Ordumuzun sirləri düşmən dövlətlərə ötürülür?

Zahid Oruc: “Hansısa ölkənin xeyrinə kiminsə agent rolunda çıxış etməsi imkanları ola bilər”





Hərbi ekspert Üzeyir Cəfərov şok açıqlama verib. Ehtiyatda olan zabit bildirib ki, Azərbaycan Hərbi-Dəniz və Silahlı Qüvvələrinin real vəziyyəti ilə bağlı bir sıra məlumatlar düşmən dövlətlərə ötürülür. Onun sözlərinə görə, informasiyaları ölkəmizin bəzi yüksək rütbəli şəxsləri sızdırır:

"Azərbaycanın suverenliyinə ən böyük təhlükə dəniz istiqamətindəndir. Belə bir strateji nöqtə barədə informasiyalar Rusiyaya ötürülür. Təəssüf ki, ordumuz barədə çox məlumatlar düşmən əlinə keçir. Bunu tam məsuliyyətimlə deyirəm. Hər şeyi tam şəkildə açıb-ağartmaq istəmirəm”.

Ekspert onu da diqqətə çatdırıb ki, Müdafiə Nazirliyi bu faktı təkzib edərsə, həmin şəxslərin adlarını açıqlaya bilər: "Satqınlıqla məşğul olanların kimliyi ilə bağlı ictimaiyyətə məlumat verə bilərəm”.

Ü.Cəfərovun bəyanatını dəyərləndirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında bu halın hər bir ölkədə mövcud ola bilməsini qeyd edib: "Kəşfiyyat orqanlarının əməkdaşlıq etdiyi dairələr müxtəlif vəzifə daşıyanlardan təşkil edilir. Belə məsələlər casusluq işində çox böyük önəm daşıyır. Bu proseslər üzərində uzun illər boyu külli miqdarda vəsait xərcləyərək fəaliyyət aparırlar. Hansısa ölkənin xeyrinə kiminsə agent rolunda çıxış etməsi imkanları ola bilər”.

Rus amilinin qabardığı dönəmdə sözügedən informasiyanın gündəmə gətirilməsinin xeyli düşündürücü olduğunu deyən deputat söyləyib ki, bu hala qarşı başqa formada reaksiyalar olmalıdır: "Mühüm dövləti məlumatların satılması və ölkəmizin mənafeyinə zərbə vurma halları barədə kimdəsə konkret məlumat varsa, media ilə paylaşmazdan öncə təhlükəsizlik strukturlarına təqdim edə bilər. Bu da dövlət və millət qarşısında ən böyük xidmət olardı”.

Məsələdə hakim rolunda çıxış etmədiyini söyləyən deputat hesab edir ki, Ü.Cəfərovda bu cür informasiyaların olması mümkündür: "Adıçəkilən şəxs hərbi sistemdə çalışıb. Hər hansı vasitələrlə ona məlumatlar ötürülə bilər”.

Ayyət Əhməd