“Oturub əməlli-başlı çıxış yolu axtarılmalıdır”

Mahmud Hacıyev: “İnzibati Xətalar Məcəlləsinə tez-tez dəyişiklik etməklə vəziyyət düzələn deyil”



Parlament sərxoş vəziyyətdə avtomobili idarə edən sürücülərə qarşı nisbətən yüngül tədbirlər görmək niyyətindədir. Milli Məclisin mayın 2-də keçiriləcək iclasında İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulub. Dəyişikliyə əsasən, sərxoş vəziyyətdə avtomobil idarə olunmasına tətbiq olunan bal aşağı salınacaq. Nəqliyyatın idarəsi zamanı zərərçəkən şəxsin sağlamlığına yüngül xəsarət yetirməyə görə isə yüksək bal tətbiq olunacaq. Qeyd edək ki, Əlavələr layihəsi parlamentin növbəti plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq.

Sabiq polis rəisi Mahmud Hacıyev isə millət vəkillərinin İnzibati Xətalar Məcəlləsinə tez-tez dəyişikliklər edilməsinə qəti etiraz edir: "Hüquqi demokratik dövlətlərin heç birində İnzibati Xətalar Məcəlləsinin başına bu qədər oyun açmırlar. Biz də Azərbaycanın hüquqi-demokratik dövlət olduğunu iddia edirik, amma sivil qaydalara riayət etmirik. Çünki bizdə ayda bir dəfə İnzibati Xətalar Məcəlləsinə əlavələr edilir. Olmaz axı belə! Azərbaycanda bu gün ən "populyar” qanunvericilik inzibati qanunvericilikdir. Kim olmasından asılı olmayaraq, hər kəsin gündəlik yaşamında müəyyən səhvləri və xətaları olur. İnzibati Xətalar Məcəlləsi ən xoşagəlimli məcəllə olduğu üçün ona tez-tez dəyişikliklər edilməsi çox gülünc görünür. Xarici ölkələrdə, hətta yarımsivil ölkələrdə belə, İnzibati Xətalar Məcəlləsinə 5-6 il əl vurmurlar. Başa düşürəm, gənc, müstəqil dövlətdir. Amma bu qədər də olmaz axı! Harda görünüb ki, 3-4 aydan bir qanuna dəyişiklik edilsin. O boyda qanunu uşaq oyuncağına döndəriblər. Parlament də bunlar üçün oyun zalına çevrilib. Uşaq oyuncaqla oynayan kimi, deputatlar da asudə vaxt tapan kimi başlayırlar bu qanunla oynamağa. Məgər, Milli Məclisin başqa işi-gücü yoxdur? Bəlkə bizim başqa dərdimiz, azarımız yoxdur? Ölkədə bu qədər problem, çatışmazlıqlar var. Heç kəs bunu görmək istəmir. Düşüblər, İnzibati Məcəllənin üstünə. Hərə bir yana çəkir. Biri 5 manat artırır, o birisi azdır deyib, 25 manat edir. Biri deyir, cəza balını qaldıraq, o biri deyir, bəlkə endirək?

M.Hacıyevin sözlərinə görə, maddənin cəza hissəsini qaldırıb endirmək həmin qanun pozuntusuna qarşı mübarizə metodu deyil. Bu üsul heç vaxt özünü doğrultmayıb: "Bundan sonra da doğruldacağına ümid etmirəm. Bu üsul özünü ancaq sovet dövründə doğruldub. İnsanları qanuna riayət etməsi üçün sivil, profilaktik metodlardan istifadə etmək lazımdır. Qanunu qəbul edərkən, vətəndaşlar arasında maarifləndirmə işi aparılmalı, onlara qanunun aliliyi başa salınmalıdır. Yoxsa ki, bu qanun, bu da cərimənin məbləği, get istədiyini elə deməklə, insanları düzgün yola istiqamətləndirmək olmaz. Sonuncu il yarım ərzində İnzibati Xətalar Məcəlləsinin başına açmadıqları oyun qalmadı. Müxtəlif maddələrinə əlavələr edilərək, cəza hissəsinin xüsusi çəkisi ağırlaşdırılıb, qiymətlər artırılıb. Əvvəlki illərə baxanda qiymətlər yüksəkdir, bəyəm qanun pozuntuları azalıb? Bəlkə qəzaların statistikasında, yaxud da digər yol-hərəkət qaydalarında azalmalar var, biz görmürük. Xeyr, azalma deyilən şey yoxdur, olmayacaq da. Qanun pozuntusuna yol verənləri cəzalandırmaq üçün cərimələri gündə bir dəfə artırıb-azaltmaq əvəzinə, oturub əməlli-

başlı çıxış yolu axtarsınlar. Yaxşı olar ki, hökumət rəhbərliyi, hüquq-mühafizə orqanları və deputatlar səviyyəsində kompleks təkliflər planı hazırlansın və həmin təklif Nazirlər Kabinetinə tövsiyə olunsun.

Şəymən