Rusiya Azərbaycanda “rus pasportu” oyununa başladı

Aydın Mirzəzadə: “Bu, mümkün olan məsələ deyil”
Fazil Mustafa: “Biz Rusiyaya vətəndaşlıq üçün müraciət edənləri dərhal Azərbaycan vətəndaşlığından çıxarmalıyıq”


Quba və Xaçmaz rayonlarında yaşayan sakinlər arasında Rusiya səfirliyinə müraciət edənlər var. Şimal zonasının çox sayda sakini Rusiya vətəndaşlığını qəbul etmək üçün bu ölkənin Bakıdakı səfirliyinə sənədlərini təqdim etməyə başlayıb. İddialara görə, Rusiyanın bir neçə gün öncə vətəndaşlıq almaq üçün şərtləri sadələşdirməsi, o cümlədən Gömrük İttifaqı layihəsini reallaşdırmaq üçün fəaliyyətini genişləndirməsi MDB ölkələrində, eləcə də Azərbaycanın şimal bölgəsində insanları hərəkətə gətirib.

Putinin SSRİ-ni bir başqa modeldə bərpa edəcəyi barədə deyilənlər Quba-Xaçmazda sakinlərin bu ölkənin vətəndaşlığını qəbul etmək üçün təbliğatın başlanmasına səbəb olub. Belə ki, Rusiya bazarlarında çörəkpulu qazanan həmin adamlar elə bu ölkənin vətəndaşı olmaq qərarına gəliblər. Sənədlərini təqdim edənlərin əksəriyyəti Rusiyada qeyri-qanuni yaşayan azərbaycanlı miqrantlardır. Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfirliyindən faktı təsdiqləyiblər: "Rusiya vətəndaşlığını qəbul etmək istəyən Azərbaycan vətəndaşlarının olması doğru xəbərdir və bizə həddən artıq çox müraciət olunur. Dəqiq statistikanı isə hazırda verə bilmərik, çünki rəqəmlər hər an dəyişir”.

Əlbəttə, XXI əsrdə insanların, o cümlədən Azərbaycan Respublikasının təbəələrinin öz yaşayış yerini, vətəndaşlığını dəyişməsi onun doğal haqlarından sayılır və heç kim buna etiraz edə bilməz.

Azərbaycan dövləti üçün narahatlıq doğuran bir neçə ciddi nüans olmasaydı. Biri odur ki, pasport paylama məsələsi, onun verilməsinin asanlaşması məhz Krımın Rusiya tərəfindən işğalından sonra gündəmə gəlib və aydınca görünür ki, Kremlin bu "səxavəti” MDB məkanında mərkəzəqaçma prosesinə rəvac vermək üçün düşünülüb. Yəni söhbət qətiyyən Rusiyadakı azərbaycanlı əməkçi miqrantların durumunu yüngülləşdirməyə hədəflənməyib. Pasportların əsasən şimal bölgəmizdə paylanması da diqqət çəkir.

Millət vəkili Aydın Mirzəzadə isə bir neçə Azərbaycan vətəndaşının Rusiya pasportu almasının Azərbaycan üçün heç bir təhlükə doğurmadığını bildirib: "Azərbaycan ərazisində xarici ölkə nümayəndəliklərinin öz ölkələrinin pasportlarını paylaması və bunu təbliğ etməsi qeyri-mümkün olan bir məsələdir. Azərbaycan vətəndaşlarının isə xarici ölkə vətəndaşlığını qəbul etməsi praktikası əvvəllər də olub. Amma ötən əsrin 90-cı illərindən fərqli olaraq, indiki dövrdə daimi yaşayış üçün xaricə köçmək istəyən azərbaycanlıların sayı həddindən artıq azalıb. Ölkəmizdə iqtisadiyyatın inkişafı və yeni iş yerlərinin yaradılması və sabaha inam nəinki yerli vətəndaşlarımızın, hətta xarici ölkə vətəndaşlarının da Azərbaycanda yaşamaq arzusunu genişləndirir. Mümkündür ki, müəyyən qrup insanlar xarici ölkə, o cümlədən də Rusiya vətəndaşlığını almaq üçün həmin ölkənin səfirliyinə müraciət etsinlər. Amma bu bizim üçün problem yaradacaq qədər kütləvi və bugünümüz üçün xarakterik deyil. Əks halda, hətta vaxtı ilə Azərbaycan vətəndaşlığından çıxan insanların vətəndaşlıqlarını yenidən bərpa etmək üçün Azərbaycan hökumətinə etdiyi müraciətlər günü-gündən çoxalmazdı”.

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, Azərbaycan vətəndaşlarının Rusiya pasportu almaq üçün səfirliyə müraciəti Azərbaycan üçün heç də xoş deyil: "Belə bir təhlükə təbii ki, var. Ancaq Rusiyanın atacağı addımlarda artıq vətəndaşlıq və ya rusdilli əhali faktoru diplomatık manevr olaraq düşünülmür. Hərbi güclə hər şeyi çözməyə çalışdıqlarından, bu pasport oyunu, sadəcə, psixoloji təzyiq vasitəsi kimi düşünülməkdədir”.

Rusiyanın bu addımı yalnız əməkçi miqrantların durumunu yaxşılaşdırmaq üçün atmadığını vurğulayan Fazil Mustafa hesab edir ki, burada sadəcə müəyyən mənada əmək miqrantları üçün müəyyən üstünlüklər var: "Ancaq qərar siyasi xarakterlidir və Rusiyanın Qərbə yönəlik çaşdırıcı planları üzrə bu işlər gerçəkləşdirilir. Bütün hallarda biz Rusiyaya vətəndaşlıq üçün müraciət edənləri dərhal Azərbaycan vətəndaşlığından çıxarmalıyıq”.

Şəymən