Yeniyetmələr daha çox "oğru aləmi" və türmə həyatı ilə bağlı mahnılar dinləyir !" - Təhlükə

Günel Səfərova:"Gənclərin zövqünə uyğun yeni mahnılar istehsal olunmalıdır. Bu zaman onlara gənclər də qulaq asa bilər"
"Texnologiya uşaqlarından bizim istədiyimiz mahnılara qulaq asmalarını tələb edə bilmərik”
Bu sözləri "Sherg.az”a Ailə Hüquq Mərkəzi İctimai Birliyinin sədri, hüquqşunas Günel Səfərova deyib.
Onun qənaətincə, kimin hansı mahnıya qulaq asmasını izləmək, müşahidə etmək çətindir:
"Həmin uşaqların dost - tanışları bilir hansı mahnıya qulaq asdığını. İki övladım orta məktəbdə oxuyur. Uşaqlarımın ikisi xarici mahnıları xoşlayır. Bununla yanaşı üç yaşlı qızım isə Flora Kərimovanın mahnılarını dinləyir. Hər şeydən əvvəl Azərbaycanda yaxşı mahnı istehsal olunmalıdır. Onda yaxşı da dinləyicilər olacaq. Biz uşaq olanda "Dolya vorovskaya” mahnısına da qulaq asan vardı, başqa klassik mahnılara da. Biz indi uşaqlardan tələb edə bilmərik ki, bizim istədiyimiz- Qara Qarayevin, Üzeyir Hacıbəyovun əsərlərinə qulaq asın. Amma Alim Qasımovun oxuduğu muğamlar gənclərin marağına səbəb olur. Gənclərin zövqünə uyğun yeni mahnılar istehsal olunmalıdır. Bu zaman onlara gənclər də qulaq asa bilər. Qaldı ki, "oğru aləmi", küçə həyatı, yetimçilik, türmə və s. bağlı mahnılara hər zaman qulaq asırlar. Biz tələbə olan vaxtı da bu cür mahnıları dinləyirdilər. Hətta belə bayağı mahnılar avtobus dayanacaqlarında da səsləndirilirdi. Bütün bunlar bəzi gənclərin zövqü ilə bağlıdır. Bunlar həm ətraf,həm ailə, həm də onlara təqdim olunanlardan irəli gəlir. Belə məsələri müqayisə etmək çətindir”.
Bu cür mahnıların ailədə dinlənilmədiyini iddia edən G.Səfərova qeyd edib ki, buna görə də, ailə uşağın hansı mahnılara qulaq asdığını bilmir:
"Uşağı yalnız ailə formalaşdırmır. Yetkinlik dövründə uşağı cəmiyyət, ətraf və dostlar formalaşdırır. Bəzən bunlara nəzarət etməyi unuduruq. Bunlar ailədən, cəmiyyətdən, dostlardan irəli gələ bilir. Bu məsələlərə kompleks yanaşmaq lazımdır.Məsələn, oğlumun 10 yaşı var. Rus sektorunda oxuyur. Əsasən xarici mahnılara qulaq asır. Bunların içərisində rep də var, ingilis, rus mahnıları da. Amma qızım mən Flora Kərimovaya, Rübabə Muradovaya və ya həqiqi sənət göstərənlərə qulaq asanda oğlum da bəyənir və onlara qulaq asır. Amma mən muğama qulaq asanda onlar başa düşmür deyə qulaq asa bilmirlər. Yəni uşaqların zövqü müxtəlifdir".
Ailədə uşaqlarla bağlı bəzi təbliğatlar aparmalıdır. Çünki həmin "oğru aləmi"ilə bağlı mahnıları dinləyən uşaqlar gələcəkdə onlar kimi həyat yaşamaq istəyəcəklər:
"Əlbəttə, ailə də, müəllimlər də, ətrafdakı insanlar da bununla bağlı maarifləndirici iş aparmalıdır. Uşaqların seçimlərinə münasibət hər tərəfli olmalıdır Ancaq bu yolla müsbət nəticələr əldə etmək olar. Ailə müəyyən müddətə qədər uşaqlara nəzarət etməlidir. Onların zövqlərinin formalaşmasına kömək etməlidir. Yəni uşaqları kitab oxumağa, yaxşı mahnı seçməyə, muzeylərə getməyə və bunu kimi fərqli həyata öryəşdirməlidir. Onda inanmıram ki, uşaqlar o cür mahnılara qulaq assın”.
Kənan Eynuroğlu