Ordunun Əbiyev dönəmindən sonrakı vəziyyəti...

Əsgər ölümlərinin sayı yenə də artır


Ölkədə əsgər ölümləri yenə də tüğyan edir. Milli ordumuz az qala hər gün can verir. Ən pisi də odur ki, əsgərlərimizin əksəriyyəti qeyri-döyüş şəraitində həyatını itirir. Artıq Azərbaycanda əsgərin ehtiyatsızlıqdan xidmət yoldaşını, əksər hallarda isə özünü güllələməsi, intihar etməsi, hansısa xəstəlikdən dünyasını dəyişməsi adi hadisəyə çevrilib. Sanki elə-belə də olmalıdır...

Qeyd edək ki, dünən iki əsgərimiz dünyasını dəyişib. Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən "N” saylı hərbi hissənin giziri, Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılan Ələkbərov Samir Sərxan oğlu özünü asıb. Hərbi qulluqçunun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Günün ikinci itkisi isə cəbhə bölgəsində yerləşən "N” saylı hərbi hissədə qeydə alınıb. Hərbi hissənin əsgəri Elvin Rüsxət oğlu Bəzirli təhlükəsizlik qaydalarının pozulması nəticəsində avtomat silahdan açılan atəş nəticəsində yaralanıb.

Əsgər ilkin tibbi yardım göstərildikdən sonra hospitala təxliyə olunarkən yolda dünyasını dəyişib. Xatırladaq ki, ötən günlər də əsgər silahla ehtiyatsız davranma nəticəsində əsgər yoldaşını və hərbi hissə komandirinin müavinini güllələmişdi. Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant

Natiq Malıyev də yaşadığı evdə özünü asmışdı. Onu da nəzərinizə çatdıraq ki, son dörd gündə ölənlərin sayı 6 nəfərə çatıb.

Ötən ilə qədər orduda baş verən intiharları, "ehtiyatsız” ölümləri sabiq nazir Səfər Əbiyevin ayağına yazır, ümid edirdik ki, milli ordumuzda kadr islahatları aparılarsa, hər şey qaydasına düşəcək, daha əsgərlərimiz, zabitlərimiz özbaşınalıqların qurbanı olmayacaq. İndi ki, orduda Əbiyev dövrü başa çatalı çox olur. Bəs indi kimdir əsgər və zabitlərimizi intihara sürükləyən? Yenə də Əbiyev dövründəki kimi hərbi hissələrdə intihar adı ilə ictimaiyyətə açıqlanan müəmmalı qətllərin ardı- arası kəsilmək bilmir. Aidiyyəti qurum isə ənənəsinə sabiq qalaraq "ağzına su alıb susur”. Sanki ömrünün bahar çağında həyatla vidalaşan gənclərin onlara heç bir aidiyyəti yoxdur. Əgər yenə əsgərlərimiz intihar edəcək, yenə də əsgər xidmət yoldaşına atəş açacaqdısa, yeni müdafiə nazirinin bu qədər hay-küylü təyinatlarına nə ehtiyac vardı?

Hərbi ekspert, psixoloq Azad İsazadənin sözlərinə görə, orduda oxşar hadisələrin təkrarlanması artıq bu problemin geniş miqyas aldığına işarədir. O bildirib ki, birinci dəfə deyil ki, bu tip hadisə baş verir. Belə faciəli hadisələrə, əsasən nizamnamədən kənar hərəkətlər səbəb olur. O hərbi hissədə ki, komandir öz vəzifəsini düzgün icra edir, belə hadisələr olmur, ancaq o hərbi hissədə ki, komandir öz səlahiyyətlərini kiçik zabitlərə həvalə edir, orada bu cür hadisələr baş verir. Məlumdur ki, hərbi hissələrdə "dedovşina” faktları da var, əsgərlərə pis davranış nümunələri də təlqin edilir. Son günlər faciəli hadisələrin yenidən geniş vüsət alması bir daha göstərir ki, bu sahəyə diqqət artırılmalıdır.

Silahlı Qüvvələrdə aparılan genişmiqyaslı kadr islahatlarına, ən önəmlisi isə rəhbərliyin dəyişdirilməsindən sonra da bu cür üzücü olayların baş vermə səbəblərinə gəldikdə isə, hərbi-ekspert deyib ki, kadr islahatı problemə köklü yanaşma deyil. Həm də A.İsazadə onu da qeyd edib ki, milli ordumuzda kadr islahatları yox, kadr yerdəyişimi aparılıb: "Silahlı Qüvvələrdə qeydə alınan faktlar və qanun pozuntuları həddindən artıq ciddi məsələdir. Odur ki, sadəcə kadr islahatları ilə intiharların, əsgərin xidmət yoldaşını öldürməsi kimi halların qarşısını almaq olmaz. Həm də ki, milli ordumuzda aparılan yerdəyişimləri kadr islahatı adlandırmaq doğru olmazdı. Azərbaycan Silahlı Qüvvələrində sadəcə kadr yerdəyişməsi həyata keçirilib. İslahata, köklü dəyişikliklərə isə gedilməyib. Ordu rəhbərliyində isə faktiki olaraq, bir komanda o birini əvəz etdi”.

Ekspertin sözlərinə görə, həmin komanda əvəzlənməsi dövründə müvəqqəti olaraq, milli ordumuzda vəziyyət normallaşmışdı. O deyib ki, hər bir komandanlıq ehtiyatlı davranır, rəhbərlik etdiyi hərbi hissəyə ciddi şəkildə nəzarət edirdi. Onlar öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirirdilər ki, "ÇP”-ləri olmasın. Doğrudan da, həmin dövr ərzində intiharlar da, müəmmalı ölümlər də səngidi. Hansısa hərbi hissədə "dedovşina” olduğuna dair məlumatlar nisbətən azalmağa başlamışdı. Kadr dəyişikliyi yekunlaşandan sonra isə hərbi komandanlıq öz "fəaliyyətinə” qaldığı yerdən davam etməyə başlayıb. Yenə də, milli ordudan gələn intiharlar, müəmmalı əsgər ölümləri pik həddə çatıb”.

A.İsazadənin sözlərinə görə, milli orduda tüğyan edən əsgər ölümlərini və buna zəmin yaradan "dedovşina”nın kökünü kəsmək üçün Silahlı Qüvvələrdə əsas olan prinsip yerinə yetirilməli, insan faktoru nəzərə alınmalıdır: "Biz nədənsə, odumuzla bağlı danışanda həmişə texnikaya, silaha, hərbi hissələrin təmirinə diqqət yönəldirik. Yəni ordu ilə bağlı düşüncəmiz, ancaq görüntüyə hesablanıb. Amma biz bir şeyi anlamalıyıq ki, Qarabağda müharibə başlayacağı təqdirdə döyüşən insan olacaq. Sabah düşmən qabağına çıxan bu gün önəmsəmədiyimiz həmin bu əsgərlər olacaq. Nə aldığımız tanklar, nə bər-bəzəkli "kazarmalar”, nə də öyündüyümüz silah-sursatlar döyüşəcək. Biz texnikadan əvvəl insan faktoruna diqqət yönəltməliyik. Hərbi hissələrdə əsgərə, əsgər adına layiq dəyər verilmədiyi üçün onlar aqressivləşir. Ətrafında baş verən hadisələrə kəskin reaksiyalar verərək ya özünü öldürür, ya da adi bir mübahisə zamanı xidmət yoldaşının həyatına qəsd edir. Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələrində genişmiqyaslı və hərtərəfli islahatlar aparılmalıdır. İlk növbədə isə insan faktoru önə çəkilməlidir. Əks halda, itirə-itirə gedəcəyik.

Şəymən