Fərahim İlqaroğlu: “Məni bir neçə gün izləyiblər”

“Bəlkə də məni döyən şəxsi müəyyənləşdiriblər, xəbərim yoxdur”




Xəbər verdiyimiz kimi, bu günlərdə "Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlu gözlənilməz hücuma məruz qalıb. Jurnalist yaşadığı evin blokundan çıxarkən (Nizami rayonunda, redaksiyaya yaxın binaların birində yaşayır) tanımadığı bir şəxs ona qəflətən hücum edib:

"Blokdan çıxan kimi bir nəfər tanımadığım şəxs məni çağırdı. Dayandım. "Burada yaşayırsan”, deyə soruşdu. Təsdiq etdim. Qəflətən boğazımdan yapışıb, digər əli ilə vurmağa başladı. Eyni anda məni bloka doğru itələdi. Bir neçə zərbədən sonra əlini cibinə atdı. Bıçaq çıxartdı. Anladım ki, məni

vuracaq. Çırpındım, əlindən çıxdım. Bu anda qonşu evindən çıxdı. Qışqırdı ki, "nə edirsən?”. Həmin adam dərhal qaçdı”.

Hadisə nəticəsində jurnalist üz nahiyəsindən zədələr alıb, dişi sınıb, dodağı partlayıb.

Qeyd edək ki, sözügedən hadisədən öncə həmkarımızın avtomobili avtoxuliqanlıq edən bir şəxs tərəfindən vurulub. Jurnalist qəza törədən şəxsi avtomobilinə yerləşdirilmiş videokameranın köməkliyi ilə tapdırıb.

Hadisənin həmin qəza olayı ilə bağlı olub-olmadığı hələlik bilinmir. Məsələ barədə əlaqədar quruma məlumat verilib.

Cinayətlə bağlı yenilikləri və cinayətkarın kimliyinin məlum olub-olmamasını öyrənmək üçün F.İlqaroğlu ilə əlaqə saxladıq.

İşin Nizami Rayon Polis İdarəsi 7-ci polis bölməsi tərəfindən araşdırıldığını deyən jurnalist "Şərq”ə açıqlamasında qeyd edib ki, bu gün (dünən) saat altı üçün sözügedən bölməyə çağırılıb: "İşə idarənin rəisi Lətif Cahangirovun özü baxır. Məni bölməyə də məhz o çağırdı. Ola bilər ki, təqsirkarı tutub gətiriblər. Yəqin üzləşdirmə olacaq. Amma nəyə görə çağırıldığım barədə heç bir səhih məlumatım yoxdur. Bundan əvvəl də bir neçə dəfə çağırıb ehtimallar üzərində sorğu-sual etmişdilər. Çağırılmağımın səbəbini demədi. Mütləq gəlməyimi tələb etdi. Məsələ hələlik mənə də qaranlıq qalır”.

Həmkarımız onu da diqqətə çatdırıb ki, hadisə yalnız maşınındakı deyil, həmin ərazidə mövcud olan təhlükəsizlik kameraları tərəfindən də lentə alınıb: "Hüquq-mühafizə orqanları bunu əldə edə bilərlər. Həmin görüntünü diqqətlə izləsələr, hadisəni törədən şəxsin kimliyini aydınlaşdıra bilərlər. Bəlkə də müəyyənləşib, mənim xəbərim yoxdur”.

İndiyə kimi heç bir təhdidlə üzləşmədiyini deyən jurnalist cinayətin açılması ilə bağlı polis əməkdaşlarına köməklik göstərdiyini söyləyib: "Maşınımdakı kameranın çəkdiyi videogörüntüləri təqdim etmişəm. Bütün versiyaları səsləndirmişəm. Güman edirəm ki, cinayətkar qısa müddətdə tapılacaq. Çünki elə hallar olub ki, görüntüsü olmadan müəyyənləşib. Başıma gətirilən hadisə barədə isə videogörüntülər mövcuddur”.

Döyülmə prosesinin məxsusi hazırlandığını iddia edən həmkarımızın qənaətincə, həmin şəxs idmançı olub: "Görünür, məni bir neçə gün izləyiblər. Bu kimi faktlar deməyə əsas verir ki, onun kimliyi yaxın günlərdə məlum olacaq. Gözləyək görək necə olacaq”.

F.İlqaroğlu onu əlavə edib ki, hücuma məruz qalmasının səbəbini bilmir: "Həmin şəxsi tanımıram”.

Ayyət Əhməd