Balaca rəqqasələrin BÖYÜK dərdi...

Şadlıq saraylarında qanunlar hər gün tapdanır





Azyaşlı qızların şadlıq saraylarında rəqqasəliyi yenidən gündəmə gəlib. Millət vəkili, Milli Məclisin Elm və təhsil komissiyasının üzvü Kamilə Əliyeva azyaşlı qızların toylarda mələk obrazında rəqs etməsinin qanunsuzluğundan, bunun uşaq əməyinin istismarı olmasından danışıb. Xanım millət vəkili bildirib ki, azyaşlı uşaqların, həmçinin məktəblilərin əməyə cəlb olunması ölkə qanunvericiliyi ilə qadağandır. Amma təəssüf ki, qanunun tələbləri mütəmadi pozulur, həm də daha çox şadlıq saraylarında. Balaca qızcığazların toy mərasimlərində "mələk” donunda çıxış etməsi, bəzi hallarda isə yarıçılpaq halda göbək rəqsi oynamaları artıq neçə illərdir ki, ciddi problem olaraq

qaldırılır. Lakin bunca deyilməsinə, iradlar bildirilməsinə və ən əsası isə qanun pozuntusu olmasına baxmayaraq məsələyə əncam çəkən yoxdur.

Sanki şadlıq evlərində oynadılan qızcığazlar da, dilənçiləklə məşğul olan qaraçılardır, hansı ki, hüquq-mühafizə orqanları bu dəstələrlə mübarizənin qeyri-mümkünlüyünü etiraf edib, necə deyərlər, bacarıqsızlıqları ilə barışıblar. Təbii, bu, məsələnin görünən tərəfidir. Məşhur atalar misalında deyildiyi kimi, çobanın könlü olsa, təkədən pendir tutar!.. Qaraçı dəstələrini zərərsizləşdirmək mümkündür. Amma cəmiyyətdə belə bir fikir lap çoxdan qəti olaraq formalaşıb ki, hüquq-mühafizə orqanları bəzi hallarda qaraçı dəstələrindən haqq alır. Əks halda, bizim demək olar hər gün metro keçidlərində, küçə və parklarda, həmçinin avtobuslarda və metro vaqonlarında diləndiyini (həm də az qala zorla insanlardan pul qopardıqlarını -red.) gördüyümüz dilənçiləri tutmaq iki vur ikidir. Eyni yanaşma şadlıq saraylarında balaca qızcığazların rəqs etdirilməsinə də aiddir. Deyirsiz yəni, hüquq-mühafizə orqanı əməkdaşları, yaxud vergi müfəttişləri qohum-əqrəba, dost-tanış toyuna getmir, balaca rəqqasələri görmür?! Bu da gizli biznes deyil ki, xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirməli olasan? Görünən dağa bələdçi lazım deyil. Amma heç bir əlaqədar struktur toy biznesinin qanunlar çərçivəsində fəaliyyət göstərməsinə baş qoşmur. Nəticə etibarilə şadlıq saraylarında ölkə qanunları hər gün və dəfələrlə tapdanır. Lap gəlinin yerlə sürünən gəlinliyinin ətəkləri kimi. Yox, gəlinliklərin ətəklərini məhz onlar - bu balaca rəqqasələr öz kiçik əlləri ilə qaldırırlar ki, yerə dəyməsin, yerlə sürünməsin. Bəs tapdaq altında qalan bu qızcığazları kim qaldırmalıdır? Sözün bütün mənalarında...

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cəmiyyətin aşınmasında "əvəzsiz” rol oynayan bu problemin həllinin konkret dövlət strukturlarının öhdəsinə düşdüyünü dedi:

- Burada həm insan hüquqlarının, həm uşaq hüquqlarının, həm əmək, həm də vergi qanunvericiliyinin pozulması halları var. Və bu işlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, hüquq-mühafizə və prokurorluq orqanları məşğul olmalıdır. Əmək qanunvericiliyinə görə, əməyə cəlb olunmuş şəxslə əmək müqaviləsi imzalanmalıdır. Adına əmək kitabçası açılmalıdır. Bunların hansı birinə şadlıq evi müdiriyyəti tərəfindən əməl edilir? Bu uşaqlarla əmək müqaviləsi bağlanmır. Bu da birbaşa qanun pozuntusudur. Onların "könüllü” rəqs etdiyi iddia olunur. Amma buna görə onlara zəhməthaqqı verilir. Deməli, ikinci bir qanunsuzluq - vergidən yayınma halı da baş verir. Əmək müqaviləsi yoxdursa, bu qızlar şadlıq sarayının işçiləri hesab edilmirlərsə, onlara sənədsiz-sübutsuz əməkhaqqı verilir. Bu artıq gizli qazancdır və vergidən yayınmadır. Başqa bir məsələ, bu qızların həqiqətən də könüllü şəkildə rəqs edib-etməməsidir. Yetkinlik yaşına çatmamış uşağın "mən könüllü rəqs edirəm” sözləri nə dərəcədə inandırıcı görünə bilər? Lap həqiqət olsa belə, burada konkret qanun pozuntusu halları var. Uşaq könüllü şəkildə rəqs dərnəklərinə qatılar, bayramlarda, kütləvi mərasimlərdə, tədbirlərdə ortaya düşüb rəqs edər. 5-6 uşağın xüsusi şəkildə geyindirilib şadlıq sarayına gətirilməsi və bəylə-gəlinin qarşısında oynamasına könüllü donu geyindirmək mümkün deyil. Bəllidir, burada maddi qazanc güdülür və bundan şadlıq sarayının müdiriyyəti, qızların rəqs müəllimi və təbii ki, valideynlər faydalanır. Hesab edirəm ki, bu məsələdə ilk növbədə valideynlər məsuliyyətə cəlb edilməlidir. Uşaqlar təkcə valideynlərinə məxsus deyil, dövlətin və cəmiyyətin uşaqlarıdır. Uşağını oriyental rəqs üçün şadlıq sarayına aparan valideyndən biz nə gözləyə bilərik?

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov "Şərq”ə açıqlamasında uşaqların əməyə cəlb edilməsində qəbahət görmədiyini dedi:

- 15 yaşına qədər uşaqların əmək müqaviləsi olmadan işləmək hüququ var. Xaricdə 12-13 yaşlı uşaqlar da çalışır. Yay aylarında, dərslər tətil olanda restoranlarda, kafelərdə, başqa hansısa iş yerlərində mövsümi işlər tapıb işləyirlər, pul qazanırlar. Burda pis nə var? Sahibkar uşaqla əmək müqaviləsi bağlayır, bağlamır, bu, artıq ayrı söhbətdir. Şadlıq evlərinin müdiriyyəti rəqqasələrlə müqavilə bağlamır, çünki bunun üçün gərək əmək kitabçası açsın, pensiya fonduna pul ödəsin, vergi ödəsin... Bunların heç biri olmasın deyə, uşaqları müqaviləsiz işlədirlər. Bu məsələlərlə daha çox Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi məşğul olmalıdır. Nazirliyin nəzdində azyaşlı uşaqların

əməyinə nəzarət edən qurum olmalıdır. Biz hər şeyə qadağa qoymağı sevirik. Amma qadağalarla iş bitmir. Uşaq işləmək istəyirsə, qoy işləsin. Öz əməyindən bəhrələnsin. Uşağın əməyə cəlb olunması pis deyil. Ancaq bunu qanuniləşdirmək lazımdır.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva isə şadlıq evlərində azyaşlı qızlardan rəqqasə kimi istifadə edilməsini insan alveri predmeti adlandırdı:

- Beynəlxalq Əmək Təşkilatı uşaqların əməklə məşğul olmasına icazə verir. Amma uşaqların yaşı və iş şəraiti nəzərə alınmaqla. 12-14 yaşında uşaqlar yalnız həftədə bir neçə gün və 1-2 saat çalışa bilər. 15 yaşdan sonra isə uşaqlara həftədə 24 saat olmaqla işləməyə icazə verilir. Bu şərtlər daxilində ki, qız uşaqları 10 kiloqramdan artıq (oğlanlara 15 kq. icazə var) yük götürməməli, kimyəvi maddələr olan müəssisələrdə, tunellərdə, yer altında, hündürlükdə işləməməlidirlər. Uşaqlar bədii sənətlə məşğul ola bilər. Amma hansı halda? Yaşına uyğun gələn bir şəraitdə. İndi soruşuram, azyaşlı qızların axşam saat 6-dan sonra şadlıq evində rəqs etməsi, sizcə, normal haldırmı? Söhbət uşaqlardan gedirsə, uşaq axşam saat 6-dan sonra işləməməlidir, bu, birbaşa cinayətdir. Bizim şadlıq evlərində toy mərasimləri nəinki saat 6-da, saat 19:00, 19:30-dan sonra başlayır, uşaq rəqqasələr də bəzən gecə saatlarınadək şadlıq sarayında qalırlar. Uşaqların demək olar ki, hamısı valideynləri tərəfindən bu işə cəlb edilir. Faktiki məcbur edilirlər. Bu da uşaq əməyinin istismarı, hətta birbaşa insan alveridir. Mənim dəqiq bildiyim faktlar var ki, müəyyən kollektivlərdə çalışan valideynlər uşaqlarını kollektivin içinə gətirirlər və bundan qazanc əldə edirlər. Eləcə də o uşaqların rəqs müəllimləri, uşaqlardan sui-istifadə edir. Uşaqlara cüzi məbləğ verirlər, yerdə qalanını müəllim və şadlıq evinin administratoru mənimsəyir. Mən dəfələrlə toy mərasimlərində məhz bu halı görüb dava salmışam. Çünki o uşaqların fevral ayının soyuğunda nazik, tül rəqqasə geyimlərində pilləkənlərin başında dayanıb necə tir-tir titrədiyini görmüşəm. Yazıq deyilmi, bu körpələrə? Onların anaları necə anadır ki, uşaqlarına bunu rəva görürlər? Uşağın sağlamlığına da bu ziyandır. Uşaq qanunun icazə verdiyi şərtlər daxilində işləyə bilər. Məsələn, oğlum 13 yaşında olanda Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdu və ona rol verilmişdi. O zaman mənim iştirakımla oğlumla teatr arasında müqavilə bağlandı və oğluma maaş yazıldı. Düzdü, az məbləğ idi, amma bu da onun zəhmət haqqısı idi. Və biz bilirdik ki, qanunsuz bir iş görməmişik. İncəsənətin digər növləri üzrə də uşaqlar əməklə məşğul ola bilər. Amma yenə təkrar edirəm, iş saatı və şəraiti nəzərə alınmaqla.

K.Ağayeva bildirdi ki, azyaşlı uşaqların məcburi əməyə sərf edilməsi problemini dəfələrlə gündəmə gətiriblər. Təəssüf ki, deyilənlər söz olaraq qalıb. Problemin qarşısını almaq məsuliyyəti daşıyan qurumların heç biri indiyədək konkret addımlar atmayıb:

- Xanım millət vəkilinin fikirlərinə hörmətlə yanaşıram. Dedikləri də tamamilə düzdür. Amma qanunları qəbul edən məhz millət vəkilləridir. Hazırda valideyn məsuliyyətsizliyi haqqında qanunun qəbuluna ehtiyac var. Bəlkə bu qanun qəbul olunarsa, valideynlər bəzi çirkin əməllərindən çəkinər. Uşaqlar təkcə şadlıq evlərində istismar olunmur. Gübrə verilmiş plantasiyalarda, əkin sahələrində, fermer təsərrüfatlarında istismar olunan uşaqlarımız var. Bəli, bu uşaqlar təhsildən yayındırılır. Bəs hara baxır Təhsil Nazirliyi, Ailə, Qadın, Uşaq Problemləri uzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək Müfəttişliyi. Bu qurumların hər birinin istənilən sahədə, eləcə də şadlıq saraylarında monitorinq, təftiş aparmaq hüququ var. Azərbaycanda İnsan Alveri ilə Mübarizə üzrə Milli Fəaliyyət Proqramı qəbul olunub. İnsan alverinə qarşı mübarizənin artıq 3-cü fazasına keçilib. Milli Fəaliyyət Proqramında hansı qurumun üzərinə hansı öhdəliklər düşdüyü aydın göstərilib. Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Biz QHT olaraq işimizi görürük, faktları aşkar edib deyirik. Ölçü götürmək, qanun pozucularını məsuliyyətə cəlb etməksə hüquq-mühafizə orqanlarının və əlaqədar qurumların işidir.

Məlahət Rzayeva