“Rauf Mirqədirov mövzusu ətrafında şou yaradırlar”

Mirkazım Kazımov: “Ermənistanı daha münbit yer kimi görən Leyla Yunus nəyə görə Azərbaycanda yaşayır?”
Elçin Behbudov: “Leyla Yunus hansı hərəkətlərə yol verdiyinin, hansı xəyanətkarlıqlara doğru addımladığının fərqinə varmalıdır”



Ermənistanın kəşfiyyat orqanlarına işləməkdə ittiham olunan jurnalist Rauf Mirqədirovun Sülh və Demokratiya İnstitutunun (SDİ) Bakı ofisinin rəhbəri, "hüquq müdafiəçisi” Leyla Yunus tərəfindən müdafiə olunması, eyni zamanda onun vətəndaş cəmiyyəti quruculuğunda Ermənistanı demokratik ölkə kimi təqdim etməsi ictimaiyyət nümayəndələrinin kəskin etirazına səbəb olub.

Mövzu ilə bağlı açıqlama verən ictimai-siyasi xadimlər və vətəndaş cəmiyyətinin üzvləri bildiriblər ki, Leyla Yunusun bu kimi addımlarından təəccüblənmək lazım deyil. Çünki ermənipərəst "hüquq müdafiəçisi”nin fəaliyyəti daim Azərbaycan dövlətinə və xalqına qarşı xəyanətkar mövqedə olub. O, Azərbaycanı sevmədiyi üçün ölkənin əleyhinə olan qüvvələrə xidmət edərək öz şəxsi mənafeyini, ambisiyasını təmin etməyə səy göstərib. Ermənilərlə bir masada oturub dövlətimizin və xalqımızın milli maraqlarına zərbə vuran, özünü ictimaiyyətə "hüquq müdafiəçisi” kimi təqdim edən Leyla Yunus və onun əri Arif Yunus artıq neçə illərdir ki, düşmən dəyirmanına su tökürlər. Xarici aləmdə diqqəti cəlb etmək üçün təşkilatının adına "sülh” və "demokratiya” kimi yamaqlar yapışdıran Leyla Yunusun bu gün müxtəlif formalarda ölkəmizə qarşı mövqe nümayiş etdirməsi və respublikamızın daxilində xalqımıza qarşı ikinci cəbhə açması qəbuledilməzdir. Xaricdən maliyyələşən QHT rəhbərinin barələrində hökm çıxarılmayan, haqqında araşdırma gedən şəxslərin adlarını öz "siyahısına” salması onun siyasi şoularının şişirdilməsinə xidmət edir. Əslində, SDİ rəhbəri dəfələrlə Azərbaycan cəmiyyəti qarşısında ifşa olunub və onun iç üzü aşkar edilib. Lakin buna baxmayaraq o, antimilli əməllərini hələ də davam etdirir.

Yeni Azərbaycan Partiyası icra-katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da qeyd edib ki, bəzi adamlar Rauf Mirqədirov mövzusu ətrafında şou yaratmaq istəyirlər. Deputat bildirib ki, R.Mirqədirovun həbsi Azərbaycanın milli təhlükəsizliyi ilə əlaqədar olan məsələdir. Onun təqsirli və ya təqsirsiz olmasını istintaqın gedişi və məhkəmə müəyyənləşdirəcək: "Leyla Yunusun "bəyanatı” bir daha onu göstərir ki, o hələ də ermənilərə olan məhəbbətini ürəyindən çıxarda bilmir və getdikcə bunu açıq şəkildə ifadə edir. Buradan sual yaranır ki, ay Leyla Yunus, niyə bu qədər canfəşanlıq edirsən? Bəlkə bu canfəşanlığın arxasında nə isə var?”. Millət vəkili, professor Musa Qasımlı da Leyla Yunusu sərt tənqid edib: "Beynəlxalq təşkilatların sənədlərində demokratiya məfhumunun konkret normaları müəyyənləşdirilib. Bir ölkənin parlamentində deputatları gülləbaran edirlərsə, həmin ölkəni demokratik adlandırmaq olarmı? Qonşu millətə qarşı soyqırım törədənlər rəhbərlikdə yer alırsa, həmin ölkəni demokratik adlandırmaq mümkün deyil. Leyla Yunus terroru dövlət siyasəti

səviyyəsinə qaldıran ölkəni necə demokratik adlandıra bilər? İşğalçı bir ölkəni, insanın ali hüququnu, yaşayış hüququnu əlindən alan bir dövləti demokratik adlandırmaq heç bir halda düzgün deyil. Söylədiklərim və digər faktlar Ermənistanın demokratik ölkə olmamasının göstəricisidir. Bütün bunlar Leyla Yunusun baxışlarına uyğundursa, o zaman onun demokratiya haqqında təsəvvürləri də elə bu səviyyədədir. Ermənistanı demokratik ölkə adlandıran insan Azərbaycanı tərk edib Ermənistanda rahat yaşaya bilər”.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov deyib ki, Leyla Yunus üzərinə düşən, düşməyən məsələlərdə ölkəmiz haqqında ağzına gələni danışır: "Azərbaycan dövlətinin bütün sahələrdə apardığı düzgün islahatlar nəticəsində inkişaf etdiyi bir zamanda kiminsə ölkəmizdə demokratiyanın olmamasını dilə gətirməsi həmin insanın kimliyini şübhə altına alır. Bu gün dünyanın inkişaf etmiş ölkələrinə nümunə göstəriləcək qədər öndə olan Azərbaycanda demokratiyanın olmamasından şikayət edən şəxs öz dövlətinə qarşı xəyanətkar mövqeyini sərgiləmiş olur. Vətəndaş cəmiyyəti bu günə kimi əldə etdiyi uğurları daha da möhkəmləndirir və ictimai həyatda dövlət və özəl sektorla yanaşı, bütövlükdə cəmiyyətin inkişafı üçün məsuliyyəti bölüşməyə hazır olduğunu nümayiş etdirir. Yəqin Leyla Yunus Ermənistanın vəziyyətindən, əhalisinin nə qədər acınacaqlı bir durumda olduğundan xəbərsizdir. İşğalçı dövləti demokratiya baxımından Azərbaycandan üstün tutanın nə siyasi savadı, nə də qabiliyyəti var. Bu adam terrorçuları siyasi məhbus elan edir, terrorçu Ermənistanı demokratik ölkə görürsə, bundan təəccüb etməyə dəyməz. Amma vətəndaş cəmiyyəti quruculuğu adı altında Ermənistanı daha münbit yer kimi görən Leyla Yunus nəyə görə Azərbaycanda yaşayır? Getsin Serj Sarkisyanın qucağında "demokratiya dərsi” öyrənsin”.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da bildirib ki, hüquq müdafiəçisi kimi Leyla Yunusun bu hərəkətinə bəraət qazandıra bilməz: "Düşmənlərimiz olan erməniləri bizdən üstün tutmaq hüquq müdafiəçisinə yaraşmayan addımdır. Ermənistanla Azərbaycanı heç bir halda bir tərəziyə qoymaq düzgün mövqe deyil. Çünki ölkəmizdə bütün vətəndaş cəmiyyəti institutlarına eyni dərəcədə baxış mövcuddur. Dövlət tərəfindən bizə heç bir maneə yaradılmır. Dövlətin adından yalan, böhtan çıxışlar etmək lazım deyil. Hər birimiz bu dövlətin vətəndaşlarıyıq, bu ölkənin çörəyini yeyir, suyunu içirik. Hesab edirəm, Leyla Yunus hansı hərəkətlərə yol verdiyinin, hansı xəyanətkarlıqlara doğru addımladığının fərqinə varmalıdır. Çünki cəmiyyət bu kimi adamları qəbul etmir. Ona görə də yaxşı olardı ki, Leyla Yunus Ermənistanı demokratik ölkə kimi təqdim etməkdənsə, ömründə bir dəfə həqiqəti söyləyərək, Azərbaycandakı inkişafdan, tərəqqidən danışsın, əsl reallığa qiymət versin. Yox, bunu edə bilmirsə, demək, onun fəaliyyətində həqiqətən də ciddi qüsurlar mövcuddur”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qeyd edir ki, Leyla Yunusun ermənilərlə sıx əməkdaşlıq etməsi cəmiyyət tərəfindən hər zaman ciddi narazılıq doğurub: "Təxminən bir il əvvəl onun ermənilərlə birlikdə yaratdığı internet televiziyaya qarşı QAT öz etirazını bildirib. Bu baxımdan, ermənilərlə əməkdaşlığa qarşı hər zaman mövqeyimizi bildiririk. Leyla Yunus açıq şəkildə ermənilərlə təmasları təbliğ edir. Bu isə Azərbaycan vətəndaşına yaraşmayan addımdır. Ermənilərlə əməkdaşlığı bütün hallarda üstün tutaraq, hətta onlara görə həbsə belə getməyə hazır olduqlarını bəyan etmək sadəcə, anormallıqdır. Belə çıxır ki, bunların öz maraqları dövlət maraqlarından üstündür. Cəmiyyətdə belə bir tendensiya formalaşıb ki, guya R.Mirqədirov heç bir günahı olmadan həbs edilib. Leyla Yunusun əlində bu insanın günahsız olduğu ilə bağlı hər hansı bir fakt yoxdursa, belə fikirlə çıxış etməsi səviyyəsizlikdir”.

İsmayıl