Rus pasportu “eşqinə” düşənlər çox azdır

Ancaq yenə də qanunvericiliyə əlavə və dəyişikliklər edilməlidir




Rusiya prezidenti Vladimir Putinin keçmiş SSRİ məkanında yaşayan "rusdilli əhaliyə pasportların verilməsi qaydalarını” sadələşdirmək istəməsi keçmiş sovet respublikalarında narahatlıq yaradıb. Azərbaycan ictimaiyyətinin də ciddi reaksiyasına səbəb olan bu qərar cəmiyyət nümayəndələri tərəfindən Kremlin işğalçılıq siyasətinin bir parçası kimi dəyərləndirilir.

Ekspertlərin sözlərinə görə, məlum qərardan sonra postsovet ölkələrindəki ruspərəst qüvvələr Rusiya vətəndaşlığını qəbul edəcək. Gündəmin müzakirəsində olan həmin qanunun qəbulundan sonra keçmiş SSRİ məkanında, eləcə də Azərbaycanda yaşayan rusların və rusdilli əhalinin pasport almağa nə dərəcədə maraqlı olacağı isə maraqla izlənilir. Bəzi millət vəkilləri isə hesab edir ki, rus vətəndaşlığı almaq üçün müraciət edən azərbaycanlılar dərhal ölkə vətəndaşlığından çıxarılmalıdır. Çünki bu adamların ikili vətəndaşlığı qanun və cəmiyyət tərəfindən qəbul olunmur.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hesab edir ki, ölkə daxilində Rusiya vətəndaşlığının yayılması daha geniş formatda "5-ci kolon” yaratmağa xidmət edir: "Bunun qarşısını almaq olduqca sadədir. Sadəcə, müəyyən prosedur həyata keçirilməlidir. Azərbaycan qanunvericiliyinə əsasən ikili vətəndaşlıq qadağandır. Deməli, xarici ölkələrin vətəndaşlığını qəbul edərək vətəndaşlıq haqqında qanunvericiliyi pozan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. İstənilən xarici ölkə vətəndaşlığını qəbul edən şəxslərin Azərbaycan vətəndaşlığının avtomatik ləğv edilməsi haqqında müvafiq qanunverici aktlar qəbul edilməlidir. Bundan sonra, həmin şəxslər də daxil, Azərbaycan vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qalmasını və yaşamasını tənzimləyən qanunvericiliyə əlavə və düzəlişlər edilməlidir. Bu tədbirlər təxirə salınmadan həyata keçirilməlidir”.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, Rusiya atdığı bu addımla rus vətəndaşı olmaq istəyənlərin nə qədər çox olduğunu nümayiş etdirmək istəyir: "Məsələyə bir neçə kontekstdən yanaşmaq lazımdır. Məsələn, siyasi kontekstdən baxdıqda, Rusiyanın özündə də bu məsələyə çox həssaslıqla yanaşan və əleyhinə çıxan siyasi dairələr var. Rusiyanın bu jestinin gələcəkdə onlar üçün ciddi problemlər yarada biləcəyini düşünürlər. Amma müəyyən siyasi qurumlar var ki, onlar bunun Rusiya üçün elə də böyük təhlükə yaradacağını zənn etmirlər”. Bununla yanaşı, ekspert qeyd edir ki, Azərbaycandan Rusiyaya vətəndaşlıq əldə etmək üçün üz tutan insanların sayında kəskin artım olmayacaq: "Ən azından ona görə ki, bu niyyətdə olan insanlar bu və ya digər formada onsuz da rus vətəndaşlığı əldə ediblər. Düzdür, indi qaydaların asanlaşdırılması bir növ insanları şirnikləndirir. Ancaq indiki halda Rusiyada müxtəlif aspektlərdə gərginliklər yaşanır. Xüsusilə də, Rusiyanın qonşu dövlətlərlə bağlı həyata keçirdiyi kəskin lidersayağı siyasət və ölkə ərazisində şovinist əhval-ruhiyyənin yüksək olması insanları Rusiya vətəndaşlığı almaqdan çəkindirən amillərdir. Mən də düşünürəm ki, rus vətəndaşlığı almaq istəyənlər Azərbaycan vətəndaşlığından imtina etməlidir. Yəni özləri istəməsələr belə, buna məcbur edilməlidirlər. Amma böyük əksəriyyət var ki, rus pasportu alıblar, ancaq hələ də Azərbaycan vətəndaşlığından imtina etməyiblər. Əgər bu qanun layihəsi bizim ölkənin maraqlarına toxunarsa, o zaman adekvat addımlar atılmalıdır”.

İsmayıl