5 aylıq körpənin günahı nə?

Xəzər Rayon Məhkəməsində anaya qarşı irəli sürülən ittihamlar şübhələr yaradır



Bakının Xəzər Rayon Məhkəməsində baxılan boşanma işi zamanı hakim anaya öz körpəsinə süd verməyi qadağan edib. Məlumata görə, ananın hələ subay ikən HİV-ə yoluxduğu ilə bağlı məlumatı olsa da, bunu ərindən gizlədib. Cütlüyün övladı dünyaya gələndən sonra ər arvadının HİV-ə yoluxduğunu öyrənib. Arvadının yalanını üzə çıxaran ər məhkəmədə HİV daşıyıcısı olan həyat yoldaşına qarşı boşanma iddiası qaldırıb.

Boşanma işinə baxan hakim qadının HİV-ə yoluxduğunu və körpənin də ana südündən HİV-ə yoluxa biləcəyi təhlükəsini nəzərə alaraq, qadına körpəsini əmizdirməyi qadağan edən qərardad çıxarıb. Beş aylıq olan körpə bundan sonra anasının südünü əmməkdən məhrum olacaq. Hazırda boşanma iddiası üzrə iş davam edir. Qeyd edək ki, qan testi nəticəsində ərin və körpənin HİV-ə yoluxmadığı məlum olub.

Sözügedən hadisə ilə bağlı müəyyən şübhələri olan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın sözlərinə görə, heç bir ana bilərəkdən övladını təhlükəyə atmaz:
"Deyək ki, doğrudan da bu xanım HİV daşıyıcısı olduğunu bilib və yoldaşını düşünmədən bunu ondan gizlədib. Amma hər bir qadında övladını qorumaq hissi olur axı? Adətən qadın qripə yoluxanda da dərman qəbul etməzdən əvvəl fikirləşir ki, birdən hamilə olaram və qəbul etdiyim həb uşağıma pis təsir edər. Bu mənada həmin xanımın xəstəliyindən xəbərdar olduğu halda övladına süd verməsi mənə inandırıcı gəlmədi. Hətta xəstəliyindən xəbəri olan qadının hamilə qalıb, uşaq dünyaya gətirmək istəməsi belə mümkün deyil. Hər halda, uşağın da HİV daşıyıcısı olma ehtimalını o bilməmiş olmazdı. Bəlkə də mən yanılıram, doğrudan da qadın belə bir iş tutub. Hər şey mümkündür, sadəcə, mənim şübhələrim var. Yaxşı bəs bu qadında subay vaxtından belə bir xəstəlik vardısa, necə olur ki, hamiləlik dövründə o aşkarlanmayıb. Hər halda hamiləlik dövründə bir neçə dəfə yoxlamalar aparılır. Necə olur ki, həkimlər qadının HİV daşıyıcısı olduğunu anlamayıb”. Hadisədə heç bir hüquq pozuntusu görmədiyini vurğulayan ekspertin sözlərinə görə, məhkəmənin anaya öz körpəsinə süd verməyi qadağan etməsi normaldır. Doğrudan da, HİV çox təhlükəli bir xəstəlikdir və süd vermə yolu ilə onun körpəyə keçməsi mümkündür.

M.Əzizovanın sözlərinə görə, hadisənin problemli tərəfi bəzi KİV-də həmin qadının adının açıqlanmasıdır. Bunun böyük qanun pozuntusu olduğunu vurğulayan Mərkəz rəhbərinin sözlərinə görə, bu olayda faktiki olaraq həmin xanımın hüquqları pozulub: "Adətən bu cür yolxucu xəstəlik daşıyıcılarının anonimliyi qorunmalıdır. Məhkəmələr də gizlin saxlanılmalıdır. Hətta sırf adının mediada açıqlanmasına görə, Avropa Məhkəməsini udan adamlar var. Adların çəkilməsi həm qadının, həm də uşağın hüquqlarının pozulmasıdır. Bu uşaq böyüyəndən sonra cəmiyyətdə problemlə qarşılaşacaq. Sağlam olsa belə, həmin uşağı barmaqla göstərəcəklər ki, anası HİV daşıyıcısı olub. Bizim cəmiyyət HİV xəstəliyindən həddindən artıq qorxur və bu xəstəlik daşıyıcılarını diskriminasiyaya məruz qoyurlar”.

HİV daşıyıcılarının özlərini gizlətməməsi və qarşısını almaq üçün vaxtında aidiyyəti təşkilatlara müraciət etmələri üçün görüləcək tədbirlərə gəldikdə isə M.Əzizova deyib ki, ilk növbədə cəmiyyətin onlara münasibəti dəyişməlidir: "İlk növbədə, bu cür yoluxucu xəstəlik daşıyıcılarına pulsuz məsləhətlər verən və müayinə edən mərkəzlərin sayı çoxaldılmalıdır, xüsusən də regionlarda. Həmçinin mərkəzlər haqqında cəmiyyətə ətraflı məlumatlar verilməlidir ki, insanlar qorxmadan müraciət edə bilsin. Bundan başqa, HİV-lə bağlı məktəblərdə maarifləndirici tədbirlər aparılmalıdır. Düzdür, neçə illərdir bu xəstəlik haqqında danışılır. Amma bu proses daha çox dalğa formasındadır. Yəni 3-4 il xəstəlik ətrafında ciddi müzakirələr aparılır və yenidən mövzu bağlanır. Hesab edirəm ki, yolxucu xəstəliklərə qarşı mübarizə davamlı aparılmalıdır”.

Ekspert onu da qeyd edib ki, HİV daşıyıcılarının özlərini cəmiyyətdən ayrı hiss etməsinə ehtiyac yoxdur. İnsan normal həyatına davam edərək də bununla mübarizə apara bilər. Ətrafında olan insanların təhlükəsizliyini təmin etmək üçün onları tərk etmək, onlardan uzaq durmağa ehtiyac yoxdur. Sadəcə, vacib olan tələblərə əməl etmək kifayətdir: "Biz insanları bu istiqamətdə maarifləndirməliyik. Elə insanlar var ki, HİV daşıyıcısı görəndə yolunu dəyişir, onunla ünsiyyətdən qaçır. Halbuki onlar da bizdən biridir. Onları diskriminasiya edib, ruhdan salmağa nə gərək var. Vacib deyil ki, HİV daşıyıcısı ayrı yaşasın, ayrı dəsmalı, qaşığı, boşqabı olsun. Normal həyat çərçivəsində də yaxınlarının təhlükəsizliyini təmin etmək olar. Yəni, cinsi əlaqə, manikür, pedikür zamanı ehtiyatlı davranaraq heç kəsin həyatına təhlükə yaratmadan normal həyat sürə bilər”.

Şəymən