Zorlama faktı və baş redaktorun yandırılması...

Kriminalist-ekspert iddia edir ki, iki ayrıca istintaq aparılmalıdır




"Mizan-tərəzi” qəzetinin baş redaktoru Sadiq Sultanovun yandırılma ehtimalları güclənir. Xatırladaq ki, aprelin 26-da Bakıda yaşayış binası yanıb. Suraxanı rayonunda yanan birmərtəbəli binadan yanğınsöndürənlər kişi cəsədi aşkar ediblər.

Tapılan cəsədin 1989-cu il təvəllüdlü S.Soltanova məxsus olduğu bildirilir. Hadisənin daha çox diqqət çəkən tərəfi, baş redaktorun bir neçə gün öncə işçisi Sevinc Rəhimovanı zorlaması faktıdır.

Qeyd edək ki, bu ayın 19-da mediada qadın jurnalistin baş redaktoru tərəfindən zorlanması barədə məlumat yayılmışdı. Binəqədi Rayon Polis İdarəsindən bildirilmişdi ki, 5-ci bölməyə 28 yaşlı Sevinc Rəhmanova (ad etik səbəblərdən dəyişdirilib -red.) müraciət edərək aprelin 10-da Ziya Bünyadov prospektində yerləşən "M...” qəzetinin 25 yaşlı baş redaktoru tərəfindən zorlandığını bildirib.

S.Rəhmanova şikayət ərizəsində həmin qəzetdə işlədiyini və elə qəzet redaksiyasında zorlandığını qeyd edib. Polis idarəsindən verilən məlumata görə, hələlik baş redaktorun günahkar olduğu sübut edilməyib. Bundan başqa, müstəntiq niyə qızın məhz 9 gündən sonra müraciət etdiyini araşdırır. Zorlama faktının sübut olunmasının çətin olduğu deyilir.

Məsələdə zorlanma və ölüm hadisələrindən söhbət getdiyini deyən kriminalist-ekspert İlqar Altay "Şərq”ə söyləyib ki, bunlar Azərbaycan cinayət qanununda şəxsiyyət əleyhinə ağır cinayətlər sayılır: "İşə hüquq-mühafizə orqanları ciddi yanaşmalıdırlar. Ölkəmizdə belə cinayətkarlığa qarşı mübarizə çox dolğun aparılır. Artıq cəmiyyət və mətbuat məsələni diqqətdə saxlayır”.

Ekspert qeyd edib ki, sözügedən olaylar arasındakı əlaqə aydınlaşmalıdır: "Ola bilsin ki, S.Sultanov məsuliyyətdən yaxa qurtarmaq üçün belə addım atıb. Onun qisas zəminində yandırılması da mümkündür. Yanğının təsadüfən baş verməsi də başqa bir ehtimaldı”.

İ.Altayın qənaətincə, səbəblərin müəyyənləşməsi üçün iki ayrı istintaq aparılmalıdır: "Ümid edirəm, məsələnin açılması hüquq-mühafizə orqanlarımız üçün çətin olmayacaq. Cəmiyyət üçün qaranlıq məqamlar qalmayacaq”.

Ayyət Əhməd