Elə icra başçısı var, elmlər namizədidir, elə məmur var, professordur
Məsələləri biri-birinə qarışdırmaq lazım deyil
“Əməkhaqqına əlavələrin hesablanmasında iş stajının nəzərə alınması tamamilə məntiqlidir”
Elə icra başçısı var, elmlər namizədidir, elə məmur var, professordur
Elə icra başçısı var, elmlər namizədidir, elə məmur var, professordur
Yanvar ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyasında çalışan və elmi adı olan alimlərin əməkhaqqı artımla hesablanacaq.
Bunu Trend-ə akademiyanın vitse-prezidenti İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, artım elmi adları (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə əlavələrin verilməsi ilə baş verəcək.
Hazırda alimlərin (bilavasitə ixtisası üzrə çalışan) əməkhaqlarına elmi dərəcələrə görə 60-100 manat məbləğində əlavələrin edildiyini deyən İ.Həbibbəyli qeyd edib ki, bu ilədək əməkhaqqına elmi adlara görə əlavələr yalnız ali məktəblərdə çalışan alimlərə şamil edilirdi. "Elm haqqında” qanunun tətbiqi ilə əlaqədar isə bu əlavələr AMEA sistemindəki elmi müəssisələrdə çalışan alimlərə də şamil edilib.
Elmi ada görə əlavələr müəyyənləşdirilərkən işçinin elmi ad üzrə çalışdığı iş stajı nəzərə alınacaq.
İ.Həbibbəyli hazırda AMEA-da çalışan dosent və professorların sayının dəqiqləşdirildiyini, əməkhaqqına artımların edilməsi ilə bağlı hesablanma işlərinin aparıldığını da söyləyib.
Qeyd edək ki, qərara görə, dosent elmi adına görə əməkhaqqına iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat, 10 ildən 15 ilə qədər olduqda 50 manat, 15 ildən 20 ilə qədər olduqda 75 manat, 20 ildən artıq olduqda 100 manat əlavə ediləcək. Professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat, 10 ildən 15 ilə qədər olduqda 60 manat, 15 ildən 20 ilə qədər olduqda 90 manat, 20 ildən artıq olduqda 120 manat əlavə ediləcək. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək.
Məlumdur ki, elm xadimlərinin aşağı əməkhaqqı alması daim müzakirə mövzusu olub, "yaxşı pul verilməlidir ki, alim də yaxşı çalışsın” prinsipi önə çəkilib.
Lakin fərqli düşünənlər də var. Məsələ ilə bağlı "Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, hazırda Azərbaycanda elm adamlarının əməkhaqqı MDB məkanı üzrə normal səviyyədədir:
- Burada məsələləri biri-birilə qarışdırmaq lazım deyil. Bir var, elmi-tədqiqat sahəsində işləyənlər, bir də var, elmi dərəcə almasına baxmayaraq tamamilə fərqli sahələrdə çalışanlar. Məsələn, elə icra başçısı var, elmlər namizədidir, elə məmur var, professordur. Amma onlar bilavasitə elmi dərəcə aldıqları sahə üzrə çalışmırlar. Elmi dərəcəsi olan şəxslərin əməkhaqqına əlavələr bu prinsip üzrə hesablanacaq. Elmi dərəcə başqadır, elmi rütbə başqa. Məsələn, elmlər doktorunun əməkhaqqı 50 manatdırsa, birbaşa ixtisası üzrə çalışdığı üçün 100 manat alır. Bir dosentin aylıq əməkhaqqı dərs yükü, elmi dərəcəsi hesablanmaqla 310 manat təşkil edir. Elmi-pedaqoji fəaliyyətlə məşğul olanlar 1200-1500 manat əməkhaqqı alır. Tutalım, birisi akademikdir, üstəlik kafedra müdiridirsə də, əməkhaqqı 2000 manata çatır. Bu prinsiplə yanaşdıqda hesab edirəm ki, əməkhaqqına əlavələrin hesablanmasında iş stajının nəzərə alınması tamamilə məntiqlidir.
K.Əsədov qeyd etdi ki, bizim elm adamlarının bir çoxu səhv yanaşma sərgiləyir:
- Belə səhv bir yanaşma tərzi var ki, mən əyləşim elmi-tədqiqat institutunun hansısa otağında, dövlət də mənə pul versin. Aparıcı dövlətlərdə belə hala rast gələ bilməzsiniz. ABŞ-da kiməsə elmlər doktoru olduğuna görə pul verilmir. Elmlər doktoru hansısa universitetdə müəllim kimi çalışırsa, buna görə əmək haqqını alır. Amma o elmlər doktoru yazdığı bir məqalədən 400 dollar ala bilir. Fərq bax, bundadır. ABŞ-da alimin məqaləsinə pul verirlər, bizdə isə alim məqaləsini çap etdirmək üçün pul verir. Türkiyədə elmlər doktorları manat hesabı ilə 1500 alırlar. Amma mühazirələr oxuyurlar, buna görə qonorar alırlar. Sizə bir nümunə göstərim.
Azərbaycan Dillər Universitetinin prorektoru Əfqan Abdullayev bəzən bir həftəlik hansısa ölkəyə səfərə gedir, mühazirə oxuyur, bunun müqabilində pulunu alır. Yəni, insan istəsə, səy göstərsə və buna biliyi, istedadı yol verirsə, qazana bilir. Təsəvvür edin ki, AMEA-ya dövlət büdcəsindən 6 milyon manat ayrılır. Bu, kifayət qədər böyük məbləğdir. Amma AMEA bu pulu nəyə sərf edir? Son illərdə hansı arxeoloji qazıntı aparılıb, hansı ixtira edilib, dünya iqtisadi böhranla çarpışır, iqtisadi tənəzzüldən çıxış yolları ortaya qoyan bir alimimiz varmı? Gərək beyinlər işləsin və ölkəyə pul gətirsin. Yoxsa ki, mən oturum yerimdə, dövlətdən də pul tələb edim, elmi belə inkişaf etdirmək olmaz.
Məlahət Rzayeva