50 manata çay olar?

Dənizkənarı bulvarda qiymət özbaşınalığına “dur” deyən yoxdur




Dənizkənarı bulvarı istirahət və əyləncə yeri olaraq seçənlər qruplara bölünür. İmkanlı, varlı təbəqənin mənsubları Milli Parkdan könülləri dilədiyi kimi istifadə edirlər. Avtomobillərini pullu dayanacaqlarda saxlayıb oradakı restoran və kafelərə gedir, qiyməti adambaşı 5 manat olan "Şeytan çarxı”na da, digər attraksionlara da minir, kefləri istəyəndə dəniz gəzintisinə də çıxır, qısası, "polnı” istirahət edirlər.

Bir qisim də var ki, dənizkənarı parkı yalnız skamyada əyləşib veteran dostları ilə, ağsaqqallarla dərdləşmək, ya da domino, şahmat oynamaq üçün seçir. İmkansız, kasıb təbəqənin nümayəndələri isə bir dəfə gəzməyə çıxanda, təkrar bəlkə 3-4 aydan sonra bulvara getməyə ürəklənirlər. O zaman ki, neçə ay öncə xərclədikləri pulu bir daha toplayırlar. Çünki bulvardakı qiymətlərlə nəinki kasıb, heç orta səviyyəli ailə də nəinki hər bazar, heç ayda bir dəfə də əylənməyə cürət etmirlər. Sadə bir səbəbdən; bulvardakı qiymətlər aylıq gəlirlərinə uyğun gəlmir.

Bunlar, gəlişi gözəl sözlər deyil. Altında iqtisadi əsaslandırma "yatır”.

İqtisadçı Vüqar Bayramov dənizkənarı parkdakı qiymətlərin orta statistik Azərbaycan ailəsinin aylıq büdcəsi ilə müqayisəsini aparıb. Nəticə belədir; ayda iki dəfə attraksionlardan istifadə minimum əməkhaqqının 38, orta aylıq əməkhaqqının 10 faizini təşkil edir. Yəni, məsələn, ailələr iki övladlarını bulvara aparıb "Şeytan çarxı”na mindirmək istəyirlərsə, hər uşağa görə 5 manatdan 10 manat. Nəzərə alsaq ki, azyaşlı uşaqları "Şeytan çarxı”na heç bir ata-ana təkbaşına mindirməz, özləri də mütləq onların yanında əyləşmək məcburiyyətindədirlər, o zaman xərclər 20 manata qalxacaq. Deməli, bir attraksiona görə, ailə 20 manatından keçməlidir ki, nə var, nə var, şəhərə yüksəklikdən 5 dəqiqə baxacaqlar. Təbii. Bunsuz da keçinmək olar. Uşağın nə işi var, "göyün yeddinci qatı”nda ki, hələ bir ata-anası da ona qoşulmaq məcburiyyətində qalsın?! Hətta üzə düşüb "şəhəri görmək istəyirsiniz, gedin, Şəhidlər Xiyabanına, "Əbədi məşəl” kompleksinin yanına, oradan həm şəhəri seyr edin, həm də uşaqlarınıza vətənpərvərlik hissləri aşılayın” məsləhətini də verə bilərik. Ya da, heç dağa-daşa düşməsinlər. Elə həyət-bacada bir ağac tapıb kəndirdən yelləncək assınlar, uşaqlar da növbə-növbə yellənsin.

Onda sual yaranar ki, bəs dənizkənarı bulvar, oradakı yelləncəklər, maşınlar, qatarlar, attraksionlar kimin üçündür? Elə bilirsiz, deyəcəyik, varlılar üçün? Xeyr. Dövlət bulvarı da, attraksionları da cəmi Azərbaycan vətəndaşlarının istifadəsi üçün nəzərdə tutub. Sadəcə, problemin kökü həmin "Şeytan çarxı” kimi göylə uçan qiymətlərdədir.

Burada vacib bir məqamı xatırladaq ki, Prezident İlham Əliyev 2011-ci ilin yanvar müşavirəsində süni qiymət artımlarının yolverilməz olduğunu demişdi, 2014-cü ilin 16 yanvarında imzaladığı sərəncamla da bunu rəsmən təsdiq etdi. Bəs kimlərdir, süni qiymət artımına rəvac verənlər?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında dənizkənarı bulvardakı şişirdilmiş qiymətlərlə bağlı Bulvar idarəsinin müdiriyyətinə də, İqtisadi İnkişaf Nazirliyinə də dəfələrlə müraciət etdiyini, lakin bu qurumların heç birindən cavab almadığını bildirdi:

- Bizə bulvardakı xidmət haqları ilə bağlı əhalidən çoxsaylı şikayətlər daxil olur. Bulvarda təklif edilən əsas xidmətlər maya dəyərindən bir neçə dəfə bahadır. Əhali şikayət edir ki, bulvarda bir çaydan çay üçün 50 manat ödənməsi tələb olunur. Çay dəsti əlavə şirniyyatlarsız verilmir. Gərək şirniyyatları da alasan. Dondurmanın qiyməti çox bahadır. Bulvardan kənarda 30 qəpiyə satılan dondurma, burada 40-50 qəpiyə satılır. "Coca-Cola”nın üzərində satış qiyməti olduğu halda qiymətindən baha satılır. Mən bununla bağlı "Coca-Cola”nın baş ofisinə müraciət etmişəm, bildiriblər ki, faktı araşdıracaqlar. Hələ də araşdırırlar. Cənab Prezident həm 2011-ci ilin yanvar ayında keçirdiyi müşavirədə, həm də 2014-cü ilin 16 yanvar tarixində imzaladığı sərəncamda süni qiymət artımının, şişirdilmiş qiymətlərin yolverilməz olduğunu bildirib. Ancaq bəzi sahibkarlar hardasa itirdikləri xərcləri qiymətlərin üzərinə gəlməklə məşğuldurlar. Süni qiymət artımı ilə daha çox qazanc əldə etmək istəyirlər.

Dənizkənarı bulvardakı attraksionların qiymətini sahibkarlar təyin edir. Ancaq onlara belə bir haqq verilməyib ki, sərbəst dəyərləndirmə imkanından sui-istifadə edib 50 qəpiklik xidmətə görə 5 manat tələb etsinlər. Dənizkənarı bulvarda xidmət haqları həqiqətən də çox yüksəkdir. Və vətəndaşların imkanları xaricindədir. Ona görə də bulvardakı qiymətlər təcili surətdə tənzimlənməlidir.

Məlahət Rzayeva