Mart ən təhlükəli ay hesab olunur

5 gündən artıq çəkən qızdırma çox ağır xəstəliyin əlamətidir
Şahvələd Məmmədov: “Qrip deyib keçirik, amma virus infeksiyalarının çox və yetərincə təhlükəli növləri var”



Son vaxtlar azyaşlı uşaqlar arasında qızdırma halları müşahidə olunur. Hətta elə olur ki, qızdırma günlərlə davam edir, qızdırmasalıcı dərmanların isə heç bir köməyi olmur. Günlərlə düşməyən qızdırma zamanı ölüm faizinin də yüksək olduğu bildirilir. Valideynlərin təlaşına səbəb olan bu halların nədən qaynaqlandığını söyləmək çətindir. Körpələrin immunitet sisteminin zəif olması, müxtəlif viruslara yoluxması qızdırmanın yaranmasına səbəb ola bilər. Lakin bütün bunlarla bağlı dəqiq diaqnozların olması mütləqdir.

Bəs görəsən, azyaşlılar arasında çox rast gəlinən bu hal hansı xəstəliyin əlamətidir və uşaqların sağlamlığı üçün hansısa fəsadları ola bilərmi?

Kavasaki virusu

Həkim-pediatr Altay Abdullaoğlu bildirir ki, bu, ən qorxulu xəstəliklərdən olan kavasaki xəstəliyinin əlaməti ola bilər. Kavasaki koronar damarların (ürəyi qidalandıran damarların) zədələnməsi ilə yaranan sistemik bir xəstəlikdir: "Xəstəliyin səbəbi tam olaraq aydınlaşdırılmayıb. Lakin infeksion mənşəli olması böyük ehtimaldır. Əsasən 5 yaşından kiçik uşaqlarda rast gəlinir. Xəstəlik ən az 5 gündən artıq çəkən və səbəbi açıqlanmayan qızdırma ilə başlayır. Qızdırma ilə bərabər gözlərdə qızarma (konyuktivit) müşahidə olunur. Bunlarla yanaşı xəstədə boyun limfa düyünlərində böyümə, boğazda şişkinlik, qızartı, quru, çatlamış, parlaq, şişkin dodaqlar, qırmızı dil (çiyələk dili), ətraflarda, gövdədə səpkilər, əllərdə və ayaqlarda şişkinlik və bundan bir müddət sonra barmaq uclarında soyulma əlamətləri müşahidə olunur”.

A.Abdullaoğlu deyir ki, kavasaki xəstəliyinin ən ciddi əlaməti koronar damarlarda və ürəkdə baş verən dəyişikliklərdir: "Xəstəliyin diaqnozu 5 gündən artıq çəkən, səbəbi açıqlanmayan və qızdırma salıcılarla düşürülməyən qızdırma və laborator göstəricilərə əsasən qoyulur. Xəstəliyin müalicəsi üçün xəstə mütləq xəstəxanaya yatırılmalıdır. Xəstələrə yüksək dozada damardaxili immunoqlobilinlər təyin olunur. İmmunoqlobilin təyinindən sonra xəstənin temperaturu sürətlə düşür. Düzgün diaqnoz qoyulmuş və müalicə almış xəstələr sağalır və normal həyata dönür. Vaxtaşırı həkim müayinəsi tövsiyə olunur. Kavasaki xəstəliyinin təkrarlanması nadir hallarda mümkündür. Düzgün müalicə almamış xəstələrdə ölüm faizi yüksəkdir”.

Yüksək hərarət zamanı nə etmək olar?

C vitamininin orqanizmin virus və bakteriyalara qarşı müqavimətini artırdığı hər kəsə məlumdur. Təhlükəli virusların orqanizmə təsiri zamanı C vitamini qanda interferonun və anticisimlərin miqdarını artırır. İmmun sistem üçün vacib olan leykositlərin tərkibində onun miqdarı həddindən artıq çoxdur. C vitamini həm profilaktik vasitə kimi, həm də xəstəlik zamanı qəbul etmək olar. Askorbin turşusu (vit C) xoşagəlməz əlamətlərin və ağırlaşmaların riskini azaldır.

Qızdırma dövrü 2 həftə çəkir, sonra quru öskürək başlayır

Uşaqlar arasında kəskin qızdırma hallarının artması ilə bağlı məlumatı təsdiqləyən həkim-allerqoloq Şahvələd Məmmədov "Şərq”ə bildirib ki, Azərbaycanda virusalogiya sahəsində çalışanlar olsa da, bu sahədəki araşdırmalarda müəyyən boşluqlar var:

"Rusiya kimi böyük ölkədə virusların ən çox yayıldığı payız və qış aylarında ciddi araşdırmalar aparılır. Bu zaman yayılan virusun necə və hansı mənşəli olmasını da aydınlaşdırırlar. Qrip deyib keçirik, amma virus infeksiyalarının çox və yetərincə təhlükəli növləri var. Qrip, paraqrip, kavasaki virusu və s.
Son zamanlar uşaqlar arasında aparılan müayinələr zamanı kavasaki virusunun çox yayıldığı məlum olub. Bu virusda qızdırma dövrü 2 həftə çəkir, qızdırmadan sonra isə quru öskürəklər başlayır. Bəzən valideynlər uşaqda 1 ay davam edən öskürəyin nə üçün bitmədiyini soruşurlar. Uşaqlarda immunitet sistemi zəiflədiyi üçün məhz bu xəstəlik uzanır”.

...anaferon, erqoferon, viferon, paraferon

Ş.Məmmədov kəskin virus xəstəklikləri zamanı valideynlərə müəyyən tövsiyələr də verib: "Virusa yoluxmuş uşaqlarda immunitet tez düşür. Xəstələrə, xüsusilə də valideynlərə məsləhət görürəm ki, virus əleyhinə preparatlardan istifadə edilsin. Tabletka və şam şəklində olan dərmanlar var. Məsələn, anaferon, erqoferon, viferon, paraferon kimi preparatlardan istifadə etmək olar. Bütün bunlar virus əleyhinə olan dərmanlardır.

Virus infeksiyasına yoluxmuş qızdırmalı xəstələr üçün erqoferon dərmanı güclü təsirə malikdir. Bu preparat həm virus əleyhinə, həm də immunitetin güclənməsinə təsir edir. Azyaşlı uşaqların anaferon, 1 yaşa qədər olan uşaqların isə şam şəklində olan viferon preparatını qəbul etməsi mümkündür. Bu dərman 5-10 gün şam şəklində istifadə oluna bilər.

Viruslarla kifayət qədər mübarizə aparmaq lazımdır. Lakin qeyd etdiyimiz dərmanlardan öncə valideynlərə əsas məsləhətimiz odur ki, ilk növbədə uşaqların qidalanmasına fikir versinlər. Bu çox önəmlidir. Bəzən uşaqlara ziyanlı, keyfiyyətsiz və kalorisiz yeməklər verirlər. Meyvə və tərəvəzlər daha çox istifadə olunmalıdır. İndi mart ayıdır və ən təhlükəli ay hesab olunur, bədənin vitaminlərə ehtiyacı var. Nə qədər dərman preparatları təyin eləmək olar? Orqanizm özü lazım olan maddələri qəbul etməlidir. Ona görə də uşaqların qida rasionu, aktiv həyat tərzi olduqca vacibdir. Uşağı evdə saxlamaqla inkişaf olmaz, onu idmana meyilləndirmək lazımdır”.

Yeganə Bayramova