Leyla Yunusu Azərbaycandan qaçırmaq istədilər






Aprelin 28-də Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Baş Pokurorluğa dəvət olunub. Ona vətənə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirova qarşı açılmış cinayət işində adının keçdiyi, izahat üçün prokurorluğa dəvət olunacağı deyilib və ölkəni tərk etməməsi barədə xəbərdarlıq olunub. L.Yunus bildirib ki, tələb olunan vaxtda Baş Prokurorluğa gəlməyə və izahat verməyə hazırdır.

Lakin L.Yunus həyat yoldaşı Arif Yunusla birlikdə, xəbərdarlığa baxmayaraq, elə aprelin 28-də gecə saat 23:00 radələrində, gizli şəkildə Azərbaycanı tərk etməyə cəhd göstərib. Hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra onların Azərbaycandan çıxmaq cəhdlərinin qarşısı alınıb.

Leyla Yunus Baş Prokurorluğun İstintaq İdarəsinə gətirilib və ondan şahid qismində izahat alınıb.

Saxlanılması zamanı siyasi şou yaratmağa cəhd göstərən L.Yunus, özünü elə aparıb ki, sanki buna qarşı hansısa güc tətbiq edilib.

Leyla Yunus onun evinə gələn polisləri təhqir edib, onların ünvanına nalayiq ifadələr işlədib, polis zabitinin papağını başından çıxararaq yerə atıb. O, özünü son dərəcə nalayiq aparıb və saxlanmasından siyasi şou düzəltməyə çalışıb.

Hüququ mühafizə orqanlarındakı mənbə isə L.Yunusun həbs olunması barədə məlumatı təkzib edib: "Heç kim onu həbs etməyib və ona qarşı hər hansı ittiham irəli sürülməyib. L.Yunus siyasi şou düzəldir”.

Sonrakı məlumatlar isə daha maraqlıdır. Məlum olub ki, R.Mirqədirovun həbsindən sonra Fransanın Azərbaycandakı səfirliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Leyla və Arif Yunusların Azərbaycandan çıxarılması ilə bağlı xüsusi plan hazırlayıblar.

APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə aprelin 28-də 2 saat ərzində Fransanın Azərbaycandakı səfirliyi L.Yunus və onun əri A.Yunusa 5 illik viza rəsmiləşdirib. Elə həmin gün axşam saat 23:00 radələrində L.Yunus Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili və "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəliblər. Həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, şübhə doğurmamaq üçün L.Yunusun Azərbaycandan Dohaya, oradan isə Parisə çıxarılması planlaşdırılıbmış.

ABŞ və Fransa səfirliklərinin nümayəndələri L.Yunus və onun həyat yoldaşının hava limanından maneəsiz keçməsini təmin etməyi öz üzərlərinə götürüblərmiş.

Lakin Azərbaycan hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra bu plan baş tutmayıb, L.Yunus Baş Prokurorluğa gətirilib və ondan izahat alınıb.

Buradan aydın olur ki, Yunus ailəsini ölkədən çıxarmaq cəhdi ilə xarici ölkə səfirlikləri qanun pozublar. ABŞ və Fransa səfirliklərinin fəaliyyəti Azərbaycanın daxili işlərinə kobud müdaxilə və "Diplomatik xidmət haqqında” 1961-ci il Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Fransa və ABŞ səfirlikləri öz əməkdaşlarının qeyri-qanuni əməlləri ilə bağlı izahat verməlidirlər.

"Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusa uzunmüddətli viza verilməsi, onları hava limanına qədər xarici səfirliyin nümayəndəsinin müşayiət etməsi müəyyən müəmma yaradır. Belə çıxır ki, kimlərsə Leyla Yunus və onun həyat yoldaşının Azərbaycandan xaricə çıxmasında və yaxud çıxarılmasında, daha tez getməsində maraqlı olublar”. Bunu isə açıqlamasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. M.Qurbanlının sözlərinə görə, hər bir ölkə öz milli təhlükəsizliyini təmin etmək üçün cari işlərini yerinə yetirir və bununla bağlı dövlətin hüquq mühafizə orqanları fəaliyyət göstərir: "Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı məsələlərdə, ölkəmizin qarşısında duran vəzifələrin həllində bizim hüquq mühafizə sistemində çalışan əməkdaşlarımız, hesab edirəm ki, yüksək peşəkarlıq nümayiş etdirirlər. Öz milli təhlükəsizliyimizi qorumaq üçün vaxtaşırı müəyyən qəti addımlar atılır”. Millət vəkili vurğulayıb ki, dövlətə xəyanətdə şübhəli bilinən jurnalist Rauf Mirqədirovun məsələsi gündəmə çıxandan sonra Leyla Yunus bununla bağlı çox canfəşanlıq edir: "O, nədən bu məsələyə bu qədər diqqət yetirir, istintaqın gedişini və nəticəsini gözləmədən hay-küy qaldırır? Məntiqlə düşünəndə, görünür, Rauf Mirqədirovun saxlanılması hansısa formada Leyla Yunusu narahat edir”.

YAP rəsmisi qeyd edib ki, Leyla Yunus və onun həyat yoldaşının saxlanılmasında siyasi rəng axtarılmamalıdr.

Hüquq müdafiəçisi, millət vçəkili Çingiz Qənizadə isə məsələyə münasibət bildirərkən, ilk öncə L.Yunusun İstintaq İdarəsinə çağrılarkən, mətbuat qarşısında şou göstərdiyini vurğulayıb: "Burada qeyri adi nəsə yoxdur. Zərurət yaranarsa istintaq hərəkətləri ilə bağlı dindirilməsi üçün Leyla Yunusun ölkədən çıxmasına qadağa qoyula bilər.

İstənilən şəxsin müəyyən istintaq hərəkətləri ilə bağlı şahid qismində dindirilməsi zərurəti yarandığında müvəqqəti olaraq ölkədən çıxışına qadağan qoyula bilər. Amma bunu bilə-bilə istər Leyla Yunus, istərsə də başqası ölkədən çıxmağa cəhd edirsə, təbii ki, bu, yolverilməzdir”. Ç.Qənizadənin sözlərinə görə, Leyla Yunus ictimaiyyəti cəlb edə biləcək şouların yaranmasında həmişə maraqlı olub: "Videoda Leyla Yunusun evinin qarşısında düzənlədiyi şouya baxdım. Əlində alma yeyə-yeyə polisin papağını yerə atmaq, qadın olsa da tualetə getdiyi anı təsvir etməklə, qışqıra - qışqıra sözlərini deməsi, bütün bunlar Leylanın şoularından biridir. Leyla həmişə bu cür şouları düzəltməkdə maraqlı olub və indi də onun əlinə bir məqam düşüb.

Ç.Qənizadə hesab edir ki, hüquq müdafiəçisi bu cür şoulardan istifadə etməyə çalışır: "Bütün bunlar onu görədir ki, sabah Leyla Yunus bütün bunlardan istifadə edərək, xarici dövlətlərin, xarici təşkilatların yanında özünün əzabkeş obrazını ortaya qoysun, gələcəkdə bunlardan bəhrələnsin. Əlbəttə baş verənləri pisləyirəm, hesab edirəm ki, hüquq-mühafizə orqanlarının çağırışına və onların ortaya qoyduğu hər hansı bir məhdudiyyətə, tələbə qanuni şəkildə əməl etmək lazımdır. Bundan şou düzəltmək olmaz. Hələ gələcəkdə nə baş verəcəyi bilinmir. Burada Leyla Yunusun bir marağı var, yaranan situasiyadan şou düzəltmək və bu şounun altında özünə maraqlı bir siyasi divident əldə etmək. Onun buraxılması gözlənilən idi, çünki onun barəsində hər hansı bir qərar olmalıdır, təbii ki, o, dindirilib,sərbəst buraxılmalı idi”.

Anar Bayramoğlu