Mir Cəlal Paşayev yaradıcılığında azərbaycançılıq

Vətəninə, xalqına bağlı olan yazıçının ədəbi irsi bütün dövrlər üçün aktualdır




Yaradıcılığında vahid azərbaycançılıq ideyasını tərənnüm edən görkəmli ziyalılardan biri də XX əsr Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş yazıçı, müəllim, ədəbiyyatşünas, tənqidçi, publisist Mir Cəlal Paşayev olub. Beşiyi Azərbaycanın güneyində, qəbri isə quzeyində olan bu böyük şəxsiyyətin həyatı və yaradıcılığı Azərbaycanın bütövlük simvolu sayılır. Məşhur Çin filosofu Konfutsi yazır ki, hər kəsin xarakteri onun taleyini müəyyən edir. Görkəmli yazıçı və alimin keçdiyi tale yolu bu mənada onun necə nəcib və xeyirxah şəxsiyyət olduğundan, vətəninə, xalqına mənəvi bağlılığından xəbər verir.

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. 10 yaşında ikən atasını itirən Mir Cəlal böyük qardaşının himayəsində yaşayıb. 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alan yazıçı-alim Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil edilib. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib. Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində həm təhsil alan, həm də müəllimlik edən Mir Cəlal xalqının övladlarına Azərbaycan ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsədib. Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti” əsəri müəllifinə əbədiyaşarlıq qazandırıb. Onun böyük zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı”, "XX əsr Azərbaycan ədəbiyyatı”, "Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, "Ədəbiyyatşünaslığın əsasları” kimi fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindən hesab olunur. 1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşmuş görkəmli yazıçının çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, eyni zamanda özündən sonra gələn nəsillərə də əsl örnəkdir. Bu nəcib şəxsiyyətlər təkcə Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da xalqımızı layiqincə təmsil edib. Təhsilimizin, elmimizin, ədəbiyyatımızın və mədəniyyətimizin etibarlı hamisi, alovlu təbliğatçısı kimi çətin missiya daşıyıb. Buna görə də, Prezidentin "UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Sərəncamına əsasən, yazıçı M.C.Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilib. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq M.C.Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. Bu yubileyin UNESCO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür. M.C.Paşayev yüksək poetik təfəkkür və bədii təxəyyülü ilə xalqımızın özünəməxsus keyfiyyətlərini, zəngin mənəvi aləmini çoxsaylı əsərlərində parlaq şəkildə təcəssüm etdirib. O, dəyərli hekayələri, məzmunlu roman və povestləri ilə oxucu auditoriyasına geniş yol tapıb. İctimai həyatın tipik lövhələrini ədəbiyyata gətirən sənətkarın elmi yaradıcılığı kimi bədii yaradıcılığı da fəlsəfi estetik görüşlərdən, günün aktual problemlərindən bəhs edir. Yaradıcılığının mövzu rəngarəngliyi, üslub xüsusiyyətləri, bütünlükdə orijinallığı özünəməxsus yer tutur. Mir Cəlal ədəbiyyatşünas-alim, pedaqoq kimi də geniş aspektdə fəaliyyətini davam etdirib. Görkəmli yazıçı yaradıcılığının bir sahəsini digəri ilə mükəmməl şəkildə uzlaşdırıb. Onun ədəbi görüşləri, məntiqi fikirləri bədii yaradıcılığına ziyan gətirməyib, əksinə, sənətkarlıq xüsusiyyətlərinin daha da formalaşmasında yardımçı rol oynayıb.

Təsadüfi deyil ki, ədəbiyatşünas alimlər Mir Cəlalı ədəbi prinsipinə, həyatı təsvir üsulu və metodlarına görə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev kimi XX əsr realistlərinin

davamçısı sayıblar. Şübhəsiz, o, hansısa ədəbi məktəbin prinsiplərini, metod və üsullarını kor-koranə təqlid edən yazıçılardan olmayıb. Xalqın ənənələrinə dövrünün yeni bədii təfəkkürü prizmasından baxaraq, onu zənginləşdirib. Məhz bu baxımdan yazıçı Mir Cəlalla Mirzə Cəlil və Haqverdiyev arasında sələf-xələf münasibətlərindən, ədəbi varislik ələqələrindən söz açılır.

Professor M.C.Paşayevin ədəbi fəaliyyətinin birinci dövründə oçerk və hekayə janrı aparıcı mövqeyə malikdir. İlk qələm təcrübəsi sayılan bu əsərlərində ədib bir sıra ciddi mövzulara toxunub. Ötən əsrin əvvəllərində ümumilikdə regionda cərəyan edən siyasi proseslərin Azərbaycan həyatına təsirini, cəmiyyətdə yaşanan təlatümləri, xalqın başına gətirilən faciələri, ermənilərin milli zəmində törətdikləri qırğınları ədəbi nümunələrində əks etdirib. Eyni zamanda insanların gələcəyə inamını, Azərbaycan cəmiyyətini bütün çətinliklərin fövqünə yüksəldən ruh yüksəkliyini və mənəvi təmizliyini xeyirin şər üzərində qələbəsi kimi qələmə verib.

Xarakterlər ustası sayılan Mir Cəlalın bu özünəməxsus yaradıcı keyfiyyəti təkcə onun hekayələrində qabarıq nəzərə çarpmır. Kürəyində istismarçıların qamçı izləri qaralan Salman dayı, 40 illik tərli və buxarlı əməyin qalib əsgəri olan Əhliman və Hüseyn kişi ("Sağlam yollarda”), gözlərinə qanlı keçmişin dəhşətləri köçmüş Həsən əmi ("Zavodun tərcümeyi-halı”) kimi qocalar, avam kəndli Mehbalı kişi ("Oğul”), qara çadranın zülmətindən qurtularaq özünə yeni həyat yaradan Sara ("Sara”) kimi obrazlar ədibin ilk oçerk və hekayələrinin qəhrəmanlarıdır. Yaradıcılığının birinci dövründə qələmə aldığı "Həkim Cinayətov”, "Mirzə Şəfi”, "Mərifət dərsi”, "Möhlətovun tərcümeyi-halı”, "Kağızlar aləmində”, "Dostumun qonaqlığı”, "Mərkəz adamı” və digər hekayələrində müəllif yeni həyatla ayaqlaşa bilməyən bir çox ziyalıları, cəmiyyətin tərəqqisinə mane olan köhnə əxlaqın qalıqlarını da tənqid atəşinə tutub. Ümumilikdə, 1930-40-cı illərdə işıq üzü görmüş "Bolşevik ədəbiyyatı kadrları”, "Quruluş qəhrəmanlarımızın bədii ifadəsi uğrunda”, "Gənc oxucuları təşkil edəlim”, "Azad qadın ədəbiyyatda”, "Böyük problemlər romanı”, "Bədii dilimiz haqqında” və digər məqalələrində Mir Cəlalın həyat hadisələrinə müdaxiləsi, dövrünün, zəmanəsinin nəbzini tuta bilməsi, milli-mənəvi dəyərləri düzgün qiymətləndirməsi, gənc nəslə vətənpərvərlik ruhu aşılaması özünü aydın büruzə verir. Dövrün tələblərinə cavab verə bilən belə məqalələr Mir Cəlalın ədəbi, pedaqoji və ictimai hadisələrə yanaşma tərzinin düzgünlüyünü göstərir. Bu əsərlər ötən əsrin 30-40-cı illərində tənqid və ədəbiyyatşünaslığın inkişaf etməsində, buraxılan səhvlərdən təmizlənməsində böyük rol oynamış və indi də aktuallığını itirməyib. M.C.Paşayev Azərbaycan ədəbiyyatında roman janrına da yeni nəfəs gətirib. Bu sahədə özünəməxsus məktəb yaradıb. Məlumdur ki, 30-cu illərdə yaradıcı ziyalıların başı üstündə "damokl qılıncı”na çevrilən repressiya dalğası onları müəyyən buxova salır, azadlıqlarını məhdudlaşdırırdı. Nəticədə ciddi ədəbi mahiyyət kəsb etməyən, sırf ideoloji mahiyyət daşıyan boz məzmunlu "cızmaqaralar” ciddi əsərləri sayca qat-qat üstələyirdi. Sanballı əsərlər məzmun cəhətdən böyük maraq kəsb etməyən əsərlər sırasından çox çətinliklə yüksək ədəbi zövqü olan oxucuların masası üstünə yol tapırdı. Bədii-estetik cəhətdən son dərəcə zəif, primitiv təsir bağışlayan, maraqsız, duyğusuz yazılmış əsərlər, həqiqi mənada mənalı, cəlbedici təfəkkür məhsullarını geridə qoymağa çalışırdı. Belə bir çətin şəraitdə roman janrına müraciət edən Mir Cəlalın qısa müddətdə böyük oxucu auditoriyası qazanması isə onun yüksək istedada malik qələm sahibi olmasından xəbər verirdi. Onun "Dirilən adam” romanı cəmiyyətdə böyük marağa, ictimai müzakirələrə səbəb olub. Bu əsərdə Azərbaycan xalqının mübarizə tarixinin yeni mərhələsi canlandırılıb. Romanda təsvir edilən şərait dövr üçün səciyyəvi ictimai hadisələrlə bağlı olduğundan, yazıçı eyni zamanda ötən əsrin əvvəllərində Azərbaycan kəndində və mərkəzdən uzaq şəhərlərdə hökm sürən ümumi vəziyyəti, ölkədəki siyasi özbaşınalığı, hərc-mərcliyi bədii boyalarla əks etdirib. Tarixi həqiqətə uyğun olaraq müəllif bu əsərdə iki əsas siyasi cəbhənin olduğunu təsvir edib. Müqəddəratını, istiqlaliyyətini öz əlinə almağa çalışan, sözün əsl mənasında taleyinin sahibi olmağa çalışan Azərbaycan xalqı və onların bu amalına qarşı dayansalar da, sonda xalq qüdrəti qarşısında məğlub olan qoluzorlu soyğunçular. "Dirilən adam” romanı ötən əsrin 30-cu illərinin əvvəllərində qələmə alınsa belə, əsərdə irəli sürülən ideyalar bugünümüz üçün də kifayət qədər aktualdır. Bu ideyalar bütün dövrlərdə öyrədir, tərbiyələndirir. İnsanları öz haqları, Vətənin milli mənafeləri

uğrunda aktiv mübarizəyə səfərbər edir. Mir Cəlalın 1939-cu ildə yazdığı "Bir gəncin manifesti” əsəri isə onun yaradıcılığının kulminasiyası, zirvəsidir. Roman məzmunu, ideyası və bədii mükəmməlliyinə görə, yazıçının başqa əsərlərindən xeyli yüksəkdə dayanır. Bununla belə, "Bir gəncin manifesti” romanına birdən-birə ortaya çıxmış ədəbi hadisə kimi yanaşmaq o qədər də düzgün olmazdı. XX əsr Azərbaycan ədəbiyyatının şedevrləri sırasında qərar tutan bu roman Mir Cəlalın yaradıcılığında uzun illərdən bəri davam edən mütərəqqi ənənələrin xoş nəticəsidir. "Bir gəncin manifesti” əsərində yazıçının toxunduğu məsələlərin müəyyən təzahürləri ilə onun ilk hekayə və oçerklərində də qarşılaşırıq. Romandakı əsas tarixi-ictimai konflikt qismən "Dirilən adam”dakı tarixi-ictimai qarşıdurmanın davamıdır. Bu romanda da Azərbaycana qarşı xarici müdaxilə, vətəndaş müharibəsi, yadların ağalığı illərindən bəhs olunur. Bununla belə, "Dirilən adam” romanında boş qalan müəyyən məqamlar "Bir gəncin manifesti”ndə real həyat səhnələri ilə tamamlanaraq, canlı xarakterlərlə zənginləşdirilib. "Bir gəncin manifesti” romanına Azərbaycanda və yaxın-uzaq xaricdə yüksək şöhrət qazandıran amillərdən biri də yazıçının müəllif kimi son dərəcə səmimiliyi, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrəti, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisidir. "Bir gəncin manifesti”ndən sonra Mir Cəlalın yaradıcılığında sosial mövzulara meyl güclənib. Faşizmə qarşı ikinci cahan savaşı isə Mir Cəlalın ədəbi-elmi fəaliyyətində geniş üfüqlər açıb. Böyük Vətən müharibəsində xalqımızın göstərdiyi misilsiz qəhrəmanlıq, dözümlülük və qələbə əzmi Azərbaycan bədii nəsrinin başlıca mövzularından birinə çevrilib. Həmin dövrdə Mir Cəlalın "Vətən hekayələri”, "Vətən yaraları” kimi əsərləri çapdan çıxıb. Ümumiyyətlə, M.C.Paşayev nədən yazırsa-yazsın, öz hekayələrində həyatın dərin qatlarına nüfuz etməyə, hadisələrin daxili mahiyyətini açmağa çalışıb. Görkəmli alim və pedaqoq, əməkdar elm xadimi, filologiya elmləri doktoru olan Mir Cəlal yaradıcılığının bütün dövrlərində əbəbi fəaliyyətlə yanaşı, elm sahəsində də səmərəli fəaliyyət göstərib. Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı çapdan çıxan fundamental nəşrlərin hazırlanması prosesində yaxından iştirak edib. Məşhur yazıçı dövrünün ictimai proseslərinə də biganə qalmayıb. Cəmiyyətdə fəallığı ilə seçilib. Böyük idealların təsdiqində fəallıq göstərmək, müasir ictimai-siyasi proseslərin, hadisə və meyillərin dərin təhlilini vermək, xalqın, xüsusən də bilik verdiyi tələbələrin rifahı naminə mücadilə etmək Mir Cəlal müəllimin ictimai fəaliyyətinin mərkəzində dayanıb. Tələbələri onun ali təhsil auditoriyalarındakı dərin məzmunlu, emosional məruzələrini bu gün də ehtiramla xatırlayır. Dərin bilik, insan psixologiyasını duymaq, zəngin dünyagörüşü, geniş məlumat dairəsi və fəal həyat mövqeyindən qaynaqlanan nəzəri düşüncələri Mir Cəlalın ictimai xadim obrazını daha da zənginləşdirib, kamilləşdirib. M.C.Paşayevin yaşadığı şərəfli ömür nəcib Azərbaycan ziyalısının həyat hekayəsinə çevrilib. Görkəmli yazıçı-alim cismən həyatda olmasa da, onun zəngin yaradıcılığı, sanballı əsərləri daim yaddaşlarda yaşayır.

İsmayıl