Ali Attestasiya Komissiyası ləğv oluna bilər

“Elm haqqında” qanun layihəsində xeyli mübahisəli məqamlar var



Uzun zamandır müzakirə olunmasına rəğmən "Elm haqqında” qanun layihəsi hələ də qəbul olunmayıb. Layihənin hətta bir neçə dəfə Milli Məclisin plenar iclaslarına salınacağı ilə bağlı məlumatlar yayılsa da, sonradan bu fanat da təsdiqlənməyib. Hansı ki, layihə ilə bağlı ictimaiyyətdə də müsbət rəy formalaşıb və bu qanunun Azərbaycan elmini yeni bir inkişaf səviyyəsinə çıxaracağı gözləntiləri var.

"Elm haqqında” qanunun gecikməsinin müxtəlif səbəbləri olduğunu vurğulayan millət vəkili, akademik Nizami Cəfərov bildirib ki, layihənin müzakirəsi zamanı müəyyən fikir ayrılıqları və mübahisəli məsələlər olduğu üçün qanun yubanır: "Elm haqqında” qanun layihəsi Şəmsəddin Hacıyevin rəhbərliyi ilə Elm və təhsil komitəsi tərəfindən hazırlanıb. Layihə ilə bağlı xeyli məlumatlıyam və zənnimcə də, kifayət qədər mükəmməl bir qanun layihəsidir. Bəzi maddələr tam hazır olsa da, qanunda həm təhsil, həm də elmin özü ilə bağlı bir sıra mübahisəli məsələlər var. Bilirsiniz ki, dünyanın bir sıra ölkələrində, eləcə də postsovet məkanında Elmlər Akademiyası ləğv edilib. Amma bizdə isə əksinə, Milli Elmlər Akademiyası öz statusunu daha da genişləndirib və qarşısında çox geniş imkanlar açılıb və qanunda da öz əksini tapıb ki, bu struktur qalacaq. Amma elm sahəsi və onun təşkili ilə bağlı bəzi strukturlar var ki, onların qalıb-qalmaması sual altındadır. Həmçinin, "Elm haqqında” qanunun qəbulunu gecikdirən mübahisəli məsələlərdən biri də AMEA-nın magistratura təhsili verib-verməmə məsələsidir. Fəlsəfə üzrə elmlər namizədi və ya digər elm sahəsi üzrə elmlər doktorunun müdafiə prosesi EA ilə paralel universitetlərdə də aparılır. Halbuki, bu məsələ konkret AMEA-nın səlahiyyətlərinə aiddir”.

Elm sahəsinin mürəkkəb bir sahə olduğunu vurğulayan akademikin sözlərinə görə, elmlə bağlı hər hansı bir qanun qəbul etməzdən əvvəl bütün mübahisəli məsələləri aradan qaldırmaq, fundamental məsələləri həll etmək lazımdır: "Qanunda açıq qalan mövzulardan biri də Ali Attestasiya Komissiyasının mövcudluğudur. Bəzi adamlar hesab edir ki, bu quruma ehtiyac yoxdur və fəaliyyəti dayandırılmalıdır. Müəyyən qrup adamlar isə əksini düşünür. Mübahisəli məsələlərdə də söhbət yalnız gözünü yumub, "hə”, "yox” deməkdən getmir. Bununla iş bitsə, "Elm haqqında” qanun çoxdan qəbul olunmuşdu. Sual doğuran məsələləri həll etmək üçün geniş təhlillər aparılmalıdır. Müəyyənləşdirilməlidir ki, ATK ləğv olunsa, onun missiyasını hansı qurum əvəz edəcək və həmin qurum o funksiyanı necə yerinə yetirəcək. Əgər komissiyanın səlahiyyətləri universitetlərin özlərinə verilsə, o zaman heç şübhəsiz, nəzarət zəifləyəcək və ortaya külli miqdarda elmlər namizədi, doktorlar çıxacaq”. N.Cəfərov onu da deyib ki, sadəcə qanunu qəbul etməklə məsələ bitmir, gərək onun mexanizmi də olsun.

Şəymən