Yanğında ölən şəxs katibəsini zorladığı iddia edilən baş redaktor imiş - YENİLƏNİB





Aprelin 26-da Bakının Suraxanı rayonunda mənzildə yanaraq ölən şəxsin "Mizan Tərəzi" qəzetinin baş redaktoru olduğu dəqiqləşib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi 149 ünvanında 1977-ci il təvəllüdlü Mehdiyev Natiq Qeyis oğluna məxsus 200 kvadrat metr sahəli evdə baş verən yanğın nəticəsində ölən şəxs 1989-cu il təvəllüdlü Sultanov Sadiq Qeyis oğludur. S.Sultanov "Mizan Tərəzi" qəzetinin baş redaktoru vəzifəsində çalışırmış.
Hadisənin bədbəxt olay nəticəsində baş verməsi və ya qəsdən törədilməsi hələlik məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl "Mizan Tərəzi" qəzetində baş redaktor Sadiq Sultanovun katibəsi işləyən qadın Binəqədi rayon Polis İdarəsinə şikayət edərək S.Sultanovun ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini bildirmişdi. Həmin müraciət əsasında da araşdırmalar davam etdirilirdi.
`````
01:04
Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində Ağdam rayon sakininin yanmış meyiti tapılıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon sakini Soltanov Sadiq Arazxan oğlu ötən gecə sözügedən yaşayış məntəqəsinə, dostugildə gecələməyə gedib. Bu gün onun meyiti yanmış halda aşkarlanıb.
Məlumata görə, S. Soltanovun üzərinə benzin tökərək od vurublar. Onun qisas zəminində öldürüldüyü bildirilir.
Mərhumun cəsədi bu gün axşam saatlarında doğulduğu Üçoğlan kəndinə gətirilərək dəfn olunub.
Onun ölümünün səbəbləri araşdırılır.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında olub. Fövqəladə Hallar Nazirliyinin saytında yanğınla bağlı məlumat verilib. Məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan birmərtəbəli, 4 mənzildən ibarət yaşayış binasında (arakəsmə və tavanı taxta konstruksiyalardan ibarət) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1989-cu il təvəllüdlü Soltanov Sadiq Arazxan oğlunun cəsədi aşkar olunub.
Binanın qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 09:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Xatırladaq ki, aprelin 19-da vesti.az saytı Binəqədi rayonunda zorlama hadisəsi baş verməsi barədə xəbər yayıb.
Xəbərdə bildirlib ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə 28 yaşlı Sevinc Rəhmanova (ad şərtidir-red ) müraciət edərək aprelin 10-da Ziya Bünyadov prospektində yerləşən "M...” qəzetinin baş redaktoru tərəfindən zorlandığını bildirib.
S. Rəhmanova şikayət ərizəsində həmin qəzetdə işlədiyini və elə qəzet redaksiyasında zorlandığını qeyd edib.
Polis idarəsindən verilən məlumata görə, hələlik baş redaktorun günahkar olduğu sübut edilməyib. Bundan başqa, müstəntiq niyə qızın məhz 9 gündən sonra müraciət etdiyini araşdırır. Zorlama faktının sübut olunmasının çətin olduğu bildirilir. Çünki iddia olunan hadisədən 9 gün keçib.
ANS-Press isə yazıb ki, hadisə "Mizan Tərəzi” qəzetinin redaksiyasında baş verib. Maraqlıdır ki, bir neçə media orqanı bu qəzetin baş redaktorunun adını Azər Əliyev kimi təqdim edib.
Lakin bu gün politika.az və azxeber.com saytları işçisini zorlayan baş redaktorun məhz cəsədi yanmış halda aşkarlanmış S. Soltanov olduğu barədə xəbər verib.