Ağaclar nə vaxt kəsilə bilər?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son günlərin aktual mövzusuna aydınlıq gətirib



Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ağacların qanunsuz qırılması və çıxarılması hallarını kəskin tənqid edib. Prezident qeyd edib ki, nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər.

Prezidentin bu sərt tənqidindən sonra son günlər üçün aktual olan ağac kəsilməsi ilə bağlı vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladıq. İ.İbrahimova prezidentin tənqidindən sonra ağac kəsilməsi ilə bağlı şikayət və müraciətlərin sayının azaldığını deyib: "13 aprel 2014-cü il tarixində Nazirlər Kabinetinin iclasında prezidentin ağacların qanunsuz kəsilməsi ilə bağlı son xəbərdarlığından sonra bizə, o cümlədən nazirliyin "qaynar xətt”inə gün ərzində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayətlərin və müraciətlərin sayı azalıb. Apardığımız analiz və təhlillərin nəticələrinə görə, əvvəlki şikayətlərin sayı ilə müqayisədə son günlər ağacların qanunsuz kəsilməsində xeyli azalma müşahidə olunur”. Qeyd edək ki, ETSN sözçüsü nazirliyə daxil olan müraciətlərə baxılması proseduru ilə bağlı əsas məqamları da vurğulayıb: "Qanuna müvafiq olaraq ekoloji rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət layihələndirmə prosesində edilməlidir. Tutaq ki, hansısa bir ərazidə bina tikmək istəyən hüquqi və ya fiziki şəxs layihə hazırlayarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir. Nazirliyin mütəxəssisləri də əraziyə baxmalı, əgər həmin yerdə tikili altına düşəcək ağac və ya yaşıllıq varsa, tikilinin səmtinin, yerinin və yaxud da tikiləcək binanın formasının dəyişdirilməsi barədə rəy verməlidirlər. Yəni tikilinin hazırlanacaq layihəsinin bu şərtlərə uyğunlaşdırılması barədə icrası məcburi olan konkret rəy yazılmalıdır. Əksər hallarda layihələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməzdən əvvəl hazırlanır, yəni vaxtında müraciət edilmir. Sonradan da məlum olur ki, artıq tikilinin altına 3-5 ağac düşüb. Əgər vaxtında, yəni layihələndirmə prosesində müraciət olunsaydı, həmin ağacların kəsilməsi zərurəti yaranmazdı. Son günlər dövlət əhəmiyyətli obyektlərin tikintisi ilə bağlı müraciətlərin sayı artıb. Nazirliyin mütəxəssisləri məsələyə bu mövqedən yanaşırlar ki, müraciətlər layihələndirmə prosesində edilsin. Ona görə də mütəxəssislər edilən müraciətlərə daha dəqiq və hərtərəfli baxmaq məcburiyyətindədirlər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, əgər tikili altına düşən ağac varsa, layihə dəyişdirilməsi üçün geri qaytarılır. Yox, əgər yer ciddi dövlət əhəmiyyətlidirsə, yəni yolun genişləndirilməsi, çəkilməsi və sairə ilə əlaqəlidirsə, o zaman dəyişdirilməsi mümkün olmaya bilər. Amma belə hallarda da icraçı qarşısında qanunvericiliyə uyğun qaydada müəyyən şərtlər və tələblər qoyulur”.

Şəymən