“Qəlbimin güllərini göndərin doğma yurda”

Ömrünün böyük hissəsini mühacirətdə keçirən Hüseyn Baykara azərbaycanşünaslığa böyük xidmət göstərdi




Azərbaycan türkçülüyü ideyasını, milli azərbaycançılığı türk ideoloqları Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadədən sonra, Azərbaycan-türk ictimai-siyasi və mədəni-fəlsəfi irsində yaşadan, bu mənada Azərbaycanın istiqlal davası tarixində mühüm yer tutan mühacir aydınlarımızdan biri də Hüseyn Baykaradır. Qeyd edək ki, Qara Hüseynov (Hüseyn Baykara) 1904-cü ildə Şuşada anadan olub. BDU-nun tarix fakültəsində oxuyanda (1927) Qara Hüseynovun tələbələr qarşısında tez-tez Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çıxış etməsi bolşeviklərin xoşuna gəlməmiş və o, təqiblərə məruz qalmışdı.

1927-ci ildə əvvəlcə İrana, sonra isə Türkiyəyə gedən Q.Hüseynov İstanbul Universitetinin hüquq fakültəsinə daxil olub, universiteti bitirdikdən sonra Elaziq şəhərində hakim işləyib. O hüquqşünaslıqla yanaşı, ədəbi fəaliyyətini də dayandırmayıb. Onun "Azərbaycan istiqlalının 50 illiyi dolayısı ilə”, "Azərbaycanda erməni basqını və Naxçıvan məsələsi”, "Azərbaycan istiqlal mücadiləsinin iqtisadi təməli” və sair yazıları vətən sevgisi, vətənpərvərlik ruhu ilə doludur. Azərbaycanın sevinci onun sevinci, kədəri onun kədəri olub.

H.Baykaranın "Azəri-Türk”, "Odlu Yurd” kimi bir çox qəzet-jurnallarda Azərbaycan xalqının mədəniyyəti, ədəbiyyatı və onun ziyalıları ilə bağlı elmi-publisistik məqalələri dərc edilib. Azərbaycanın milli azadlıq hərəkatına xüsusi yer verən H.Baykara yazırdı ki, ona aid "Azərbaycan mədəniyyəti tarixi” ilə "Azərbaycan istiqlal mübarizəsi tarixi” kitabları Azərbaycanın azadlıq mübarizəsinin əlifbasıdır. Sonuncu kitabında Azərbaycanın istiqlal savaşı tarixi ilə yanaşı, H.Baykara milli azadlıq hərəkatının siyasi-ideoloji, siyasi-fəlsəfi mahiyyətini də göstərməyə çalışıb. M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə və başqa Azərbaycan-türk mütəfəkkirləri kimi H.Baykara da əmindir ki, Azərbaycan milli azadlıq hərəkatının ilk rüşeymləri XIX əsrin ilk "millətçiləri”, yəni A.A.Bakıxanov, M.F.Axundzadə, H.Zərdabi və başqaları tərəfindən ortaya atılıb. H.Baykaranın fikrinə görə, Mirzə Fətəli və H.Zərdabinin o dövrdəki yazılarında, mübarizələrində Azərbaycan üçün istədikləri bunlardır: "Azad siyasi bir həyat, xalq demokratiyası, məhsul vasitələrinin inkişaf etdirilməsi, təbii sərvətlərdən xalqın rifahı üçün geniş surətdə fayda təmin edilməsi... Bütün bu nemətlərin xalq üçün əldə edilməsi tezisinin başında, onların ən öndə gələn ideoloji arzuları "feodal monarxiya” rejimini zorla devirmək istəyi vardır. Bu iş yerinə yetirilmədən o biri işlərin həyata keçməyəcəyini daha çox Mirzə Fətəli başa düşüb və anlayıb”. Beləliklə, H.Baykaraya görə, "millət” anlamını ilk dəfə M.F.Axundzadə işlədib, Azərbaycanda ilk millətçilik ruhunu H.Zərdabi "Əkinçi”də, Ünsizadə qardaşları isə "Kəşkül” və "Ziya” qəzetlərində aşılayıb. Azərbaycan xalqının milli şüurundakı inkişafı göstərmək məqsədi ilə o qeyd edirdi ki, Azərbaycan ziyalıları XIX əsrin birinci yarısında daha çox fars dilində əsərlər yazdığı halda, həmin əsrin ikinci yarısında vətənpərvərlik duyğularının və millətçiliyin qüvvətlənməsi nəticəsində elmi-ədəbi əsərlərini, artıq Azərbaycan türk dilində qələmə alıb. 1890-cı illərdə çar Rusiyasının Azərbaycan türklərinin türk dilində qəzet nəşrinə qadağa qoymasına baxmayaraq, artıq azəri türk cəmiyyəti bir millət olaraq meydana çıxma şüuruna çatıb. H.Baykara yazıb: "Çünki miladdan öncə minillərə varan dövrdən bəri ata və babalarının yaşadıqları bir torpaq parçası - "Vətən” vardı, bu torpaqda yaşayan və zamanın axarı ilə inkişaf edən bir Azəri türk cəmiyyəti vardı. Üçüncü ünsür, bu cəmiyyətin haqqını, iradəsini, varlığını, malını, canını qoruyan, kültür və mədəniyyətini yaradan ziyalı liderləri idi. Onların rəhbərliyi altında tarixin səhnəsinə çıxmaq və üzərlərinə düşən "millət” rolunu oynamaq lazım gələcəkdi. Beləliklə, sözdə deyil, işdə azadlıq uğrunda mübarizə aparmaq lazım gəlirdi”. Bununla da, XX əsrin əvvəllərində etnik birliyə malik Azərbaycan xalqı, coğrafi sərhədlərə malik Azərbaycan ölkəsi və xalq, o cümlədən ziyalılar arasında müstəqilliyə, azadlığa qovuşmaq şüuru olduğu halda, yalnız siyasi hakimiyyət və azadlıq yox idi. H.Baykara qeyd edirdi ki, siyasi hakimiyyət və azadlıq uğrunda mübarizədə, 20-ci əsrin əvvəllərində Azərbaycan-türk ziyalıları əsasən, üç: 1) islamçılıq və türkçülük (Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b.); 2) liberal-demokratik (Ə.Topçubaşov və b.); 3) və sosial-demokratik (M.Ə.Rəsulzadə və b.) cəbhədə təmsil olunublar. O, ilk iki cərəyanı milli müxalifət adlandıraraq hesab edirdi ki, sonralar (1910-cu illərdə) sosial-demokratlardan bir çoxu, o cümlədən M.Ə.Rəsulzadə də milli-demokratik cəbhəyə keçib. Onun fikrincə, həmin dövrdə "panislamist” Ə.Ağaoğlu geniş və dərin, nəzəri şəkildə "islam millətçiliyi”ni, "pantürkist” Ə.Hüseynzadə osmanlı türkçülüyünü təbliğ etdiyi zaman, "liberalist” Ə.Topçubaşov "Rusiya müsəlmanlarının birliyi” devizi altında, daha çox Azərbaycan türk xalqının milli-mədəni muxtariyyəti üçün çalışıb. O yazır: "Ə.Topçubaşovda Ə.Ağayevin geniş və dərin teosentrik panislamizmi yox idi. Sanki o, belə bir ideyanın müvəffəqiyyətlə başa çatmayacağını qabaqcadan hiss etmiş və anlamışdı. Bu məqsədlə o, 1905-ci il inqilabının gətirdiyi azadlıq nemətlərindən Azərbaycan xalqı üçün əlindən gələn qədər daha çox pay qoparmaq istəyirdi”. H.Baykaranın fikrincə, bu baxımdan Ə.Topçubaşov Ə.Ağaoğlu və Ə.Hüseynzadədən fərqli olaraq, islamçılıq və türkçülük kimi "utopik axınların heç birində iştirak etməyib. Dərin biliklə hüquqşünas və siyasətçi olan Əlimərdan bəy həyatı boyu realist və uzaqgörən bir şəxs kimi tanınıb. "Rusiya Müsəlmanları İttifaqı” türklərin tarixində ilk dəfə birlik fikrini irəli sürüb”. Fikrimizcə, burada H.Baykaranın qeyd etməsi ki, Ə.Topçubaşov ümumiyyətlə, islamçılıq və türkçülük axınlarında iştirak etməyib, doğru deyildir. Sadəcə, Topçubaşov Ağaoğlu və Hüseynzadə ilə müqayisədə daha çox realist mövqedən çıxış edərək, milli ideyanı mücərrəd və ümumi mahiyyət daşıyan nə "islam birliyi”, nə də "Osmanlı türkçülüyü” olaraq qəbul etməmiş, onu daha çox Rusiyanın əsarəti altında olan türk xalqlarının azadlıq hərəkatında və bu hərəkatın əldə edəcəyi milli-mədəni muxtariyyətlər çərçivəsində görmüşdür. Bu isə daha çox, liberal-demokratizmə əsaslanan milli baxış idi. Beləliklə, H.Baykara belə bir doğru qənaətə gəlir ki, ümumilikdə 20-ci əsrin əvvəllərində milli ideologiya baxımından mübahisələr "avropalaşmaq, türkləşmək və islamlaşmaq” ətrafında gedib və bu mübahisələrin ətrafında Azərbaycan türklərinin milli azadlıq hərəkatı dayanıb. H.Baykaranın fikrincə, Qafqaz müsəlmanlarını "ümmətçilik”dən "millətçiliy”ə yönəldən, onları "türkçülük-millətçilik”, "Azərbaycan” ideyası ətrafında birləşdirən və "Açıq söz” qəzetində bunu təbliğ edən "Müsavat”ın lideri M.Ə.Rəsulzadə olub. O qeyd edir ki, ilk dövrlərdə sosial-demokratlarla eyni cəbhədə çalışan M.Ə.Rəsulzadə 1911-1913-cü illərdə Ş.C.Əfqaninin yazılarının təsiri altında türkçülük hərəkatına qoşularaq Azərbaycanda bu ideyanın əsas ideoloqu olub: "M.Ə.Rəsulzadənin Azərbaycan istiqlalının elanında və Azərbaycan dövlətinin yaradılmasında xidmətləri əvəzsizdir”. H.Baykara yazır ki, "Müsavat” və bitərəf demokratik qrup öncə milli ərazi və milli muxtariyyət tərəfdarı olsalar da, 1-ci və 2-ci rus inqilablarının gedişi, Qafqaz hadisələri onları özlərinin öncədən "uzaq məqsəd” olaraq planlaşdırdıqları Azərbaycan istiqlalı yoluna sürükləyib: "Azərbaycan istiqlal mübarizəsi tarixində "Azərbaycan istiqlalına” nə rast gəlinib, nə də baş verən siyasi hadisə olub. Azərbaycan xalqının ruhundan doğan bu istiqlal hadisəsi tarixin axarı içində öz yerini tapıb”. H.Baykaraya görə, siyasi türkçülərlə yanaşı, Azərbaycanın milli azadlıq hərəkatında romantizm (H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiq və b.) və realist (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, F.B.Köçərli və b.) ədəbi məktəbin nümayəndələri də mühüm rol oynayıblar: "Azərbaycan türklərinin milli azadlıq, mütərəqqi mədəniyyət mücadiləsində bu romantik ədib və şairlər xalqın arzularını, ideyalarını və bu ideyaları gerçəkləşdirmək, həyata keçirmək üçün səy edən, hətta həyatlarını qurban verən millət qəhrəmanlarını bədii əsərlərində dilə gətirib, xalqı ruhlandıraraq onlara milli azadlıq mübarizələrini həyata keçirmək üçün rəhbərlik etdilər. Azərbaycanda romantizm cərəyanı ilə yanaşı, çox qüvvəli, realist və Azərbaycan xalqının coğrafi çevrəsindən xarici aləmə köçmək həvəsi göstərmədən, öz kökü üzərində tarixi keçmişi və ənənələrilə qaynaşaraq öz milli azadlıq və mütərəqqi mədəniyyət məsələlərini həll etməkdə böyük səy göstərən, düha dərəcəsində enerji və qabiliyyətə sahib ədib, şair və yazarların təmsil etdikləri realist ədəbi məktəbi vardı”. H.Baykara onu da doğru qeyd edir ki, ancaq milli romantizmin nümayəndələri Azərbaycan türklərinin təkcə mütərəqqi elmə yiyələnməsi və onu mənimsəməsi ilə kifayətlənməyiblər: "Azərbaycan türklərinin hüquqlarına, hürriyyət və istiqlaliyyətlərinə qovuşması üçün mücadiləyə də səsləyiblər”. Başqa sözlə, onlar Azərbaycan türklərinin milli azadlıq, mütərəqqi mədəniyyət mücadiləsində xalqın arzularını, ideyalarını və bu ideyaları gerçəkləşdirməyə çalışan millət qəhrəmanlarını tərənnüm ediblər. Bu baxımdan H.Baykaranın realistlər və romantiklər arasında apardığı müqayisə də maraqlıdır: "Romantiklər cəmiyyətin yaralarını sağaltmağa çalışırdılar. Realistlər isə cəmiyyətin yarasına doğrudan-doğruya neştəri batırır və axan irini təmizləyərək cəmiyyətin yaralarını sağaltmağa çalışırdılar”. Bununla da, H.Baykara bir sıra əsərlərində sübut etməyə çalışıb ki, milli azadlıq hərəkatı Azərbaycanın daxilində baş qaldırıb. Çünki əvvəllər də, hazırda da xalqa bəzən yanlış bir fikir təlqin edilir ki, Azərbaycana millətçilik, türkçülük və bu kimi milli ideyalar kənardan-xaricdən gətirilib. Bu, qətiyyən doğru deyil. Milli ideyaların beşiyi Azərbaycan xalqı, Azərbaycan türkləri özü olub. Bu baxımdan milli ideologiyanın başlıca qaynağı Azərbaycan türklərinə məxsus milli-mənəvi dəyərlər olub. Milli-mənəvi dəyərlərin ideyalar şəklində formalaşması isə birdən-birə baş verməyib, o, təkamül nəticəsində, tarixi şəraitə uyğun olaraq ortaya çıxmış və formalaşmışdı. H.Baykara yazır: "Azərbaycana milliyyətçilik fikrini Əhməd Ağaoğlu Fransadan, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə İstanbuldan gətirdiyi düşüncəsi yanlış və əsassızdır. Şəraitin yetişmədiyi bir zamanda kənardan heç kim, heç bir fikir gətirib toplum həyatına yerləşdirə bilməz”. Onun fikrincə, fəhlə sinfi şüurunun bolşeviklər tərəfindən Azərbaycana gətirilməsi hekayəsi də başdan-başa uydurmadır. Çünki H.Cavidin ("Şeyda”) və başqalarının əsərlərində istismar edənlərlə istismar olunanlar mövzusuna toxunub. Ancaq bu dövrdə türk işçiləri və kapitalistləri rus və ermənilərə qarşı birgə mübarizə aparıblar.

Göründüyü kimi, H.Baykara Azərbaycan türkçülüyü ideyası və onun gerçək təcəssümü olan müstəqil və milli Azərbaycan uğrunda ömrünün sonuna qədər mübarizə aparan şəhidlərimizdəndir. Bunu, onun ömrünün son illərində qələmə aldığı şeirlərindən, bayatılarından da görmək olar:

Düşmənlərimə müjdə, bən qəlbimdən xəstəyəm,

Sonsuz həsrətlərimlə bir dəvamlı yasdayam.

Bəni burada sanmayın, bən hər gün Qafqazdayam...

Siz canımı gömərsiniz, canım bu ana yurda,

Qəlbimin güllərini göndərin doğma yurda.

Sovursunlar Qafqazın o coşğun rüzgarına,

Bən umutsuz ölmədim eyimsərəm yarına...

Şəymən