Ermənistan hakimiyyətində “yerli-gəlmə” çəkişməsi var

Baş nazir Tiqran Sarkisyanın istefasının kökündə bu amil dayanır



Ermənistanın keçmiş baş naziri Tiqran Sarkisyan Ermənistanın ölkə Konstitusiya Məhkəməsinin qarşısında keçirilən etiraz aksiyasına qoşulub. "Mən sizi dialoqa çağırıram” - deyə Tiqran Sarkisyan etirazçılara müraciət edib və onlardan 100 nəfəri iclas salonuna dəvət edib. Lakin etirazçılar imtina ediblər və elektron hesabat qaydalarının ləğvini tələb ediblər.

Ümumiyyətlə, son günlərdə vəzifəsindən istefa verən Tiqran Sarkisyanla müxalifətin arasında münasibətlərin istiləşməsi müşahidə edilir. Ermənistanın hazırda müxalifətdə olan ilk prezidenti Levon Ter-Petrosyan da Tiqran Sarkisyanı dəstəkləyərək onun istefasını tarixi hadisə adlandırıb.

Keçmiş baş nazirlə müxalifət arasındakı münasibətlərin istiləşməsindən danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, Tiqran Sarkisyanla müxalifət arasında əlaqələrin inkişafı, hətta sonrakı mərhələdə sabiq baş nazirin müxalifətə keçməsi belə mümkündür.

Ermənistanda iqtidar-müxalifət arasındakı münasibətlərin yerli-gəlmə məsələsinin üzərində qurulduğunu vurğulayan politoloqun sözlərinə görə, Tiqran Sarkisyan yerli erməni olduğu üçün onun Qarabağ ermənilərinə münasibəti də digər yerli ermənilər kimi heç vaxt birmənalı olmayıb:

"Ermənistanda iqtidarı Qarabağdan gəlmə erməniləri, müxalifəti isə yerli əhali təmsil edir. Mübarizə məhz bu istiqamətdə gedir. Tiqran Sarkisyan da yerli ermənilərin hakimiyyətdə təmsilçisi idi. Hətta ilk yerli ermənidir ki, yüksək posta sahib olub. Hesab edirəm ki, hadisələrin sonrakı gedişində sabiq baş nazir Ermənistan ermənilərinin maraqlarından çıxış edərək, prezident Serj Sarkisyanın rəhbərlik etdiyi gəlmə ermənilərə qarşı bir mübarizə cəbhəsi formalaşdıra bilər və bu cəbhənin də əsas hədəfi "hakimiyyət yerli ermənilərə keçməlidir” və yaxud "Qarabağsız Ermənistan” şüarları altında ictimai şüuru yönləndirmək ola bilər. Hazırda aktiv siyasətdə olmasa da, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da məhz bu cür ideyalarla çıxış edirdi. Onun rəhbərlik etdiyi partiyanın hədəfi də budur. Müxalifətin Stepan Dəmirçiyan qanadı da demək olar ki, bu xətti müdafiə edir. Bir sözlə, bu gün Ermənistanda siyasi proseslər ideoloji cəhətdən milli şüur səviyyəsində deyil, münasibətlər daha çox yerli-gəlmə üzərində kökləndiyi üçün baş nazirin yerli əhalinin nümayəndəsi kimi müxalifət düşərgəsinə keçməsini normal qarşılamaq lazımdır. Onsuz da yerli əhalinin böyük hissəsi Serj Sarkisyanın, Robert Koçaryanın, ümumilikdə Ermənistanın siyasətini, ölkə iqtisadiyyatını, ölkədə bürokratik aparatı zəbt etmiş Qarabağ ermənilərinin əleyhinədir. Bürokratlar və məmurlar içərisində, idarəetmədə onların nümayəndələri əksəriyyət təşkil etdiyindən, bu, camaat içərisində hiddət doğurur və təbii olaraq, ölkədə qarşıdurma əhval-ruhiyyəsi yaradır. Hesab edirəm ki, sabiq nazir də bu qarşıdurma əhval-ruhiyyəsindən hakimiyyətə qarşı istifadə edəcək. Ola bilər ki, bu mübarizəni açıq şəkildə aparmayacaq. Yerli-gəlmə məsələsinə ideoloji don geyindirərək Ermənistanın bir ovuc qarabağlılar tərəfindən idarə edilməsi haqqında tezisləri tez-tez təkrarlayacaq. İndiki proseslər və Tiqran Sarkisyanın müxalifətlə dialoqları fonunda bu gözləniləndir”.

Şəymən