Suriyaya gedənlərə böyük miqdarda pul verirlər

Məmməd Zeynalov: “Bu işlə məşğul olan qüvvələr zərərsizləşdirilməlidir”



Azərbaycan gənclərinin Suriyaya axınının qarşısını almaq müşkülə çevrilib. Cihad adı altında və ya müəyyən miqdarda vəsait müqabilində aldadılaraq aparılan muzdluların sayı durmadan artır. Döyüş bölgəsindən ölkəmizə az qala hər gün qara xəbər gəlir.

Bu "qəhrəmanlar” vəhhabi məzhəbinə mənsub olan vətəndaşlarımızdır. Daha dəhşətlisi odur ki, bu əməllərlə məşğul olan qüvvələr təbliğatlarını sosial şəbəkələrdə aparırlar. Gəncləri döyüşə sövq edən videomateriallar paylaşırlar. Azərbaycan gənclərini "haqq yoluna” təhrik edən çağırışlar edirlər. Həmin gənclərin terrorçu qruplaşmalarda təşkilatlanmaları ölkəmizin gələcəyinə təhlükələr vəd edir. Hökumət və dövlət səviyyəsində önləyici tədbirlər görülsə də, axının qarşısı hələ ki alınmayıb. Görünən odur ki, proses getdikcə sürətlənir. Onların hansı yollarla, kimin əli ilə keçməsi barədə birmənalı fikir yoxdur. İctimai-siyasi xadimlər bu cür tendensiyanın güclənməsini sosial təminatın zəifliyini və ölkədə islami maarifləndirmənin düzgün aparılmasında görürlər. Məhbuslara Yardım İctimai Birliyinin sədri Məmməd Zeynalov "Şərq”ə açıqlamasında qeyd edib ki, bunlar heç də sadə vətəndaşlar deyil. Onun sözlərinə görə, "mücahidlər” bəzi iri təriqətlərə etiqad edənlərdir: "Onların əqidə arxasınca düşüb getdikləri inandırıcı deyil. Burda başqa maraqlar var. Söhbət maddi maraqlardan gedir. Sosial təminatın azlığı və ya işsizlik problemi bəzən gəncləri bu yolu seçməyə gətirib çıxarır. Etiraf edək ki, maliyyə çətinliyi ucbatından gedənlər də az deyil. Onlara böyük miqdarda pul verirlər”.

Axının qarşısının alınmasına gəlincə, həmsöhbətimiz deyib ki, Suriya məsələsinə münasibətimiz dövlət səviyyəsində aydın deyil: "Ona görə də heç bilmirəm bunun adını nə qoyaq. Niyə gedirlər? B.Əsəd rejimini müdafiə etməmişik ki, buna etiraz olaraq Suriyaya getsinlər”.

Suriyaya getmək barədə təbliğatların daha çox sosial şəbəkələrdə aparılmasına münasibət bildirən M.Zeynalov söyləyib ki, buna qarşı dövlət tərəfindən müəyyən addımlar atıla bilər: "Bununla belə sosial şəbəkəyə qadağa qoymaq olmaz. Bu, insan haqlarının pozulmasıdır. Bu işlə məşğul olan qüvvələr zərərsizləşdirilməlidir. Sosial şəbəkəni bağlamaqla axını dayandırmaq olmaz. Hər halda məsələnin kökü daha dərindədir”.

Ayyət Əhməd