Həcc ziyarəti: Yenə virus xəbəri yayılıb

Azərbaycana göndərilən səhiyyə şərtlərində təhlükəli virusla bağlı hər hansı göstəriş yoxdur




Səudiyyə Ərəbistanında MERS virusunun yayılmasına dair məlumatlar var. Bu da öz növbəsində müqəddəs Həcc ziyarəti ilə bağlı bəzi narahatlıqlara əsas verir. Ər-Riyadda 11 nəfərin bu virusa yoluxduğu elan edilib.

Hələ ki, virusa qarşı peyvənd mövcud olmadığından insan tələfatının çox olacağı ehtimal edilir. Virus indiyədək 93 nəfərin həyatına son qoyub. Bunu nəzərə alan bəzi ölkələr artıq zəruri tədbirlər görməyə başlayıb. Virusa yoluxanların sayının artdığını nəzərə alaraq SƏ Həcc Nazirliyinin ziyarətdə iştirak edəcək ölkələrin qarşısına tibbi şərtlər qoyacağı gözləniləndir.

Amma SƏ Həcc Nazirliyi Azərbaycanda Həcc missiyasının rəhbəri olan Qafqaz Müsəlmanları İdarəsinə virusla bağlı heç bir əlavə şərt təqdim etməyib. Bunu "Şərq”ə açıqlamasında QMİ xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirdi. Şöbə müdiri qeyd etdi ki, ənənəvi qaydada hər il Həcc ziyarəti üçün səhiyyə şərtləri bütün ölkələrə göndirilir:

- QMİ-yə bu şərtlər artıq daxil olub. Lakin şərtlər sırasında hansısa virus əleyhinə önləyici tədbirlər almaq yoxdur. Azərbaycana göndərilən şərtlərdə həmişəki kimi tropik minengit və mövsümi qripə qarşı vaksinasiya tövsiyə olunur. Biz də öz növbəmizdə sənədlərini təqdim edənlərə bunu tövsiyə edirik. Bu, konkret tələb deyil, tövsiyədir. Çünki bilirsiz ki, Həcc ziyarəti zamanı zəvvarlar arasında soyuqdəymə, qrip yayılır. Səbəbləri də məlumdur. İqlim dəyişikliyi, isti havada soyuq suya meyillilik, milyonlarla insanın bir yerə cəmlənməsi zəvvarların qrip virusuna yoluxmasına səbəb olur. Amma bizim zəvvarlarla həkim briqadası da gedir. Hardasa, 9-10 həkim olur. Qruplara nəzarət edirlər, lazım olanda zəvvarları dərmanlarla təmin edirlər, sağlamlıqlarını müşahidə altında saxlayırlar. Bundan başqa, bizim Türkiyənin Diyanət Başqanlığı ilə də razılaşmamız var. Zəvvarlara tibbi yardım göstərilməsində Türkiyə həkimləri də köməklik edir, lazım gələndə zəvvarlarımızı öz klinikalarında qəbul edirlər. Yəni, bizə göndərilən səhiyyə şərtlərində hər hansı təhlükəli virusla bağlı heç bir şərt, göstəriş yoxdur. Viruslara qarşı vaksinasiya daha çox Afrika, ola bilsin, həm də Asiya ölkələrindən tələb olunsun. Çünki hansısa virusların bu ölkələrdə yayılması daha çox ehtimal edilir.

M.Payızov ümumiyyətlə, son illər Həcc ziyarətinə hazırlıq mərhələsi başlayan kimi, müxtəlif virusların yayılması xəbərlərinin çoxaldığına diqqət çəkdi:

- Bu virus söhbəti ötən il də var idi. Ondan əvvəlki illərdə belə xəbərlər yayılmışdı. Müsəlmanların hər il bir yerə cəmlənməsi, milyonlarla müsəlmanın eyni vaxtda namaz qılmasını, səcdəyə əyilməsini həzm edə bilməyən ölkələr var. Ona görə də hər il bir virus söhbəti ortaya atılır, çalışırlar müsəlmanların həmrəyliyinə xələl gətirsinlər, zəvvarlar Həcc ziyarətinə getməkdən ehtiyat etsinlər. Ancaq görünür ki, heç bir virus, təhlükə ehtimalı müsəlmanları müqəddəs ziyarətdən çəkindirmir.

Şöbə müdiri bildirdi ki, Həcc ziyarətinə sənəd qəbulu artıq başa çatıb. Kvota da dolub. Ötən il SƏ-nin kvotanı 20 faiz azaltması bu il ziyarətə getmək istəyənləri sənədləri təqdim etməyə tələsdirib, ona görə də yerlər vaxtından xeyli əvvəl dolub. Bu il Həcc ziyarətinə Azərbaycandan 3200-ə yaxın zəvvar göndəriləcək. Zəvvarların həm Mədinə, həm də Məkkə şəhərlərində qalacaqlarpı mehmanxanalar da artıq bəllidir. Həcc səfərinin sentyabrın 22-dən etibarən başlanacağı gözlənilir. Bu il də Həcc ziyarəti yalnız təyyarə vasitəsilə həyata keçiriləcək. Təyyarələr yenə də Azərbaycandan Bakı-Ciddə, qayıdanda isə Mədinə-Bakı reysi ilə uçacaq.

Məlahət Rzayeva