Obama Putinə yaxın 17 şirkətə sanksiya elan etdi

Bu sanksiyalar hesabların dondurulmasını, viza qadağalarını, lisenziya verilməməsini nəzərdə tutur



ABŞ prezidenti Barak Obama Rusiya hökumətinin 7 rəsmisinə və Putinə yaxın olan 17 şirkətə qarşı sanksiyaları elan edib.
Azadlıq Radiosunun verdiyi məlumata görə, bu sanksiyalar hesabların dondurulmasını, viza qadağalarını, lisenziya verilməməsini nəzərdə tutur.
Obama deyib ki, yeni sanksiyalara səbəb Rusiyanın Ukrayna böhranını həll etmək üçün beynəlxalq razılaşmalara əməl etməməsidir. Bununla belə, ABŞ prezidenti hesab edir ki, Moskvanın Ukrayna haqda sülh sazişinin şərtlərinə əməl etmək imkanı var, ancaq bunu etmir.
Ancaq Barak Obama aprelin 27-də Filippində səfərdə olarkən demişdi ki, Rusiyanın davranışını dəyişmək üçün nəzərdə tutulan sanksiyaların əməli nəticə verəcəyinə əmin deyil. Onun sözlərinə görə, məqsəd Rusiya prezidenti Putini Ukraynada böhranı həll etməkdə danışmaq yox, hərəkət etməyə sövq etməkdir.
Aprelin 28-də Avropa Birliyi hökumətləri Rusiyaya qarşı yeni sanksiyalara daha 15 nəfərin əlavə olunmasına razılaşıblar. Həmin adamlara Avropa Birliyinə gəlməyə viza qadağanı qoyulacaq və onların hesabları dondurulacaq. İndiyə kimi belə siyahıda 50 adamın adı var idi.
Siyahıya əlavə olunanların konkret adları açıqlanmır. Qaydaya görə, bu, Avropa Birliyinin rəsmi jurnalında dərc olunmamışdan qabaq ictimaiyyətə açıqlana bilməz. Rəsmi jurnal aprelin 29-da dərc olunmalıdır.