“Ərdoğan ermənilərə ehtiyatla yanaşır”

Tənzilə Rüstəmxanlı: “Türkiyənin dövlət rəsmiləri də Xocalı barəsində danışarkən soyqırım deyil, qətliam sözünü işlədirlər”



Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının şərəfinə ucaldılan abidənin üzərindəki soyqırım sözü qətliam sözü ilə əvəzlənib. Ani dəyişiklik Türkiyə və Azərbaycan cəmiyyətində ciddi etiraza səbəb olub. Təpgilərə münasibət bildirən Uşak vilayətinin yeni bələdiyyə sədri Nurullah Cihan abidə üzərindəki dəyişikliyin rəsmi Ankaranın tələbi əsasında həyata keçirildiyini bildirib. Azərbaycanda isə hesab edirlər ki, qətliam sözü Türkiyənin Xocalı soyqırımını rəsmən tanımadığını göstərir.

"Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı "Şərq”ə verdiyi açıqlamada deyib ki, Türkiyənin dövlət rəsmiləri də Xocalı barəsində danışarkən soyqırım deyil, qətliam sözünü işlədirlər. Ancaq soyqırımla qətliam eyni anlamı daşımır: "Türkiyədə uzun zamandır davam edən "erməni açılımı” prosesi var. Buna görə də, Ərdoğan hakimiyyəti ermənilərlə bağlı məsələlərə ehtiyatla yanaşır. Soyqırım əvəzinə qətliam yazılması da birbaşa AKP hökumətinin siyasətidir. Bələdiyyə başqanı kimdir ki, abidə üzərindəki sözü özbaşına dəyişdirsin?”

T.Rüstəmxanlının sözlərinə görə, abidə üzərindəki dəyişiklik Türkiyə-Ermənistan sərhədlərinin açılmasına hesablanmış addım da ola bilər: "Sərhədlərin açılması bir neçə dəfə ciddi anlamda gündəmə gətirilib. Amma türk xalqı və Azərbaycan tərəfi buna sərt reaksiya verdiyi üçün məsələ bir müddət təxirə salınıb. Ancaq bu o demək deyil ki, Türkiyə istəyindən vaz keçib. Ərdoğanın ermənilərə verdiyi "başsağlığı” və abidə üzərindəki yazının dəyişdirilməsi də göstərir ki, Ermənistanla sərhədlərin açılması prosesi yenidən gündəmdədir. Lakin biz qardaş türk xalqına güvənirik. Cənab Prezidentin Praqada erməni rəhbərinə verdiyi cavab, daha doğrusu, verdiyi dərs, Türkiyə ictimaiyyəti tərəfindən də çox böyük sevgi və rəğbətlə qarşılandı. İ.Əliyevin çıxışını əsl milli duruş kimi dəyərləndirən türk xalqı baş nazir Ərdoğanın da eyni duruşu sərgiləməsini tələb etdilər”. Birlik sədri vurğulayıb ki, ermənilər yüz ildir qondarma soyqırımın yüzilliyinə hazırlaşırlar. Artıq dünyanın bir çox dövlətlərini uydurma soyqırıma inandırıblar: "Ay Ərdoğan, sən daha nəyə görə ermənilərə güzəştə gedirsən, niyə onların könlünü almağa çalışırsan? Ermənilərə "başsağlığı” verdiyin gün meydanda Türkiyə bayrağını yandırdılar. Hamı anlasın ki, ermənilərə xoş davranmağın xeyri yoxdur. Onlar heç vaxt qondarma soyqırımı təbliğ etməkdən vaz keçməyəcəklər. Çünki bu təbliğat ermənilərə hava-su kimi lazımdır. Onlar bununla vahid erməniçilik ideyasını formalaşdırırlar”.

İsmayıl