4 saylı cəza evi “qaynayır”

Lamiyə Quliyeva öz istəyi ilə ana olduğunu deyir
Novella Cəfəroğlu Mədət Quliyevin hadisəni araşdıracağına inandığını dedi


Ombudsman Aparatının Milli Preventiv Qrupun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində araşdırma aparıblar. Xatırladaq ki, 4 saylı cəzaçəkmə müəssisəsi məhkum Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında uşaq dünyaya gətirməsi ilə gündəmə gəlib.

Artıq neçə gündür ki, KİV-lər bu hadisəni manşetə çıxarır, hüquq müdafiəçiləri isə məhkum qadının evli olmadığı halda, uşaq dünyaya gətirməsi ilə bağlı təhqiqat aparılmasını tələb edirlər. Görünür, məhz bu müzakirələri əsas götürən Ombudsman Aparatı sözügedən müəssisəyə baş çəkiblər.

Ombudsman Aparatından verilən məlumatda bildirilib ki, bu müəssisədə cəza çəkən Lamiyə Quliyeva və digər qadın məhkumlar Qrupun üzvləri tərəfindən təklikdə konfidensial qaydada qəbul edilib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Həmin qadın məhkumlar müəssisədə saxlanılma şəraitindən və əməkdaşların onlara qarşı rəftarından narazılıq etməyiblər. Lamiyə Quliyeva ötən ilin oktyabr ayında dünyaya gətirdiyi uşağı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirərək bildirib ki, heç kim tərəfindən zorakılığa məruz qalmayıb, bu öz istəyi ilə baş verib.

Eyni zamanda o, özünün və körpəsinin sağlamlığı ilə bağlı narahatlığının olmadığını söyləyib. Məlumata görə, L.Quliyeva uşağı ilə birgə müəssisənin standartlara uyğun ana və uşaq otağında saxlanılır, saxlanılma şəraiti ilə bağlı narazılığı yoxdur.

Məlumatda o da qeyd olunur ki, hazırda məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən araşdırma aparılır.

Lamiyənin qətllə bağlı həbs müddəti 2013-cü ildə başa çatsa da, 2 il əvvəl CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb.

Lamiyənin keçmiş nişanlısı Vüqar isə həbsxanada başqa qadınla ailə qurub. O, Qobustan həbsxanasında ömürlük cəza çəkir.

Hələki heç kəs Lamiyə Quliyevanın həbsdə ola-ola necə hamilə qalmağı və uşaq dünyaya gətirməsi ilə bağlı suala məntiqli cavab verə bilmir.

Hüquq müdafiəçiləri isə L.Quliyevanın zorakılığa məruz qaldığını ehtimal edərək, məsələnin araşdırılmasını istəyirlər. Qeyd edək ki, bu xəbər mediaya hüquq müdafiəçisi, Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov tərəfindən verilib. E.Behbudov isə xəbəri məhbus valideynlərindən aldığını bildirib. Lakin xəbər KİV-ə çıxdıqdan və ictimailəşdikdən sonra, E.Behbudov qərəzçilikdə suçlanıb.

Məsələ ilə bağlı Qadın Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Novella Cəfəroğlunun fikirlərini öyrəndik. N.Cəfəroğlu "Şərq”ə açıqlamasında bu məsələnin hər bir hüquq müdafiəçisini narahat etdiyini bildirdi:

- Heç kim bir qadının hamilə qalması və dünyaya uşaq gətirməsinə qarşı deyil və ola da bilməz. Ana olmaq hər bir qadının müstəsna hüququdur. Amma burada bir sıra nüanslar var. Lamiyə Quliyeva məhkumluq həyatı yaşayan qadındır. Və digər hallardan fərqli olaraq ailəli deyil. Yəni, onun ailə qurması barədə heç bir məlumat yoxdur. Özü də bunu demir. Mən Ombudsman Aparatının məlumatı ilə tanış oldum. Orada bildirilir ki, Milli Preventiv Qrupun üzvləri L.Quliyeva ilə görüşüblər və o, heç kim tərəfindən zorakılığa məruz qalmadığını, öz istəyi ilə uşaq dünyaya gətirdiyini deyib. Lap yaxşı. Lamiyə zorakılığa məruz qalmayıbsa, deməli, kiminləsə intim münasibətdə olub. Bəs rəsmi nikahı olmayan məhkum qadın, necə və hansı şəraitdə əsk cinsin nümayəndəsi ilə münasibətdə olub? Hamımız bilirik ki, məhkumlara yalnız öz valideynləri, ailə üzvləri, qohumları ilə qısa və uzunmüddətli görüşlər verilir. İstər kişi, istərsə də qadın məhbuslara uzunmüddətli görüşlərin verilməsi üçün onların rəsmi nikahı olmalıdır. Bunsuz, görüş mümkün deyil. Qanun bunu tələb edir. Bir halda ki, L.Quliyeva rəsmi nikahda olmadığı halda hamilə qalır, deməli, burada qanun pozuntusu baş verib. Bu, zorlanma da ola bilər, işgəncə də, təhriketmə də və ya şəxsin öz istəyi ilə kiminləsə qeyri-qanuni görüş. Hüquq müdafiəçilərinin istəyi də budur ki, hadisənin başvermə səbəbi araşdırılsın və günahkarlar cəzalandırılsın. Heç bir məhkumun nəzarətçilərlə və ya kimsə kənardan gələn başqa bir adamla görüşmək, intim münasibət qurmağa ixtiyarı yoxdur. Hətta qadın məhbus bunu özü istəyirsə də, ona belə şərait yaradılmamalıdır, çünki bu, qanuna ziddir. Nəzarətçilərin də haqqı yoxdur, qadın məhbuslarla münasibət yaratmağa. Hər bir məhbus cəzaçəkmə müəssisəsində dövlətin qoruması altındadır. Kim nə istəyir edəcəksə, daha bunun harası cəzaçəkmə müəssisəsi oldu?! Burada toxunulmazlıq predmeti var. Hər məhbus qadın kefi istəyəndə, kiminləsə əlaqəyə girəcəksə, hərə
bir uşaq dünyaya gətirər. Məhkum qadın öz istəyi ilə hamilə qaldığını və uşaq dünyaya gətirdiyini deyirsə, bunun özü araşdırma və ciddi təhqiqat aparılması üçün əsasdır. Cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanası qanunun tələblərinə riayət etməlidir. Bizim istəyimiz budur ki, məsələ araşdırılsın.

N.Cəfəroğlu Penitensiar Xidmətin rəisi Mədət Quliyevin hadisəni araşdıracağına inandığını da dedi:

- Biz bir neçə dəfə M.Quliyevlə görüşmüşük və hər dəfə də o, bizdə yaxşı təəssürat yaradıb. M.Quliyev dəyərli insandır və mən inanıram ki, o, bu məsələni araşdıracaq. Çünki burada söhbət qanun pozuntusundan gedir.

Məlahət