Harun Yəhya Azərbaycan efirinə ayaq açır




Türkiyənin A9 telekanalının Azərbaycan versiyasının internet üzərindən yayımlanacağına dair məlumatlar verilir. Məlumatlara görə, A9-un Azərbaycan versiyası Türkiyədə Adnan Oktar, ölkəmizdə isə Harun Yəhya adı ilə tanınan din aliminin tərəfdarları tərəfindən açılır. A9 kanalı məhz Adnan Oktarın fikirləri, əqidəsinin təbliğat maşını hesab edilir. Bildirilir ki, A9-un Azərbaycan versiyası A9AZ adı ilə yayımlanacaq. Yeni telekanalın texniki avadanlıqları da artıq Azərbaycana gətirilib və proqramların çəkilişlərinə də başlanılıb.

Azərbaycan insanı bu din alimini nə dərəcədə tanıyır və onun dini baxışlarına bələddirmi? Digər tərəfdən, yeni dini telekanalın Azərbaycanda yayımlanması cəmiyyətimizə nə vəd edir?

"Mənəvi Dünya” İctimai Birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənli "Şərq”ə açıqlamasında Adnan Oktarın ziddiyətli dinə baxışlara sahibliyi səbəbindən müsəlman dünyasında birmənalı qəbul edilmədiyini bildirdi:

- Adnan Oktarı ənənəvi dini məzhəbə sahib hesab etmirəm. Onun heç bir dini məzhəb tərəfindən qəbul edilməyən ziddiyətli dini baxışları var və o, qeyri-ənənəvi dini cərəyan nümayəndəsi kimi qəbul olunmur. Onun dini baxışları "Qurani-Kərim”ə və hədislərə də ziddir. Siz Adnan Oktarla bağlı "Yootub”da axtarış versəniz, onun veriliş zamanı oturduğu yerdəcə göbək atması, yarıçılpaq qadınlarla birgə rəqs etməsi, açıq-saçıq geyimli qadınlara verilişində "Quran” oxutdurması kimi əxlaqdan xaric hərəkətlərini izləyə bilərsiniz. Türkiyənin özündə də o, qəbul olunmur, hətta bir zamanlar barəsində cinayət işi də açılmışdı, həbs edilmişdi və ona şizofreniya diaqnozu qoyulmuşdu. Hətta onun mason olduğu da deyilir. İtaliya Mason Lojasının lideri Gian Franko tərəfindən bu adama canlı efirdə "33-cü dərəcəli Mason Diplomu” təqdim edilib. Belə bir adamın

fikirləri Azərbaycan üzərindən də yayımlanacaq. Düşünürəm ki, belə bir din adamının adı ilə, dünyagörüşü, baxışları ilə bağlı telekanalın Azərbaycanda yayımlanması xeyirli olmaz, əksinə, ziyanlıdır. Azərbaycanda əsrlərlə mövcud olmuş ənənəvi dini baxışların təbliğinə ehtiyac var.

H.Ş.Həsənli internet üzərində nəzarətin çətin olduğuna diqqət çəkərək bu kimi zərərli yayımların qarşısının alınması üçün mövcud dini dəyərlərimizin təbliğatının gücləndirilməsini vacib sayır:

- Güclü nəzarət tətbiq etməklə, qadağalarla istənilən nəticəyə nail olmaq mümkün deyil. Çalışmalıyıq ki, öz mövcud dini dəyərlərimizi lazımınca təbliğ edək. Qafqaz Müsəlmanları İdarəsi də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu məsələni dəfələrlə qaldırıb ki, dini maarifləndirmə, dini təbliğat vasitəsi olaraq telekanallarda uyğun proqramlar efirə verilməlidir. Bizim zərərlini xeyirlidən ayırmamız üçün strategiyamız olmalıdır. Bu, təkcə QMİ-nin və ya DQİDK-nin üzərinə düşən vəzifə deyil. Bununla vacib milli bir məsələ kimi Milli Təhlükəsizlik Nazirliyi səviyyəsində iş aparılmalıdır.

Televiziya mütəxəssisi, Qulu Məhərrəmli: "Belə bir telekanalın yayımlanması, doğrusu, məni təəccübləndirir. Mən bunu təqdir etmirəm.

Adnan Oqtay (Harun Yəhya) islam dini ilə bağlı bir neçə kitabın müəllifidir. Buna baxmayaraq, hesab etmirəm ki, onun rəhbərlik etdiyi telekanalın Azərbaycan versiyasını açmaq, müsbət nəyəsə səbəb olacaq. Bizə dini telekanal lazımdırsa, bunu özümüz də edə bilərik. Bunun üçün Azərbaycanın öz resursları kifayət qədərdir. Sırf dini məzmunlu kanalların ikinci bir tərəfi olur. Bəzən din adı altında müəyyən məqsədlər də güdülür. Ona görə belə məsələlərdə hədsiz diqqətli olmalıyıq. Biz cəmiyyətə dinimizin əsaslarını öyrətmək istəyiriksə, orta məktəblərdən buna başlamalıyıq ki, uşaqlarımız sonradan başqa təsirlər altına düşməsin. Öz telekanallarımızda elmi-dini verilişlərin sayını, vaxtını artırmalıyıq. Hazırda bizim telekanallarda dini məzmunlu verilişlər çox azdır. Demək olar ki, bir-iki belə veriliş var. Az.TV-də və İTV-də. Həm də həftənin bir günü. Belə çıxır ki, bizim əhali həftənin bir günü dindar olur?! Öz televiziyalarımızda dini proqramların olması vacibdir. Kənardan dini təbliğat, dini maarifləndirmə, din öyrətmə halları, çətin ki, lazımi nəticəni versin”.

Məlahət Rzayeva