3 tanınmışın səhhəti necədir?

Rafiq Hüseynov: “Kimyaterapiya kursunu tam başa vurdum”
Zəlimxan Yaqub: “Məni o dərmanlar yaşadır”


Ölkənin yaşam mücadiləsi verən 3 tanınmış şəxsi - xalq şairi Vaqif Səmədoğlu, xalq şairi Zəlimxan Yaqub və xalq artisti Rafiq Hüseynovun sağlıq durumları müsbətdir. Məlumdur ki, hər üç sənətkar uzun müddətdir səhhətlərindəki problemlərlə bağlı xarici ölkələrdə müalicə olunurlar. Belə demək mümkünsə, həyatlarının bir qismi burada - Vətəndə, bir qismi isə xarici ölkələrdə keçir.

Onları hər saat Bakıda tapmaq mümkün deyil. Telefon əlaqəsi saxlayıb səslərini eşidəndə çox sevinirik. Səsləri bizə ruh yüksəkliyi verir. Dünən dəyərli sənətkarlarımızla əlaqə saxlayıb, müalicələrinin necə getdiyini, sağlıq durumlarını öyrənmək istədik. Bizim üçün çox xoş oldu ki, hər 3 sənətkarımızın da hazırda Bakıda olduğunu öyrəndik.

Xalq artisti Rafiq Hüseynov bildirdi ki, İstanbul klinikalarının birində aldığı kimyaterapiya kursu artıq başa çatıb:

- Kimyaterapiya kursunu tam başa vurdum. Sonuncu dəfə yenə mənim üçün çox çətin oldu. Hər dəfə çətin keçirirəm. Sonra yavaş-yavaş özümə gəlirəm. Şükür ki, bitdi. Mayın 20-də müayinə olunmaq üçün təkrar İstanbula qayıtmalıyam. Müayinədən sonra həkimlər vəziyyətimlə, xəstəliklə bağlı rəylərini bildirəcəklər. Hansı müalicə kursu təyin edəcəkləri bu müayinədən sonra bəlli olacaq.

R.Hüseynov onu sevənlərə təşəkkür də etdi:

- Sağ olun ki, məni diqqətdə saxlayırsınız. Mənimlə maraqlanan, mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Məni yaşadan sizin sevginiz, diqqətinizdi.

Xalq şairi Vaqif Səmədoğlunun səhhəti barədə isə həyat yoldaşı Nüşabə xanım danışdı:

- Səhhəti orta səviyyəlidir. Müalicəsi davam edir. Nə lazımdırsa, edilir. İnsanın özündən də asılıdır, gərək mübariz olsun. Hər 3 həftədən bir İsrailə getməliyik. Amma bu dəfə Vaqif müəllim bir az istirahət etmək istədi. Həkimlərdən icazə aldı. İsrailə getməyə bir qədər fasilə verəcəyik. Bilirsiz ki, qarşıdan yubiley gəlir. Həm də yubileyə hazırlaşmaq istəyir.

Nüşabə xanım yubileyin vaxtının hələ dəqiqləşmədiyini bildirdi:

- Dəqiq vaxt hələ məlum deyil. Vaqifin doğum günu iyunun 5-dir. Lorka ilə, Müşfiqlə eyni gündədir...

Xalq şairi Zəlimxan Yaqubun telefonuna zəng edəndə isə gözlənilmədən "indi "Ədəbiyyat” qəzetindəyəm, burdan çıxıb "Şərq”ə gələcəm” dedi.

Baş redaktorumuz Akif Aşırlının qonağı olan şairi yormamaq üçün səhhəti ilə bağlı qısaca söhbət etdik. Amma o, ilk olaraq mərhum İsa Muğannanı xatırladı:

- Getmişdim görüşünə. Çox pis oldum... Bildim ki, gedir... Hamımız bu dünyanın qonağıyıq. Geci-tezi var... İsa Hüseynovdan yazmaq istəyirəm. Dəhşətdi... Çox zəngindi. Mən bu zənginliyi ancaq Dostoyevskidə görmüşəm...

Səhhəti ilə bağlı isə vəziyyətinin stabil olduğunu dedi:

- 3 aydan bir Almaniyaya gedirəm. 1 həftə qalıram. Bütün müayinələrdən keçirəm. Müayinələrin nəticəsinə uyğun olaraq da dərman yazırlar. Məni o dərmanlar yaşadır. Dərmanları qəbul edirəm, heç bir ağrım-acım qalmır. Bax, indi də, heç bir yerimdə ağrı yoxdur. Təkcə böyrəklərsizəm.

Zəlimxan müəllim müalicə olunduğu Hannover klinikasını təriflədi:

- Çox gözəl yerdi. Meşənin içində şəhərdi, şəhərin içində meşə. Belə bir yerdi. Alman həkimləri də çox dəqiqdilər. Bu dəfə həkim məni təriflədi. Dedi, bədənin çox sağlamdı. Heç bir başqa orqanda problem yoxdu. Bircə bu böyrək problemi var. Böyrək köçürmək olar, amma hələ orqanizm buna hazır deyil. Almaniyada olanda bir gecə halım pisləşdi. Dedim, daha ölüm haqladı məni. Səməd Vurğun yadıma düşdü; Vaxtsız əcəl, məndən uzaq dayan, dur. Qürbət eldə can vermərəm ölümə... Oğlum yatırdı. Dedim, ölsəm də, oğlumu oyatmayacam. Yanımda telefon var, dəstəyi qaldırıb zəng etsəm, həkimlər həmin dəqiqə gələsidi. Zəng eləmədim. Səhəri məni xəstəxanaya apardılar. Bircə istəyim bu idi ki, qürbətdə ölməyim, Bakıya qayıdım...
Bilirsiz, insan sağlam olanda, həyata bir cür baxır, xəstə olanda başqa cür. Mənim gözümdə həyat indi tamam başqadır. Bax, mən o divarı da bulaq gözündə görürəm. Hər şey adamın gözünə gözəl görünür. Çalışın, sağlamlığınızı qoruyun.

Məlahət Rzayeva