Ukrayna silaha sarıldı

Antiterror əməliyyatları dayandırılmayıb, böyük müharibə yaxınlaşır



Bu gün dünyanın diqqəti Ukraynadadır. Rusiyanın Krımı işğalından sonra ölkə ilə bağlı vəziyyət daha kritik mərhələyə qədəm qoyub. Krımı itirən Ukrayna hazırda ölkənin şərqini də itirmək təhlükəsi ilə üz-üzədir. Slavyansk şəhərində srağagün başlayan atışmalar, Ukraynanın müvəqqəti hökumətini hərəkətə gətirib. Antiterror əməliyyatlarının keçirildiyini bildirən rəsmi Kiyev, bu əməliyyatların dayandırılması xəbərlərini təkzib edib.

"Slavyanskda antiterror əməliyyatının dayandırılması haqqında məlumatlar əsassızdır”. Bunu öz "Facebook” səhifəsində Ukrayna daxili işlər naziri Arsen Avakov yazıb. Əməliyyatın davam etdiyini bildirən Avakov terrorçuları hər an təhlükə gözlədiyini deyib: "Dinc sakinlər isə heç nədən qorxmasın. Antiterror əməliyyatının əsas prinsiplərindən biri dinc əhali üçün riskləri minimuma endirməkdir. Biz yalnız silahlı terrorçulara qarşı güc tətbiq edirik”. Nazir həmçinin qeyd edib ki, antiterror əməliyyatına siyasi partiyalar, ictimai təşkilatlar və birliklər cəlb edilməyib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin müavini Viktoriya Sümar isə bildirib ki, Ukraynanın şərqindəki xüsusi əməliyyat bir neçə mərhələdə həyata keçiriləcək. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xüsusi əməliyyat davam etdiriləcək: "Əməliyyat bir neçə mərhələdə həyata keçiriləcək. Biz onları açıqlaya bilmərik. Bugünkü əməliyyat bu mərhələlərdən biri olub. Bu mərhələdə qarşıya qoyulan vəzifə həll olunub”.

"Rusiya artilleriya, "Qrad” qurğuları və təxminən

200 tankdan istifadə edib”

Donetsk vilayətinin Kramatorsk şəhərindəki hava limanında isə dünən Mi-8 helikopteri partlayıb. Bunu ukraynalı tanınmış hərbi ekspert Dmitri Tımçuk açıqlayıb. D.Tımçuk bildirib ki, helikopter işə salındığı zaman naməlum şəxslər tərəfindən atəşə tutulub və partlayaraq yanmağa başlayıb. Hadisə zamanı zərərçəkən olmayıb. Ekipajın komandiri vaxtında helikopterdən çıxa bilib. Kramatorsk şəhəri silahlı separatçıların fəal olduğu zonalardan biridir. "Ukrayna ilə sərhəddə keçirilən hərbi təlimlər zamanı Rusiya artilleriya, "Qrad” qurğuları və təxminən 200 tankdan istifadə edib”. Bu sözləri isə Ukraynanın BMT-dəki səfiri Yuri Sergeyev "Amerikanın Səsi”nə müsahibəsində deyib: "Ölkənin cənub-şərqində biz böyük artilleriya birləşməsi qeydə almışıq ki, bu da təxminən 200 tank, "Qrad” atıcıları və xeyli sayda şəxsi heyətdir. Rusiya Abxaziya və Krımda hakimiyyəti ələ keçirən kiçik separatçı qrupları dəstəklədiyi kimi, hazırkı təcavüzünə də legitimlik donu geyindirməyə çalışır”.

Kerri: "Bu, Rusiyaya baha başa gələcək”

Bu arada dünya gücləri Ukrayna ilə bağlı məsələdə bir-birinə qarşı ittihamlar yağdırmaqdadırlar. Konkret olaraq ABŞ və Rusiya arasında söz davası aparılır. Bunu isə bir sıra analitiklər "soyuq müharibə”nin startı kimi dəyərləndirirlər.

Məsələn, dünən ABŞ dövlət katibi Con Kerri Cenevrə razılaşmalarını yerinə yetirməyən Rusiyanı sərt ifadələrlə tənqid edib.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, C.Kerri bildirib ki, böhranı yalnız bir tərəfin addımları ilə həll etmək mümkün deyil: "Yeddi gün ərzində Rusiya düzgün istiqamətdə heç bir addım atmayıb. Rusiya hakimiyyətinin bir nümayəndəsi belə, separatçıları Cenevrə razılaşmalarına əməl etməyə, silahı yerə qoymağa və binaları azad etməyə çağırmayıb”. Dövlət katibi Ukrayna tərəfinin ilk gündən Cenevrə razılaşmalarını necə yerinə yetirmək üzərində çalışdığını söyləyərək bəyan edib ki, Rusiya Ukraynanın şərqində separatçı hərəkatları maliyyələşdirməyə və onların fəaliyyətini əlaqələndirməyə davam edir. Kerri ATƏT müşahidəçilərinə istinadən deyib ki, Rusiya vəziyyəti gərginləşdirənə qədər bölgədə genişmiqyaslı zorakılıq müşahidə olunmayıb. O, Rusiyanı Ukraynadakı demokratik prosesə qarşı sabotaj cəhdində ittiham edib: "Əgər Rusiya eyni istiqamətdə fəaliyyətə davam edərsə, bu, nəinki ciddi, həm də ona baha başa gələcək səhv olacaq. Kursun dəyişməsi üçün pəncərə qapanmaqdadır. Rusiya əvvəlki yolunu davam etdirsə, ABŞ və Avropa Moskvanın böyük əvəz ödəməsi üçün hər şeyi edəcək. Biz hərəkətə keçməyə hazırıq”.

Lavrov: "Əgər bizə hücum etsələr, əlbəttə ki, özümüzü qoruyacağıq”

Kerrinin bu açıqlamasına isə rəsmi Moskvanın cavabı gecikməyib. Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarının sözlərinə qarşılıq bildirib ki, "Əgər bizə hücum etsələr, əlbəttə ki, özümüzü qoruyacağıq”. Onun sözlərinə görə, Ukraynadakı Rusiya vətəndaşlarına qarşı güc tətbiqi Rusiyaya hücum sayılacaq. Belə halda Ukraynaya qoşun yeridilməsinin beynəlxalq hüquqa uyğun olacağını deyən Rusiya XİN başçısı 2008-ci ilin yayında Cənubi Osetiyada baş verənləri xatırladıb. S.Lavrov hazırda Rusiya qoşunlarının ölkə ərazisində olduğunu söyləyib: "Həmin qoşunlar beynəlxalq hüquqa zidd heç nə etmirlər. Onlar Ukrayna sərhədindən bir az aralıda təlimdə iştirak edirlər”. Nazir Rusiya qoşunlarının Ukrayna ərazisində olmaları ilə bağlı yayılan məlumatları təkzib edib: "Müşahidəçilər həmin regiondadırlar. Onların sübutu yoxdur. Rusiyaya qarşı yeganə sübut Ukraynada rus silahlarından istifadə edilməsidir. Halbuki Ukrayna ərazisində hər kəs Rusiya istehsalı silahdan istifadə edir. Ona görə də belə arqumentlər inandırıcı deyil”.

"Əgər hərbi əməliyyatlar başlasa, Rusiya Ukraynanı tamamilə parçalaya bilər”

Urkaynadakı gərginliyi şərh edən politoloq Zəfər Quliyev "Şərq”ə deyib ki, Rusiya neçə illərdir ki, Ukrayna dövlətçiliyinə zərbə vurmaq planları üzərində işləyib. Analitik hesab edir ki, Viktor Yanukoviçin hakimiyyəti dönəmində Rusiya Ukraynada bütün planlarını çətinlik çəkmədən həyata keçirirdi: "Bu gün Rusiya təhlükəsi sadəcə Ukraynanın şərq vilayətlərində deyil, Kiyevə də var. Ukraynada "5-kolon” adlandırılan rusiyapərəst qüvvə mövcuddur ki, bu qüvvə ölkənin hər tərəfində fəaldır. Bu gün Ukrayna ordusunda, eləcə də digər güc strukturlarında Rusiyanın geniş agenturası fəaliyyət göstərir. Ona görə də Ukraynanın müvəqqəti hökumətinin bütün addımlarına qarşı Rusiya qabaqlayıcı addımlar atır”. Z.Quliyev qeyd edib ki, Ukraynanın strateji xətti əvvəlcədən də məlum idi: "Moskva Yanukoviçin iqtidarda daimi qalmayacağını, Ukrayna cəmiyyətinin Avropaya inteqrasiya edəcəyini anlayırdı. Ona görə də proseslərə çox ciddi hazırlaşdı. Krım məsələsi ortaya çıxanda, yəni Moskva Ukraynanın ərazi bütövlüyünə konkret təhlükəyə çevriləndə aydın oldu ki, Ukrayna dövlətçiliyinin potensialı çox zəifdir. Üstəlik, yeni hakimiyyətə gələn qüvvələr təcrübəsizdir, resursları yoxdur. Bu səbəbdən əldə olan resursları belə səfərbər edib Moskvaya zamanında cavab vermək mümkün olmadı. Bundan istifadə edən Kreml qısa zaman kəsiyində təşəbbüsü ələ ala bildi, Krım məsələsini öz istədiyi kimi tez həll elədi, indi də faktiki olaraq şərq, cənub-şərq regionlarında analoji addımları atmaqdadır”.

Siyasi təhlilçinin sözlərinə görə, bu gün baş verənlər Krım variantına bənzəyir: "Amma onu da deyim ki, Ukrayna hakimiyyəti də qüvvələrini az da olsa, səfərbər edə bilib. Son günlərin antiterror əməliyyatları bundan xəbər verir. Durumu şahmatdakı "tsun-svanq” vəziyyətinə bənzətmək olar. Bu vəziyyətdə yaxşı gediş olmur, bütün gedişlər vəziyyəti yalnız pisləşdirir. Ukrayna hakimiyyəti indi təxminən belə vəziyyətdədir. Güc tətbiq etmək qaçılmaz görünür. Çünki region faktiki əldən edir. Digər tərəfdən isə, güc tətbiq edən kimi Moskvanın 50 minlik qoşunu sərhəddə hərəkətə gəlir. Ona görə də faktiki olaraq Ukrayna incə manevrlər aparır - bir tərəfdən gücü nümayiş etdirir, digər tərəfdən də açıq güc nümayiş etdirmir. Qərbin də bu məsələdə rolu var. Qərb açıq şəkildə qan tökülməsinə qarşı çıxır. Qərbin siyasi liderləri dəfələrlə xəbərdar ediblər ki, Rusiya hakimiyyətini artıq proqnozlaşdırmaq mümkün deyil. Onu deyə bilərəm ki, müharibə qoxusu var. Əgər hərbi əməliyyatlar başlasa, Rusiya Ukraynanı tamamilə parçalaya bilər”.

Anar Bayramoğlu