II Qlobal Cəmiyyət Forumunun II sessiyası keçirilib





II Qlobal Açıq Cəmiyyətlər Forumunun II sessiyasında Finlandiyanın sabiq prezidenti, BMT-nin Global Davamlılıq üzrə Ali Səviyyəli Panelinin həmsədri Tarja Halonen, Botsvananın sabiq prezidenti Festus Mogac, Moldovanın sabiq prezidenti Petru Luchinschi, Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin nümayəndəsi Alexander Likhotal, İsrailin sabiq Baş naziri Ehud Barak, BMT-nin Ətraf Mühitin Mühafizəsi Proqramının İcraçı direktoru Achim Steiner və Azərbaycanın İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova məruzəçi qismində çıxış edib. Tədbirin moderatoru Fridrix Erbert Stiftung Fondunun İsrail filialının icraçı direktoru Werner Puschra olub.
Lent.az-ın məlumatına görə, panel iclasında davamlı iqtisadi artıma nail olmaq üçün sosial inteqrasiyanın əhəmiyyəti və əldə edilən uğurların da öz növbəsində inteqrasiya, təbii sərvətlər və qlobal sərhədlərdən asılılığı, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdətinin daha çox işlə təmin etməyə və beləliklə də daxili iqtisadi artımı daha da gücləndirməyə xidmət etməsinə dair müzakirələr aparılıb.
Sessiyada iş və həyat təcrübəsindən çıxış edən iştirakçılar gündəlikdə duran məsələlərlə bağlı təcrübə və biliklərinin paylaşıblar. Panel müzakirədə Tarja Halonen Skandinaviya modeli, bu ölkələrin iqtisadi sahədə təcrübələrindən söz açaraq qeyd edib ki, gender perspektivləri baxımından qadınlar yaxşı təhsil ala bilərlər, lakin onların potensialından tam istifadə olunmur, onlar cəmiyyətdə geridə qalır: "Bunun isə səbəbləri müxtəlifdir. Sosial iqtisadi islahatlar qadınlara daha geniş imkanlar aça bilər. Bu isə öz növbəsində ölkə iqtisadiyyatında özünün müsbət nəticələrini verəcək”.
Sosial inteqrasiyanın mənəvi zərurət olduğunu bildirən Botsvananın sabiq prezidenti Festus Mogac öz çıxışında Afrika ölkələrində hökm sürən yoxsulluq və həyat tərzinə toxunub. Cənubi Afrika Respublikasının qitənin digər ölkələrinə nisbətən inkişafının səbəbləri, İsrailin 70 il öncə və hazırkı iqtisadi durumu, həmçinin Botsvananın iqtisadi tərəqqi yolunda qarşılaşdığı problemlər və hökumətin bu problemləri aradan qaldırmaq istiqamətində atdığı addımlar
haqqında iştirakçılara məlumat verib.
İsrailin sabiq baş naziri Ehud Barak dayanıqlı iqtisadi inkişaf istiqamətində İsrailin mövcud çatışmazlıqları barədə çıxış edib. O, qeyd edib ki, 70-80-ci illərdən sonra İsraildə başlayan əhalinin bərabərsizliyi, cəmiyyətlərdaxili vəziyyətin ürəkaçan olmaması, əmək bazarında mövcud boşluq, əhalinin üçdə birinin əmək bazarına inteqrasiya edə bilməməsi əsas problemlərdən idi.
Moldovanın sabiq prezidenti Petru Luçinski isə ölkəsinin Sovet İttifaqından ayrılandan dərhal sonra elmi-texnoloji yeniliklər sayəsində iqtisadiyyatı bərpa edə bilməsini xüsusi vurğulayıb: "Avropa ölkələrinə miqrasiya edən əhalinin sayının artmasına baxmayaraq, bu, dövlət büdcəsdində müsbət saldonun yaranması ilə nəticələndi. Belə ki, dövlət büdcəsinin 1 milyarddan çoxu məhz miqrantların vəsaiti hesabına formalaşmışdı”.
Sabiq prezident Moldovanın Avropa İttifaqı ölkələri ilə vizasız gediş-gəliş rejiminin tətbiqini də xüsusi qeyd edib. Çıxışının sonunda Moldovanın sabiq prezidenti İsrail və Yaponiyanın yaşlı vətəndaşların rifahı və cəmiyyətə inteqrasiyası sahəsində təcrübəsindən BMT-nin bəhrələnməsinin vacib olduğunu bildirib.
Sessiyada çıxış edən Azərbaycanın İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, onun gəncliyi Dağlıq Qarabağın işğalı dövrlərinə təsadüf edib və müharibənin, qaçqınlığın Azərbaycan iqtisadiyyatına mənfi təsirinin canlı şahidi olub.
Azərbaycanın keçdiyi iqtisadi inkişaf yolundan danışan S.Həsənova deyib ki, iqtisadi inkişafa yoxsulluğun azaldılması istiqamətində, yəni sosial rifahın yüksəldilməsi ilə başladıq bu isə bizim atdığımız addımları daha məhsuldar etdi:"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası isə zəncirvari bağlı olan bütün istiqamətləri həm öz-özlüyündə, həm də bir-biri ilə uzlaşdırılmış şəkildə əhatə edəcək və başlıca məqsəd olan "dayanıqlı inkişaf" məsələsinə konseptual baxış və yanaşma imkanı yaradacaq».
Sonda dinləyicilər də məruzəçilərlə birgə müzakirələrə qoşulub və mövzu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.