dili ilə verdiyi mesajı rəsmi Bakı dərindən düşünməlidir. Bir qədər də ehtiyyatlı davranmaq lazımdır”.

Kuroçenkonun bəyanatı

Kremllə razılaşdırılıb

"Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə rus generalın bu tip açıqlamasının məsuliyyətsiz olduğunu deyib. Bununla yanaşı analitik bildirib ki, Kuroçenko özbaşına belə bəyanat səsləndirə bilməz: "Faktiki olaraq, Kuroçenko Ermənistanda yerləşən və Rusiyaya məxsus olan hərbi bazanın rəsmisidir. Bu baxımdan onun başqa ölkələr arasında olan münaqişəyə dair bəyanat yayması düzgün deyil. Hərbi sistemdə general, komandir olmasına baxmayaraq heç bir hərbiçi siyasi bəyanat verməkdə sərbəst deyil. Odur ki, şübhə yoxdur ki, Kuroçenkonun bəyanatı Kremllə razılaşdırılıb. Xatırlayırsınızsa 102-ci bazanın rəsmisindən olan Ruzinski də bu tip açıqlama vermişdi. Demək istəyirəm ki, bunlar özbaşına danışa bilməzlər. Rəsmi Moskva Ermənistandakı hərbiçilərinin dili ilə ölkəmizə hədə gəlirlər”. Ə.Oruclu vurğulayıb ki, Kuroçenkonun

bəyanatı Rusiyanın çox səmimi bir etirafıdır ki, Dağlıq Qarabağın işğalının və Azərbaycanın torpaqlarının 20 ildən artıqdır ki, erməni işğalı altında saxlanmasının müəllifi və birbaşa dəstəkçisi Kremldir: "Güman edirəm ki, Kuroçenko bu bəyanatıdan sonra Azərbaycan özü üçün müəyyən məsələləri aydınlaşdırmalıdır”.

Rəsmi Bakı ortaya

qəti mövqe qoymalıdır

Kuroçenkonun açıqlaması ilə bağlı rəsmi Bakının atacağı addımlara gəldikdə isə Ə.Oruclu bildirib ki, dövlət mütləq rəsmi bəyanat yaymalıdır: "Dağlıq Qarabağ ərazisi beynəlxalq birliklər tərəfindən Azərbaycanın işğala məruz qalan torpaqları kimi tanınıb. Bu ərazidə bu və ya digər səbəblərdən hərbi əməliyyatlar başlansa belə, bunun Ermənistana, o cümlədən də Rusiyaya heç bir aidiyyəti yoxdur və ola da bilməz. Çünki həmin ərazilər Azərbaycanındır və həmin torpaqlarla bağlı bizim Rusiya ilə heç bir anlaşmamız yoxdur. Gürcüstan Cənubi Osetiya və Abxaziyanı nəzarətə götürmək istəyəndə, Rusiya əməliyyata hərbi müdaxilə elədi. Bunun üçün ən azından onun əlində əsas vardı ki, BMT sülhməramlıları statusunda Rusiya hərbiçiləri həmin torpaqlarda yerləşdirilmişdi. Rusiya da bu statusundan istifadə edərək sülhməramlıların qorunması adı altında faktiki olaraq Gürcüstana hərbi təcavüz elədi. Azərbaycanla bağlı isə analoji hal olmadığı üçün 102-ci hərbi diviziyanın Azərbaycana qarşı hərbi əməliyyata qoşulması yolverilməzdir. Faktdır ki, Dağlıq Qarabağda heç bir sülhməramlı qüvvə yoxdur. Orada yalnız işğalçı Ermənistanın ordusu, separatçılar yerləşib. Bu baxımdan Kuroçenkonun məsuliyyətsiz bəyanatı ilə bağlı Azərbaycan Rusiya qarşısında çox sərt şəkildə məsələ qaldırmalı, ortaya kəskin mövqe qoymalıdır. Eyni zamanda beynəlxalq ictimaiyyəti Rusiyanı qınamağa çağırmalıdır. Çünki burada söhbət birmənalı olaraq, hərbi təcavüzdən gedir”.

Anar Bayramoğlu