İmranın babası 1,5 milyondan da artıq təzminat tələb edə bilərdi

İradə Cavadova: “Əgər hakim bu məbləği çox görürsə və qərar qəbul etməkdə tərəddüd edərsə, təəssüf edərəm”




Xaçmaz Rayon Məhkəməsində keçən il iyulun 21-də "Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan şəxslərin daha bir məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin ifadələri dinlənilib. İfadə verənlərdən Rəşad Zərbəliyev dövlət tərəfindən təyin olunmuş vəkildən imtina edib. Həmçinin İmranın babası Cavanşir Baxşıyev məhkəmədən "Nabran Holiday Village”nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat ödəməsini istəyib. Növbəti məhkəmə prosesi isə may ayının 13-də keçiriləcək.

Hüquqşünas İradə Cavadova isə "Şərq”ə qanunvericilikdə təzminat məbləğinə limit qoyulmadığını söyləyib: "Sahibkar o hovuzu təmizlədərkən və ya hansısa işlər görərkən onun mühafizəsini təmin 
etməyə borclu idi. Bu işlər görülərkən ora heç kim buraxılmamalı idi. Həmin yer mühafizə edilməliydi. Orada təhlükəsizlik təmin olunmayıb”.

İmranın babasının təzminat istəmək hüququ var. Daha çox məbləğ istəyə bilərdi. Ümumiyyətlə, nəinki uşaq hüquqları, eləcə də insan hüquqları haqqında qanunda insanların təhlükəsizlik məsələləri öz əksini tapıb. Əgər hakim bu məbləği çox görürsə və qərar qəbul etməkdə tərəddüd edərsə, təəssüf edərəm. Uşağın ailəsinin Avropa Məhkəməsinə qədər gedəcəyini düşünürəm”.

İ.Cavadova mövzu haqqında danışarkən digər maraqlı məqama da toxunub. Onun sözlərinə görə, bir xanım ona ginekoloq-həkimdən şikayət edib: "Həmin şəxs ginekoloq tərəfindən düzgün əməliyyat aparılmadığına görə xəsarət alıb. Bu dəymiş zərərə görə həkimi məhkəməyə verməyə hazırlaşırıq. Artıq bununla bağlı bütün sənədlər hazırlanır. Məhkəmədə ondan 2 milyon manat civarında təzminat tələb edəcəyik”.

Vüqar Şahinoğlu