Kremlin təzyiqləri uzun çəkməyəcək

Ukrayna artıq özünün müdafiə potensialını bərpa edə bilir



Vaşinqton Moskvaya qarşı iqtisadi sanksiyalarını gücləndirib. ABŞ prezidenti Barak Obama Rusiya hökumətinin 7 rəsmisinə və Putinə yaxın olan 17 şirkətə qarşı sanksiyalar elan edib. Bu təzyiqlər hesabların dondurulmasını, viza qadağalarını və lisenziya verilməməsini nəzərdə tutur. Ağ Ev bildirir ki, yeni siyahıda 2 nəfər Putinin yaxın çevrəsinə daxildir. Ancaq müşahidəçilərin fikrincə, həmin 2 nəfərdən biri "Rosneft” şirkətinin prezidenti İqor Seçindir. Digəri isə hökumətdə texnoloji məsələlərə rəhbərlik edən Sergey Çemezovdur.

Ağ Ev rəhbərinin addımına rusiyalı həmkarı Vladimir Putin dərhal reaksiya verib. Kreml rəhbəri bildirib ki, Rusiyanın Ukraynadan müdafiə xarakterli məhsulların ixracatını dayandırmasına hazırlanan sanksiyalar uğur qazanmayacaq: "Bu, bir-birinə uyğun gəlməyən vasitələrlə edilən cəhdlərdir. Adekvat əvəzləmənin yolunu tapacağıq. Biz irəli gedəcəyik. Müttəfiqlərimiz isə fiaskoya uğrayacaqlar”.

Politoloq Qabil Hüseynli "Şərq”ə bildirib ki, Avropa Birliyi və ABŞ, Moskva tərəfindən dünyanın yeni geosiyasi xəritəsinin qurulmasına, yeni imperialist planlarının həyata keçirilməsinə imkan verməyəcək: "Rusiyanın indiki fəallığı müvəqqətidir. Kreml Ukrayna və digər regionlarda reallaşdırdığı işğalçılıq siyasətinə görə üzr istəməyə məcbur ediləcək. Rusiyaya qarşı belə bir addımın atılması müəyyən vaxt apara bilər. Çünki hələlik Rusiyanın əlində Avropaya təsir etmək üçün rıçaqlar var. Həmin rıçaqların Kremlin əlindən alınması prosesləri gedir. Qərb Rusiyadan olan enerji asılılığını azaltmağa çalışır. Bunun ilkin nəticələri artıq hiss edilir. Rusiya iqtisadiyyatının bütün istiqamətlərində ciddi zəifləmələr qeydə alınır. Moskva bundan narahat olmalıdır”.

Ekspert qeyd edib ki, Rusiya Krımdan sonra Şərqi Ukraynada da vəziyyəti qarışdırmağa çalışır: "Regiondakı ssenari əvvəlki kimi olsa da, proseslər birinci gedişlər kimi alınmır. Rusiya Şərqi Ukraynada ciddi məğlubiyyətə uğrayır. Ukrayna özünün müdafiə potensialını bərpa edə bilir. Ölkədə hakimiyyət boşluğu aradan qaldırılır. Rusiyanın regiondakı təxribatçı qruplaşmalarına qarşı ciddi tədbirlər görülür. Rusiyanın dayandırılması mexanizmi tam gücü ilə işə salınıb”.

Ayyət Əhməd