Araz Əlizadə: “Övladı 500 minlik maşın sürən məmur dərhal işdən çıxarılmalıdır”

“İnanın, o saat həmin qudurğan “papa balalarının” fısı yatacaq”




Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə dünya və ölkə gündəmində müzakirə olunan məsələlərlə bağlı "Şərq”ə geniş müsahibə verib. Fərqli mövzuları əhatə edən müsahibəni oxuculara təqdim edirik.

- Son günlər Türkiyə ilə Ermənistan arasında yaxınlaşma müşahidə olunur. Ərdoğan hökuməti tərəfindən atılan gözlənilməz addımlar da bunu təsdiqləyir. Sizcə, Azərbaycanı narazı salan türk-erməni "sevgisinin” arxasında nə dayanır?

- Ərdoğan hakimiyyəti çalışır ki, xristian dünyasında öz dayaqlarını tapsın. Adını islamçı qoyan bu qüvvə hazırda Qərb dünyasına yaltaqlanmaqla məşğuldur. "Ərəb baharı” zamanı demişdim, yenə də təkrar edirəm, Türkiyə ABŞ-ın və NATO-nun vasitəçisi rolunu oynayır. Anlamaq lazımdır ki, ermənilərin "soyqırım” məsələsi mənəvi mahiyyət daşımır. Burda söhbət təzminatdan, pul davasından gedir. Görürsüz, almanlar hələ də yəhudilərə təzminat verir. Ermənilər də Türkiyədən bu cür yolla yüksək məbləğdə təzminat almağa çalışırlar. Təbii ki, Ankara hökuməti qondarma soyqırımı tanısa, ermənilərin tələb etdiyi pulu verməyə məcbur olacaq. Ermənistan da gündən-günə onlara dəyən "ziyanın” miqdarını artırır. İddia edirlər ki, guya, o vaxt türklər erməniləri "qıranda” onlara bir milyarddan artıq maddi ziyan vurublar.

- Ermənilərlə bağlı edilən güzəştlər qondarma soyqırıma hesablanıb, yoxsa Türkiyə-Ermənistan sərhədlərinin açılmasına?

- Ərdoğan özünü Avropa liderləri ilə bir cərgəyə qoymaq üçün dəridən-qabıqdan çıxır. Buna görə hətta öz xalqını da talan edir. Onun bu siyasəti Türkiyəni uçuruma aparır. Ərdoğan Türkiyənin təməl daşı hesab olunan ordunun hörmətini vurub-dağıtdı. Atatürkün adını aşağıladı. Elə bildi ki, bu hərəkətlərinə görə, kimsə ona "afərin” deyəcək və baş naziri dünya liderləri sırasına oturdacaq. Ancaq Ərdoğan heç vaxt Qərb tərəfindən qəbul olunmayacaq. Bilirsiz də, Koroğludan sonra neçə nəfər öz atasının gözünü kor elədi ki, onlara da Koroğlu desinlər. Ancaq onlara "kor kişinin oğlu” dedilər.

- Türkiyədə Xocalı abidəsinin üzərindəki soyqırım sözünün qətliam sözü ilə əvəzlənməsinə münasibətiniz necədir? Hər iki ifadə eyni anlamı verirmi?

- Siyasətdə çoxlu filoloqlar var. Onlar söz epikurastikası ilə məşğul olaraq olayları fərqli istiqamətə yönəldirlər. Soyqırım olsun, qətliam olsun, bunlar eyni məna ifadə edir. Əsas məsələ odur ki, Türkiyə bu faciənin arxasında dursun. Bilirsiz, yetimə can-can deyən çox olar, amma çörək verən tapılmaz. Ərdoğanın Azərbaycanla dostluqda səmimi olduğuna inanmıram. Zaman keçdikcə, bu həqiqəti başqaları da anlayacaq.

- Azərbaycan üçün narahatlıq doğuran məsələlərdən biri də Kreml tərəfindən həyata keçirilən "SSRİ pasportu” siyasətidir. Azərbaycanda ruspərəst qüvvələrin olduğunu nəzərə alsaq, bu siyasət ölkəmiz üçün hansı təhlükələr yarada bilər?

- Bu, yeni məsələ deyil ki, cəmiyyəti narahat etsin. Artıq Azərbaycanda neçə illərdir rus pasportu verilir. Sadəcə Krım məsələsindən sonra məsələni xüsusi təhlükə kimi qabartmağa başladılar. Guya, Rusiya bundan istifadə edərək Azərbaycanı ələ keçirməyə çalışır və s. Ancaq hamı bilsin ki, Azərbaycanda belə təhlükə yoxdur. Bu cür yanaşmalar savadsız politoloqlar və rusların çörəyi ilə böyümüş insanlar tərəfindən amerikalılara xoş getmək üçün ortaya atılır.

Uzun müddət gündəmin müzakirə mövzusuna çevrilmiş məsələlərdən biri də solçu partiyalara, xüsusən də kommunistlərə qarşı aparılan kampaniyadır. Əvvəlcə ADP sədri Sərdar Cəlaloğlu, daha sonra millət vəkili, AVP sədri Fəzail Ağamalı, indi də tarixçi Nəsiman Yaqublu. Onlar hesab edirlər ki, sol və kommunist partiyalar dövlət müstəqilliyinə qarşı təhlükə olduğu üçün bu cür qurumların fəaliyyətlərinə xitam verilməlidir. Hətta bu partiyaya mənsub şəxslərin Azərbaycan vətəndaşlığından çıxarılmasını belə tələb edirlər.

- Sol partiyaya rəhbərlik edən şəxs kimi solçuların hədəf seçilməsini necə dəyərləndirirsiniz?

- Adı qeyd olunan o üç nəfərin heç biri siyasətçi deyil. Onlar siyasətbazdılar. Bunlar fərqli şeylərdir. Partiya bir qrup deməkdir. Cəmiyyətdə hər hansı bir fikrin tərəfdarları varsa, onlar bir yerə yığışaraq partiya yaradırlar. Bu, çox təbii və normal bir şeydir. Solçuları ittiham edənlər oturub özlərinə baxsınlar. S.Cəlaloğlu ilə Müsavat və AXCP-nin heç bir fərqi yoxdur. Sadəcə, çörəkpulu qazanmaq üçün guya fərqli-fərqli qruplar yaradıblar. Nəsiman nə vaxtdan tarixçi olub? Tarixçi tarixi tədqiq edərək onun məğlubiyyətinin və qalibiyyətinin səbəblərini araşdıran, hadisələri analiz edən insanlara
deyirlər. F.Ağamalı ilə əqidə adamı yan-yana gələ bilməz. Ona görə də, o insan məni qətiyyən maraqlandırmır.

- Azərbaycanda hansı partiya Rusiyanın, konkret olaraq Putinin siyasətini dəstəkləyirsə, onlar daha kəskin formada tənqid olunur. Məsələn, kommunistlər....

- Mən sol partiyanın sədriyəm. Amma Azərbaycanı mənim qədər sevən ikinci bir adam yoxdur. Kommunistlərdən danışmıram. Onlar sol deyil, elə adından da göründüyü kimi kommunistdirlər. Rusiya, SSRİ deyərək bizi tənqid edənlər bilsinlər ki, SSRİ-də sosializm olmayıb. Sosializm görmək istəyənlər gedib Norveçə, İsveçə baxsınlar. Sosializm həmin dövlətlərdə olub. İndi də bu ölkələr sosializmə doğru gedirlər. Çünki dünyada insanların haqq və hüquqlarını qoruyan yeganə siyasi qüvvə sollardır. Dünya durduqca, bu belə də olacaq. Bu ideologiyanı sıxışdırıb boğmaq istəyənlərin özləri elə Leninin, Stalinin tayıdırlar.

- Ola bilərmi ki, solçuları qaralayan sağçılar siyasi dividend əldə etmək üçün bu cür davranışlar sərgiləsinlər?

- Ola bilər. Amma məsələ burasındadır ki, bizi tənqid edən adamları Azərbaycan xalqı çox gözəl tanıyır. Onların keçmişini yaxşı bilirlər. Həmin şəxslər özlərini assalar da, arvad donundan kişi donuna keçsələr də, camaatın gözündə dəyişməyəcəklər. Sadəcə, gündəmdə qalmaq üçün bu cür əsassız ittihamlar ortaya atırlar. Qoy, danışsınlar.

- Cəmiyyətin ciddi reaksiyasına səbəb olan məmur övladlarının özbaşınalığı məsələsinə münasibətinizi bilmək maraqlı olardı. Bu xoşagəlməz halı aradan qaldırmaq üçün hansı siyasəti tətbiq etmək faydalı olar?

- Məmur övladlarının özbaşınalığının qarşısını almağın bir yolu var. Uşaqları "at oynadan” valideynlər dərhal tutduqları vəzifədən uzaqlaşdırılmalıdır. İnanın, o saat həmin qudurğan "papa balalarının” fısı yatacaq. Ancaq bütün məmurlara bərabər gözlə baxmaq olmaz. Elə məmur var ki, heç kəs onun övladını tanımır. Məmur da var ki, öz balasını cəmiyyətin bütün dərmə-deşiyinə soxur. Sanballı məmurların uşaqları o cür qudurğan hərəkətlər etmirlər. Özlərini adam kimi aparırlar. Amma səviyyəsiz məmurların övladları bir az pul görən kimi yaxalarını cırırlar, başlayırlar hoqqabazlıq etməyə. Bunlar da əsasən oğurluqla pul qazanmış şəxslərin balalarıdır. Yenə deyirəm, əgər hər hansı bir məmurun övladı 500 minlik, 1 milyonluq maşın sürürsə, o məmur avtomatik işdən çıxarılmalı və barəsində cinayət işi açılmalıdır. Çünki bizdə heç bir məmur elə yüksək maaş almır ki, gedib həmin pulla oğluna bahalı avtomobil alsın. Əgər alıbsa, deməli, rüşvətlə alıb.

İsmayıl