Almurad Əliyev: “Bəyin ailəsində heç bir problem yoxdur”

“Ərturqut da yaxın günlərdə Türkiyədən gələcək, iş məsələsinə baxılacaq”



Azərbaycanın mərhum sabiq prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevin səhhətinin pisləşdiyi bildirilirdi. Səhhəti və mətbuatda görünməməsinin səbəbi ilə maraqlanmaq üçün A.Əliyev ilə əlaqə saxladıq.

Səhhətinin normal olduğunu söyləyən A.Əliyev dedi ki, media onunla əlaqə saxlamır, ona görə görünmür: "Gərək axtarsınlar ki, mən də danışım. Əvvəl jurnalistlər zəng edib münasibət alırdılar. İndi də əlaqə saxlayan yoxdu”.

- Bəyin həyat yoldaşı Həlimə xanımın səhhətində yaranmış problemlə bağlı Türkiyəyə getdiyi söylənilirdi. İndi səhhəti necədi?

- Həlimə xanımın sağlamlığında heç bir problem olmayıb. Bunu kim yayıb, bilmirəm. Düzdü, o, Türkiyədədir. Amma səhhəti ilə bağlı getməyib. Qızıgildə, nəvələrinin yanındadı. Yaxın günlərdə ölkəyə qayıdacaq.

- Ərturqutun iş məsələsi necə oldu? Hazırda nə işlə məşğuldur?

- Hələki işləmir.

- Açıqlama vermişdiniz ki, iş tapmısınız, amma Azərbaycanda işləmək istəmir...

- Gözləyirik, görək nə qərar verəcək.

- Hansı səbəbə görə Azərbaycanda çalışmaq istəmir?

- Ərturqutla dünən danışdım. Yaxın günlərdə gəlməlidir. İşləyib-işləməyəcəyi gələndən sonra müəyyənləşəcək.

- Bəyin ailəsinin kommunal xidmətlərlə bağlı borcları vardı. Həmin borclar ödənildimi?

- Borclar silinib. İndi borcları yoxdu.

- Eks-prezidentlərin prezidentlik statusları tanınmasından sonra hökumət tərəfindən onların ailələrinə aylıq müavinətlər ayrıldı. Dövlətin ayırdığı məvacibi ala bilirlərmi. İddialar vardı ki, həmin pulları sənəd çatışmazlığı ucbatından ala bilmirlər.

- Təqdim olunası müəyyən sənədlər var idi. Həmin sənədləri təhvil verdikdən sonra hər şey qaydasına düşdü. İndi hər ay o pulu alırlar. Heç bir problem yoxdu.

Ayyət Əhməd