Ceyms özünü nahaq yorur

“Xalq diplomatiyası” Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynamır





ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı "xalq diplomatiyası”nın önəminə diqqət çəkib. Bu barədə öz "twitter” səhifəsində yazan həmsdər qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistan xalqları arasında etimad və qarşılıqlı anlaşmanın qurulması üçün istənilən proqramı dəstəkləyir. Qeyd edək ki, "xalq diplomatiyası” dəfələrlə gündəmə gəlsə də, bununla bağlı səslənən fikirlər birmənalı olmayıb. Son zamanlar isə bu üsul daha çox tənqid olunmağa başlanılıb.

Xarici işlər nazirinin müavini Araz Əzimov da mətbuata açıqlamasında "xalq diplomatiyası”nın Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynamadığını bildirib: "Xalq diplomatiyası özü-özünə həlledici rol oynaya bilməz, nəticədə Ermənistan rəhbərliyindən çox şey asılıdır. Bu, populyar bir termindir. "Xalq diplomatiyası”nın tərkibində müxtəlif metodlar və mexanizmlər var. Çox təəssüf ki, Ermənistanda Qarabağ problemi ilə bağlı plüralizm müşahidə olunmur”. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də qeyd edib ki, "xalq diplomatiyası” adı ilə Qərbin, ABŞ-ın həyata keçirdiyi layihələr nəinki əhəmiyyətsiz, hətta çox təhlükəlidir: "Guya vətəndaş cəmiyyətləri arasında münasibətləri yaxşılaşdırmaq cəhdinin arxasında nəticə etibarı ilə mövcud vəziyyətlə barışmaq kimi çox təhlükəli ideya durur. "Xalq diplomatiyası” yalnız Azərbaycanın Ermənistan tərəfdən işğal olunmuş torpaqlarının azad olunmasından, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə, o cümlədən Xocalı soyqırımına görə rəsmən üzr istəməsindən sonra mümkün ola bilər”. Millət vəkili, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də həmkarı Ə.Hüseynlini dəstəkləyib: "Xalq diplomatiyası” adı altında QHT-lər ermənilərlə əməkdaşlığa gedir

və təəssüflər olsun ki, bu əməkdaşlıqdan yalnız və yalnız ermənilər qazanır. Bəzi təşkilatlar ermənilərlə heç nə olmamış kimi bu və ya digər layihələrin icrasına cəlb olunurlar. Sanki Ermənistan Azərbaycan ərazisini işğal etməyib. Bir milyondan çox azərbaycanlını didərgin salmayıb. QHT-lər, vətəndaş, dövlət nümayəndələri olaraq Ermənistanla müzakirə edəcəyimiz bir mövzu ola bilər: - Necə edək ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları azad olunsun. Bu çərçivədən kənarda görülən hər hansı bir iş, istər mədəniyyət, istər təhsil, istər regional əməkdaşlıqla bağlı olsun, yalnız Azərbaycanın ziyanınadır. Çünki ermənilər bundan sui-istifadə edirlər və toplantılarda olan şəkilləri, görüntüləri xarici ölkələrdə, öz ölkələrində tirajlayırlar. Deyirlər ki, baxın, Azərbaycan və Ermənistan ictimaiyyəti arasında heç bir problem yoxdur, qarşılıqlı səfərlər edir, hətta oturub yeyir-içir, rəqs edir, mədəni tədbirlərdə iştirak edirlər”. Qarabağ müharibəsi veteranı, tanınmış jurnalist Rey Kərimoğlu da qətiyyətlə belə görüşləri qınayır: "Bizim torpaqlar işğal olunub. Hələ də təcavüz davam edir. Ona görə də "xalq diplomatiyası” adı altında belə görüşlərin keçirilməsi, əlbəttə, Ermənistan kəşfiyyatçıları üçün bir fürsət ola bilər”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da qeyd edir ki, bütün hallarda "xalq diplomatiyası” adı altında keçirilən bu cür görüşlərin münaqişənin həllinə heç bir xeyri yoxdur: "Əgər görüşən şəxs hansısa dövlət sirrinə malikdirsə, bilərəkdən və ya bilməyərəkdən görüşlərdə bu sirri saxlamırsa, əlbəttə ki, təhlükəlidir. Qarşısı alınmalıdır. Yox, əgər görüşən fərd heç bir sirrə malik deyilsə, adi bir görüş keçirirsə, məncə, bunun elə bir qorxusu yoxdur. Bütün hallarda məsələyə fərdi yanaşmaq lazımdır”.

Əhrar partiyasının sədri Vaqif Hacıbəyli də "xalq diplomatiyası”nın əleyhinə çıxıb: "Mən ermənilərlə aparılan əməkdaşlığı qəbul etmirəm. Elçibəyin hakimiyyətdə olduğu dövrdə də yazmışam ki, sülh yolu ilə Qarabağı vermək olar, geri qaytarmaq olmaz. İndi də bu mövqeyimdə qalıram”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da vurğulayır ki, işğal olunmuş ərazilər kütləvi şəkildə yandırılır, talan edilir, nümayişkaranə şəkildə Qarabağda hərbi təlimlər keçirilirsə, "xalq diplomatiyası” bizə uğur gətirməyəcək: "Fakt budur ki, hazırkı şəraitdə münaqişənin həlli dalana dirənib və müharibə riski artmaqdadır. Belə şəraitdə bəzi müşahidəçilər "xalq diplomatiyası”nı dalandan çıxmaq üçün ən optimal yol hesab edirlər. Düzdür, "xalq diplomatiyası”ndan xüsusilə II Dünya müharibəsindən sonrakı dövrlərdə geniş istifadə olunmağa başlanılıb. Ancaq ermənilərlə danışıq yolu ilə heç bir anlaşma əldə etmək mümkün deyil. Qardaş Türkiyə hökumətinin son illər Ermənistana yönəlik siyasətinin qarşı tərəfdə necə qarşılandığı hər kəsə məlumdur. Ankara "soyqırım” iddiaları ilə çıxış edən Ermənistana arxivlərini açdı, bu ölkə ilə sərhədlərin açılması istiqamətində sənədlər imzaladı, barışa hazır olduğunu hər an nümayiş etdirdi. Ancaq erməni iddiaları azalmaq əvəzinə, o qədər artdı ki, sonda ölkənin baş naziri Qars şəhərindəki erməni-türk dostluq abidəsinin sökülməsi barədə qərar verdi. Bu baxımdan "xalq diplomatiyası”na yalnız torpaqlar işğaldan azad edildikdən sonra müraciət etmək olar”.

İsmayıl