Putin, uzağı qiyməti qaldıra bilər

Moskva Ukraynaya qaz ixracatını dayandırmayacaq



Ukrayna hadisələri ölkə iqtisadiyyatını mürəkkəb duruma salıb. Ölkə iqtisadi çətinliklər məngənəsində sıxılır. Rusiyaya 2 milyarda dollara yaxın qaz borcu olan rəsmi Kiyev vəziyyətdən

çıxış yolu axtarır. Çünki Rusiya prezidenti Vladimir Putin Ukraynadan qaza olan borclarının ödənilməsini tələb etdi. Əks halda, sözügedən ölkəyə qaz ixracatını dayandıracağını bəyan edib.

Qərbdən isə Kiyevə heç bir yardım gəlmir. Amerika və digər Qərb ölkələri Ukraynanın qaz və enerji təhlükəsizliyini üzərlərinə götürməkdən imtina edirlər. Üstəgəl, Rusiya dövlət başçısı potensial enerji böhranı ilə bağlı həyəcan təbili çalıb. Putin Avropa ölkələrinin 18 liderinə, o cümlədən Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Oland, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və digər prezidentlərə və hökumət başçılarına məktub göndərərək, Ukraynanın yığılan borcları ucbatından Avropanı qaz qıtlığı gözlədiyi ilə bağlı xəbərdar edib.

Putin yazdığı məktubda göstərib ki, Ukraynanın idxal olunan qaza görə ödənişləri gecikdirməsi olduqca kritik vəziyyət yaradıb və bu, rus qazının Avropaya çatdırılmasına da təsir göstərə bilər. Xatırladaq ki, Avropa Birliyinin idxal etdiyi qazın məhz üçdə biri Rusiya qazının payına düşür. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın ciddi təhlükə qarşısında olduğunu və bütün vətənpərvərlərin ləngimədən hərəkətə keçməli olduğunu deyib: "Rusiya Krımı zəbt etməklə Ukrayna iqtisadiyyatının dörddə birini ələ keçirib. Qarşıdakı günlərdə əsl müqavimət başlamasa, Ukrayna iqtisadiyyatının 40 faizi ilə yanaşı, dövlətçiliyini itirmək perspektivi ilə də üz-üzə qalacaq”.

İqtisadçı-ekspert Vüqar Bayramov da Krımın itirilməsinin Ukrayna iqtisadiyyatına ciddi ziyan vurduğunu söyləyib: "Krım turizm bölgəsi idi. Ölkədə daxili turizmin inkişafı baxımından bu yarımadanın Ukraynanın tərkibində qalması olduqca vacib idi. Krım Ukraynanın dənizə çıxışı baxımından çox əhəmiyyətli idi. Krımın əldən çıxması Ukrayna iqtisadiyyatına zərbə oldu”.

Ekspert qeyd edib ki, Krımın itirilməsi fonunda Avropa Birliyi Ukraynaya iqtisadi yardımlarını genişləndirməlidir: "Ukrayna və AB arasındakı azad ticarət barədə danışıqlar sürətləndirilməlidir. Ukraynalı iş adamları Avropa bazarlarına çıxış əldə etməlidirlər. Belə olan halda dövlət gəlirlərinin artmasına nail ola bilərlər”.

V.Bayramovun qənaətincə, Ukraynaya birbaşa yardımların miqyası çoxaldılmalıdır: "Avropa Ukraynada iqtisadi və siyasi baxımdan uduzarsa, bu onun digər ölkələrdə Rusiyaya məğlub olmasına gətirib çıxara bilər. Avropa çalışmalıdır ki, Kiyev uduzmasın. Onun iqtisadiyyatına dəyən ziyanı öz imkanları ilə balanslaşdıraraq Ukrayna iqtisadiyyatındakı enmələrin qarşısını almalıdır. Əhalinin gəlirlərinin aşağı düşməsi Ukraynanın siyasi gələcəyi üçün yaxşı heç nə vəd etmir”.

Həmsöhbətimiz onu da əlavə edib ki, Moskva Ukraynaya qaz ixracatını dayandırmayacaq: "Bu, Rusiya üçün də arzuolunan deyil. Putin qiyməti qaldıra bilər. Qazını daha yüksək qiymətə təklif etməklə Ukrayna iqtisadiyyatına zərbə endirə bilər”.

Azərbaycanın Ukraynaya mavi qazla nəqlinə gəlincə, həmsöhbətimiz hesab edir ki, bu, yaxın zamanlarda mümkünsüzdür: "Azərbaycan mavi qazının sözügedən ölkəyə ixracı üçün xətlər yoxdur. Digər tərəfdən ölkəmizin Ukrayna məsələsində Rusiya ilə açıq qarşıdurmaya getməsi yaxşı hal deyil. Şimal qonşumuz regionda güclü dövlətdir. Düşünmürəm ki, Azərbaycan mavi qazı Rusiya mavi qazına alternativ kimi çıxış edə bilsin”.

Ayyət Əhməd