Nəqliyyat müfəttişləri qandallanacaqmı?

“2-3 nəfərin cəzalandırılması ilə problemin həllində müsbət dəyişikliyə nail olmaq mümkün deyil”



Avtovağzal Kompleksinin yaxınlığında sürücü Vüsal İlqar oğlu Həsənova qarşı qanunsuz hərəkətlər edən nəqliyyat müfəttişləri barəsində cinayət işinin açılması cəmiyyətdə hədsiz müsbət qarşılanıb. Çünki indiyədək nəqliyyat müfəttişlərinə "gözün üstə qaşın var” deyilmirdi. Onlar da külli-ixtiyar sahibi kimi davranaraq sürücülərin başına oyun açırdılar. Gah avtomobili saxlatdırıb sürücünün sənədlərini, maşının açarlarını tələb edir, gah avtomobili cərimə meydançasına aparır, hətta əsl

qoçular kimi sürücüləri təqib edir, döyür, bu azmış kimi, sürücüdən cərimə ödəməyi də tələb edirdilər.

Avtovağzal Kompleksinin yaxınlığında əsl kimliklərini gizlədərək sürücü V.Həsənovun avtomobilinə minib sənədlərini tələb edəndə də yəqin, cəzalanmayacaqlarına arxayın idilər. Amma bu dəfə gözlənilənlərin əksi oldu. Bakı Şəhər Prokurorluğunun istintaq idarəsində faktla bağlı vəzifə səlahiyyətlərini aşma (309.2) maddəsi ilə cinayət işi qaldırıldı.

Təbii ki, vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə gərəkən hüquqi qiymət verilməsinə cənab Prezident İlham Əliyevin hökumət nümayəndələri ilə keçirdiyi aprel müşavirəsində vəzifə səlahiyyətlərini aşan məmurlara yönəlik sərt çıxışı, heç kəsin qanundan kənar qalmayacağına dair ciddi göstərişlərinin böyük təsiri qeyd edilməlidir. Cənab Prezident keçirdiyi müşavirələrdə bu məsələlərə xüsusi toxunur və qanun qarşısında hamının eyni məsuliyyət daşıdığını bildirir.

Digər tərəfdən Nəqliyyat Nazirliyinin artıq heç bir sədd, haqq-hüquq tanımayan, "qoçu” statuslu müfəttişlərinin əməllərinə hüquqi qiymət verilməsində ictimaiyyətin təpkisinin də rolu var.

Məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşən nəqliyyat problemləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da bu fikirləri təsdiqlədi:

- Biz hər dəfə görürük ki, cənab Prezident keçirdiyi müşavirələrdə vəzifə səlahiyyətlərini aşan məmurları tənqid edir, onlar barəsində lazımi ölçü götürülməsini tapşırır. Bununla yanaşı, bizim özümüzün də ictimaiyyət olaraq üzərimizə böyük məsuliyyət düşür. İctimaiyyət olaraq biz rastlaşdığımız hər hansı qanunsuzluğa reaksiya verməli və faktın ictimailəşməsinə çalışmalıyıq. Əlbəttə, bu məsələdə mətbuatın, telekanalların üzərinə də məsuliyyət düşür. Media, televiziya bu problemləri daim işıqlandırmalı, ictimailəşdirməlidir. Belədə əlaqədar dövlət qurumları, məmurlar, icra hakimiyyəti başçıları, hətta nazirlər də qanunsuz əməllərdən çəkinər, tabeliklərində olanları da cəzalandırarlar. Bilirsiz, qəribə situasiya yaranır. Qanunlar qalır kənarda, gözləyirlər görək, "yuxarıdan” hansı əmr gələcək. Hər bir vəzifəli şəxs qanuna müvafiq hərəkət etməlidir. Həm ola bilsin, bunu düşünəcək təfəkkür yoxdur, ya da qanunlardan xəbərsizdirlər, qanunların tətbiqini bilmirlər. Hüquq-mühafizə orqanlarının işi öz vəzifələrini icra etməkdir. Görürsünüz, Türkiyədə prokurorluq hətta baş nazirin bacısı oğlu ilə bağlı həbs qərarı verir, əl-qolunu qandallayıb aparırlar. Heç baş nazirin xəbəri də olmur, sonradan xəbər tutur. Bizimkilərsə, yüksək vəzifəli şəxslərlə bağlı müstəqil qərar verməkdən çəkinirlər. Ehtiyat edirlər.

Ə.Hüseynov Nəqliyyat Nazirliyinin bir neçə əməkdaşı barəsində cinayət işi açılmasının digərlərinə dərs olacağına o qədər də ümid bəsləmədiyini bildirdi:

- 2-3 nəfərin cəzalandırılması ilə problemin həllində müsbət dəyişikliyə nail olmaq mümkün deyil. Gözləmirəm ki, 2-3 nəfərin cəzalanması isə nəqliyyat müfəttişlərinin əl-qolu "yığılsın”.

Hansı sahədə olursa-olsun, vəzifə səlahiyyətlərini aşan məmurların, idarə və müəssisə əməkdaşlarının cəzalandırılması sistemli xarakter daşımalıdır. Əgər bu proses sistemli deyil, mövsümi şəkildə, kampaniya xarakteri daşıyacaqsa, biz müsbət dəyişikliklərin şahidi olmayacağıq.

Məlahət Rzayeva