Gülər Əhmədovanın halı pisləşdi






Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə şahid Tavad Şirvanova ifadə verib.

Şahid bildirib ki, Sevinc Babayeva ilə hüququ müdafiəçisi Novella Cəfəroğlunun ofisinə gedərək orada Elşad Abdullayevin qanunsuzluqları barədə hüquq müdafiəçisi Məmməd Zeynalovla söhbət ediblər: "Çəkiliş apardıq ki, əlimizdə sübut olsun. Elşad Abdullayev Sevinc Babayevanı müflis eləmişdi. Sevinc Babayeva da Gülər Əhmədovadan xahiş eləmişdi ki, bizim pullarımızı geri qaytarmaq üçün Elşad Abdullayevlə görüşüb, danışın”.

Gülər Əhmədova özünü pis hiss etdiyi üçün məhkəmədə fasilə yaranıb.

Fasilədən sonra digər şahid Zülfiyyə Bayramova ifadə verib. O, Sevinc Babayeva ilə jurnalist Əvəz Zeynallının məhkəməsində tanış olduqlarını açıqlayıb: "Sevinc Babayeva orada mənə yaxınlaşıb Elşad Abdullayevin onun başına açdığı oyunlardan danışdı. Mən də onları Novella Cəfəroğlunun ofisinə apardım. Orada Elşad Abdullayevin qanunsuz hərəkətlərindən danışıldı”.

Daha sonra şahid qismində Lüdmila Məmmədova ifadə verib. Şahid danışmamaq üçün ona Fransadan təzyiqlər edildiyini bildirib: "Elşad Abvdullayev məni, Sevinc Babayevanı müflis eləmişdi. Biz də Novella Cəfəroğlunun ofisinə gedib dərdimizi orda danışdıq”.

Gülər Əhmədovanın vəziyyəti pisləşdiyi üçün prosesdə yenidən fasilə elan edilib.

Fasilədən sonra G. Əhmədova məhkəmədən xahiş edib ki, çıxışa hazırlaşmaq üçün ona vaxt verilsin: "Məhkəmə prosesləri tez-tez keçirilir. Səhhətim buna imkan vermir. Mənə vaxt verin, hazırlaşım. Vəkillərimlə görüşmək istəyirəm. Bəlkə kiməsə adi iş günü kimi gəlir, amma mən hər gün eyni şeyi təkrar yaşayıram”.

Bundan sonra hakim prosesin sabah davam etdiriləcəyini elan edib.