Mayda əfv gözlənilir

Hüquq müdafiəçiləri siyahı üzərində iş getdiyini bildirir




Artıq uzun illərdir ki, bayramlar və əlamətdar günlər ərəfəsində azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı əfv fərmanı imzalanır. May ayında, mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illiyi və ya 28 May Respublika günü münasibətilə əfv, yaxud da amnistiya olacağı barədə məlumatlar yayılmaqdadır.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da may ayında böyük əfv olacağı qənaətindədir. Hazırda əfv siyahısı üzərində iş getdiyini vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, əfv fərmanının Heydər Əliyevin doğum günü, ya da Respublika günündə imzalanacağı gözlənilir: "May ayında böyük əfv və ya amnistiyanın olacağı gündəmdədir. Hüquq müdafiəçiləri olaraq biz də müraciətlərimizi etmişik. Siyahıya "OMON”-dan iki nəfər, sabiq səhiyyə naziri Əli İnsanov, Tofiq Yaqublu, "NİDA”çı gənclər, İlqar Məmmədov, Nemət Pənahov və hazırda həbsdə olan jurnalistlər daxildirlər. İstərdik ki, onların hamısı rəsmi əfv siyahısına düşsün və Azərbaycanda siyasi məhbus məsələsi birdəfəlik həll olunsun”. Sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı əfv üçün müraciət edib-etməməsinə gəlincə, N.Cəfəroğlu bildirib ki, onun məhkəməsi davam etdiyindən bu məsələ gündəmdə deyil: "Gülər Əhmədovaya qarşı irəli sürülən ittihamlar təsdiqlənərsə, onun siyahıya daxil edilməsi nəzərdən keçirilə bilər”.

Millət vəkili, Milli Məclisin Əfv komissiyasının üzvü Məlahət Həsənova isə may ayında əvf sərəncamının imzalanması ilə bağlı məlumatlı olmadığını deyib: "Bu barədə dəqiq məlumatım olmadığı üçün heç nə deyə bilmərəm”.

Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadənin sözlərinə görə isə əfv sərəncamını imzalamaq cənab prezidentin konstitusion hüququdur və istədiyi vaxt bu hüquqdan yararlana bilər. Bu da əlamətdar günlərə təsadüf edə bilir. Ola bilər, cənab prezident may ayında, ya da başqa bir vaxtda əfv fərmanı versin. Yəni hər hansı bir sənəddə qayda yoxdur ki, mütləq hansısa vaxtda əfv olmalıdır”. Ç.Qənizadə qarşıdan gələn əfv fərmanında onların da müraciətlərinin nəzərə alınacağını bildirib: "Monitorinq Qrupunun üzvləri - mən, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı əfvlə bağlı cənab prezidentə müraciət etmişik. Bu müraciətdə əsasən siyasi motivlərə görə həbs edildiyi iddia olunan dustaqların əfv edilməsini ölkə başçısından xahiş etmişik. Cənab prezident bizim müraciətə zaman-zaman diqqətlə, həssaslıqla yanaşıb. Belə hesab edirəm ki, qarşıdan gələn əfv fərmanı nə vaxt olacaqsa, bizim müraciətlərimiz də nəzərə alınacaq”.

Şəymən