3-cü dünya savaşı başlaya bilər

“Vaşinqton da Rusiya ilə silah dilində danışmağı qərarlaşdırıb”



Vaşinqton və Moskva arasındakı gərginlik pik həddə çatıb. Supergüclərin söz savaşı müharibə fazasına keçə bilər. Ukrayna hadisələrinə görə Rusiyanı ittiham edən ABŞ dövlət katibi Con Kerri bildirib ki, Kreml ilə aralarındakı açıq pəncərələrin bağlanmasına lap az qalıb.

Onun sözlərinə görə, Putin niyyətindən əl çəkməsə, beynəlxalq institutlar Moskvanı dünyadan təcrid edəcəklər. Rusiya tərəfi isə baş katibin iddialarını təkzib edib. Xarici işlər naziri Sergey Lavrov deyib ki, Kiyevdə yaranmış qarşıdurmanın baiskarı məhz Amerikadır. Rusiyalı diplomat Vaşinqtonu Ukraynanın Cənub-Şərqinə çıxardığı qoşunu geri çəkməyə çağırıb. Lavrov onu da diqqətə çatdırıb ki, sabiq prezident Viktor Yanukoviçin devrilməsindən sonra Ukraynadakı rusların həyatı təhlükə altına düşüb.

Hər iki ölkə rəsmisinin qarşılıqlı ittihamını şərh edən politoloq Natiq Miri "Şərq”ə bildirib ki, şimal qonşumuz dünyadakı etibarını itirib. Onun sözlərinə görə, artıq Moskvanın bəhanələrinə heç bir dünya ölkəsi inanmayacaq: "Hansısa ölkə Moskva ilə iş birliyinə qatılmayacaq. Bu da Rusiyanın öz gələcəyini məhv etməsi deməkdir”.

Ekspertin qənaətincə, Putin təcavüzkar və imperalist siyasətindən əl çəkməyəcəyi halda 3-cü dünya savaşı başlaya bilər: "Buna bir addım qalıb. Rusiya diplomatik dildə anlamadığı üçün Amerika Kremllə anlaya bildiyi dildə danışmağa başlayıb. ABŞ Şərqi Avropanın bir neçə ölkəsinə qırıcı təyyarələrini göndərib. Bu, Moskvaya ciddi siqnaldı. Vaşinqton da Rusiya ilə silah dilində danışmağı qərarlaşdırıb. Ruslar bundan başqa dili anlamırlar”. N.Miri əlavə edib ki, Avropa Birliyinin digər üzvləri, Böyük Britaniya, Almaniya və Fransa öz güclərini Rusiyanın sərhədlərinə doğru yönəldiblər: "Moskva Ukraynanın içinə doğru irəliləyərsə, hərbi müdaxilə olarsa, addımının bumeranq effektini görəcək. Moskvanın işğalçılıq siyasəti NATO ölkələrinin təhlükəsizliyinə zərbədir. Ona görə də NATO Kremli bu oyunlardan çəkindirməyə çalışır”.

Putinin ağıllanmalı olduğunu deyən politoloqun fikrincə, Rusiya vurula bilər: "Moskvaya qarşı iqtisadi yöndə çox ciddi sanksiyalar hazırlanır. Bu təzyiqlər bir yerə qədər gedəcək. Bundan sonra hərbi yöndə sərt qərarlar qəbul ediləcək. Bu da təklənmiş durumda olan Moskva üçün çətin olacaq. Hesab edirəm ki, Putin sağlam düşünməlidir”.

Ayyət Əhməd