İranlı deputat Urmiya gölü ilə bağlı köhnə “havanı” çalır






"Urmiya gölünün xilası üçün Xəzər dənizindən su axıdılması ən səmərəli yoldur”.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin energetika komissiyasının sədri Müvəyyid Hüseyni Sədr bildirib.
Onun sözlərinə görə, indiyədək təklif olunmuş layihələrdən heç biri bu hövzənin bərpası üçün nəticə verməyib: "Urmiya gölünün xilas edilməsi üçün tezliklə addım atılması zəruridir”.
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan əyalətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran rəsmiləri hazırda hövzənin yalnız 6 faizində su qaldığını bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.