Aqşin Yenisey: “Zəng edib, Aynur xanımı narahat etmək istəmirəm”

“Mayın 1-də məzuniyyətdən qayıdıb, onunla təkbətək söhbət edəcəm”




Aqşin Yeniseyin 1937.az saytından işdən çıxarılması ilə bağlı mətbuatda məlumatlar yayılıb. Yayılan məlumatlarda A.Yeniseyin, guya, səhhətinə görə işdən çıxdığı göstərilir.

Buna münasibət öyrənmək üçün saytın rəhbəri,  Aynur Camalqızı ilə əlaqə saxladıq. Lakin o, bu barədə danışmaq istəmədiyini bildirdi. Aqşin Yenisey isə "Şərq”ə açıqlamasında xaricdən qonağı gəldiyi üçün sadəcə bir həftəlik məzuniyyət götürdüyünü söyləyib: "İki-üç gündür işə çıxmıram. Qonaqlara başım qarışıb. Redaksiyada nə söhbətlər olub, kim "facebook”da bu barədə nə yazıb, onlardan məlumatım yoxdur. "Face”dən kim necə nəticə çıxardaraq, xəbər kimi sayta yerləşdirib, bilmirəm. Çünki "facebook” səhifəm bağlıdır. İndi bununla bağlı bir neçə saytda informasiya getdiyini görürəm. Konkret olaraq mənə sayt rəhbərliyindən bununla bağlı heç nə deyilməyib. Sadəcə, sizin kimi zəng edib, məndən bu barədə soruşulanda məlumatım olub”. A.Yenisey məsələ ilə bağlı A.Camalqızı ilə əlaqə saxlamadığını deyib: "Bu, gəzən söz- söhbətlərdirsə, Aynur xanıma zəng edib deməyimin heç bir mənası yoxdur, narahat etmək istəmirəm. Mayın 1-də məzuniyyətdən qayıdıb, onunla təkbətək söhbət edəcəm. Bundan sonra bu saytla bağlı hansı qərarın veriləcəyi məlum olacaq. Kimin baş redaktor və ya şef redaktor olmasından asılı olmayaraq əsas saytın fəaliyyəti dayanmasın”. Yazıçı A.Yenisey həmçinin rəhbərliklə münasibətlərində ciddi problemin olmadığını da qeyd edib: "Baş redaktorluğumun rəhbərliyi qane etməməsini də istisna etmirəm. Saytdan redaktorumuz və bir neçəsi işdən çıxdı. Buna görə də bütün yazıları mən redaktə edirdim. İşləri çatdıra bilmədiyimə görə, nə isə narazılıq ola bilər. Lakin hələ mənə belə iradlar deyilməyib”.

Vüqar Şahinoğlu