Krımdan sonra: Rusiya təhlükəsi ciddi deyil, ancaq hazır olmalıyıq





Ukrayna hadisələri və Krımın işğalı Rusiya təhlükəsini yenidən gündəmə gətirib. Cənubi Qafqazın başı üzərində "Damokl qılıncı” kimi həmişə asılı olan Kreml yumruğunun növbəti hədəfində Azərbaycan olduğuna dair söyləntilər var. Ətrafımızda baş verən son proseslər bu ehtimalı daha da gücləndirir. Siyasi ekspertlərin Azərbaycanın hazır olması haqda dedikləri, medianın "Rusiya təhlükəsi” deyə manşetlər atması da təsadüfi deyil və baş verənlər, gözləntilər ölkədə birliyin vacibliyini ortaya çıxardır.

Qeyd edək ki, gün-gündən artan və bütün dünyanı silkələyən Rusiya aqressiyası artıq siyasi müstəvidən kənara çıxıb. Təhlükə qoxusu cəmiyyəti də narahat etməkdədir. Ölkəmizin bir qrup tanınmış ekspertləri və ictimai-siyasi xadimləri bir araya gələrək, Azərbaycan da daxil olmaqla, bütün post-sovet ölkələrini təhdid edən bu təhlükə barədə müzakirələr aparıblar. Təbii ki, Krımda baş verən hadisələrə görə Qərblə münasibətləri kəskinləşən Rusiyaya qarşı qəbul olunan qərarlarda Azərbaycanın tutduğu mövqeyin Moskvanın etirazı ilə qarşılaşacağı əvvəlcədən gözlənilən idi.

Ancaq Azərbaycan hökumətinin Rusiya ilə dərin əlaqələri olduğu üçün, rus təhlükəsi haqqında heç vaxt cəmiyyətdə açıq fikir formalaşmayıb.

Politoloq Sülhəddin Əkbər isə hesab edir ki, mövcud geosiyasi vəziyyətdə Rusiyanın maraqlarına cavab verməyən istənilən dövlət Kremlin hədəfinə tuş gəlməyə açıqdır. Bu ölkələrdən birinin də Azərbaycan olduğunu deyən S.Əkbər vurğulayıb ki, nəzərə almaq lazımdır ki, ölkəmiz Rusiyanın Gömrük İttifaqına daxil olmaqla bağlı tələblərinə müsbət cavab verməyib. Digər bir tərəfdən də Rusiya ilə Avropa Birliyi arasında enerji qarşıdurması olduğu bir vaxtda Azərbaycanın geosiyasi önəmi böyükdür: "Rusiya ilə ABŞ arasındakı qarşıdurmanın dərinləşdiyini, Əfqanıstandan qoşunların məhz Azərbaycan üzərindən təchiz olunduğunu nəzərə alsaq, o zaman ölkəmiz istər-istəməz ön plana çıxır. Bu baxımdan beynəlxalq təhlillərdə ölkəmizə xüsusi yer verilməsini normal qarşılayıram. Çünki bu cür düşünməyin ciddi əsasları var”.

Ekspertin fikrincə, Rusiya, heç şübhəsiz, MDB məkanında aktiv fəaliyyətə keçib. Bu hələlik Azərbaycanda hiss olunmur. Baxmayaraq ki, şimal qonşunun ölkəmizdə daha aktiv olacağı gözlənilirdi. Amma istisna olunmur ki, Azərbaycanda müəyyən bir mərhələdə Rusiya çox aktiv fəaliyyətə keçsin. Amma hələlik belə bir komandanın verildiyi görünmür.

Politoloqun sözlərinə görə, Moskvanın Azərbaycanda Rusiyameyilli qüvvələri maliyyələşdirməsi ilə bağlı ortalıqda konkret faktlar olmalıdır. Bu olmayınca, deyilənlər iddiadan o yana getmir: "Ancaq son günlər bu təhlükə barədə ardıcıl yazılanlar onu göstərir ki, bu iş vahid mərkəzdən idarə olunur. Sanki bu təbliğatla bağlı xüsusi hazırlığın getdiyi təəssüratı yaranır”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyib ki, Rusiyanın postsovet məkanındakı revanşı və ya hücumu GUAM xətti üzrə gedəcək: "Diqqət yetirsək, görərik ki, postsovet respublikaları arasında Rusiyanın əsasən yaratdığı separatçı rejimlər GUAM üzvü olan ölkələrin ərazisindədir: Gürcüstan, Azərbaycan, Moldova, indi də Ukrayna. Rusiya GUAM-ın yaradılmasının ilkin addım olduğunu və sonda bu ölkələrin də Avropa Birliyi və NATO-ya inteqrasiya olunacağını bilməmiş deyil. Məhz o səbəbdən də bu ölkələrdə problemlər yaradırdı ki, həmin separatçı bölgələr vasitəsilə öz geosiyasi şərtlərini diktə edə bilsin. Amma Rusiyanın cəlbedici olmaması və bu ölkələrdə gedən daxili proseslər, onların Qərbə inteqrasiyası səbəbindən Moskva nəzarəti itirməkdə idi. Məsələn, Rusiya artıq Gürcüstana nəzarəti itirib, separatçı bölgələr vasitəsilə də Tiflisə təsir edə bilmir. Ukraynada isə Rusiya bütövlükdə hakimiyyəti götürmüşdü. Lakin Yanukoviçin məğlubiyyəti Rusiyanın Ukrayna siyasətini iflasa uğratdı və Moskva güc vasitələrinə keçdi. NATO-nun "Rusiya Krımla kifayətlənməyəcək və Şərqi Ukrayna vilayətlərini də götürə, Moldovaya daxil olub Dnestryanı bölgəni özünə birləşdirə bilər” xəbərdarlığı real təhlükədən xəbər verir. Artıq Rusiya beynəlxalq hüququn bütün normalarını pozaraq təcavüzkar addımı atıb. Kiyev nüvə silahından imtina edəndə Rusiyanın özü Ukraynanın ərazi bütövlüyünə təminat vermiş ölkələrdən biri idi. Bu gün Rusiya özünün öhdəliyini pozub”.

Ə.Oruclu deyib ki, beynəlxalq sanksiyalar Rusiyanı daha da aqressiv davranmağa sövq edir: "Bugünlərdə Bzejinski də belə bir ifadə işlətmişdi ki, Rusiyaya qarşı sanksiyalar hələlik naharın salatıdır, nahar isə qabaqdadır. Şübhəsiz ki, Rusiyanı ciddi problemlər gözləyir. Ona görə də Rusiya aqressiv siyasətini davam etdirmək istəyir ki, hərbi güc hesabına özünü təsdiqləsin və dünyanı özü ilə hesablaşmağa vadar etsin. Bunun üçünsə Krım kifayət etmir. Bu mənada Polşanın, Baltikyanı ölkələrin narahatlığı anlaşılandır. Əslində Rusiya bu prosesi başlayıb”. Politoloqun qənaətincə, Rusiya Azərbaycana qarşı iki istiqamətdə təzyiqlərə başlayıb. Onun sözlərinə görə, bunlardan birincisi, Qarabağla bağlıdır. Artıq gündəliyə atılmış məsələlərdən biri referendum keçirib

Qarabağın Rusiyaya birləşdirilməsidir: "Real görünmür, amma bir neçə ay bundan qabaq Rusiyanın Krımı işğal edəcəyi də real görünmürdü. Digər tərəfdən, bu gün Rusiya emissarları Gürcüstanda iki istiqamətdə separatçılığı qızışdırmaqla məşğuldur. Birinci, Cavaxetiyada erməni azlığını İrəvan emissarlarının köməyi ilə ayağa qaldırırlar, ikinci, eyni iş Gürcüstan azərbaycanlıları arasında aparılır. Gürcüstanla Azərbaycan arasında etnik ərazi münaqişəsinin yaranması Azərbaycanı çox ciddi münaqişəyə cəlb etməkdir. Bu tərəfdən də Qarabağ məsələsi var. Nəhayət, bu günlərdə mənim çox hörmət etdiyim cənab Vəfa Quluzadə açıq deyib ki, Azərbaycanda Rusiyanın "beşinci kolon”u var. Mən bu fikri tam bölüşürəm. Azərbaycan hakimiyyəti daxilində ölkəni beynəlxalq təşkilatlardan təcrid edən, Qərblə münasibətləri pozan "beşinci kolon” öz neqativ işini görüb və görməkdədir. Hesab edirəm ki, ən böyük təhlükə mənbəyi də budur”.

Kremlin Azərbaycan tərəfə istiqamətlənəcəyi məsələsinə toxunan YAP-çı millət vəkili Eldar İbrahimov hələlik Azərbaycan üçün belə bir təhlükənin gözlənilən olmadığını deyib. Onun sözlərinə görə, mövcud şəraitdə Rusiya rəhbərliyinin Azərbaycana qarşı münasibəti kifayət qədər "isti”dir: "Ukraynadan sonra Rusiyanın Azərbaycanı hədəf alacağını düşünmürəm və belə bir təhlükəni real hesab etmirəm. Rusiya üçün Krım bir tamam başqa məsələ, Azərbaycan və Dağlıq Qarabağ isə başqa məsələdir. Bu gün Rusiya ilə Azərbaycan arasında münasibət çox yaxşıdır. Ölkə başçıları arasında da münasibətlər kifayət qədər normaldır. Bu mənada hələ ki, şimal qonşumuzdan bizə qarşı heç bir təhlükə gözlənilmir”.

Azərbaycanın Gömrük İttifaqı və Avrasiya Birliyinə üzvlük məsələsi ilə bağlı Rusiyanın təzyiqlər edib- etməyəcəyinə gəldikdə isə E.İbrahimov hələ ki, bu mövzuda danışmaq üçün çox tez olduğu qənaətindədir: "Bu layihələrin reallaşdırılmasına hələ çox var və bu barədə hər hansı proqnoz vermək doğru olmaz. Hər şeyi zaman göstərəcək”.

Şəymən