“Rusiya hərbi təyyarəsi Qara Dənizdə təxribat törədib”





Rusiyaya məxsus Su-24 tipli hərbi təyyarəsi aprelin 12-də Qara dəniz hövzəsinə daxil olan ABŞ esminetsi "Donald Kuk”a qarşı təxribat törədib.

APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Pentaqonun mətbuat katibi Stiv Uorren bəyan edib.

Onun sözlərinə görə, bombardmançı təyyarə gəminin bilavasitə yaxınlığından 12 dəfə uçub keçib. Hazırda esminets Rumıniyanın Konstansa limanındadır.

"Rusiya hərbçilərinin təxribat xarakterli hərəkətləri ölkələrimiz arasında qüvvədə olan razılaşmaları kobudcasına pozur”, - deyə Uorren bildirib.

Rusiya müdafiə nazirliyi faktla bağlı şərh verməyib.

Qara dənizə daha bir ABŞ hərbi gəmisi gəlir. Bu barədə dünən Rumıniya lideri Trayan Besesku bildirib. Rumın lideri ABŞ-ın yeni hərbi gəmisinin təyinatını və onun Qara dənizə səfərinin məqsədini dəqiqləşdirməyib. ABŞ hərbi-dəniz qüvvələrinə daxil olan "Donald Kuk” hərbi gəmisinə raket əleyhinə "İcis” sistemi və qanadlı "Tomaqavk” raketli ilə təchiz edilib. O, Qara dəniz sularına 10 apreldən daxil olub. Onunla birlikdə Fransanın "Düpüi-de-Lom” kəşfiyyat gəmisi və "Alize” xilasetmə gəmisi gəlir. Bu gün Qara dənizə Fransanın raket freqatı "Düpleks” də daxil olur. Onlar rumın gəmiləri ilə birlikdə hərbi təlimlərdə iştrak edəcəklər.

"Donald Kuk” Rumıniya ərazisində aprelin 17-ə kimi qalacaq. Rusiya mənbələri onun Odessa limanına daxil olacağını ehtimal edirlər.