“Ümid”in “yarpaqları” tökülmür

İqbal Ağazadə: “Görün, sədr özünə nə qədər inamlıdır ki, bütöv komandanı istefaya göndərir”
Razi Abbasbəyli: “Heç bir informasiyam yoxdu”



Ölkə mətbuatının gündəmini zəbt edən mövzulardan biri də "Ümid” Partiyasında yaşanan istefalardır. Məlumatlarda bildirilir ki, "Ümid”dəki proses bir neçə ay əvvəl Aynur İmranova ilə startını götürən istefa dalğasından daha təlatümlüdür. Xəbərlərdə o da qeyd olunur ki, hər şey 3 gün əvvəl partiyanın sədri İqbal Ağazadənin müavini Könül Quliyevanın istefası ilə başlayıb. Həmin günün sabahı qurum rəhbəri yeni sərəncam imzalayıb.

Partiyanın mətbuat xidmətindən açıqlanıb ki, sərəncama əsasən, qurumun İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin siyasi məsələlər üzrə müavini Qasım Həsənov, təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, iqtisadi məsələlər üzrə müavini Razi Abbasbəyli, xaricdə yaşayan həmvətənlər və diasporla iş üzrə müavini Rüfət Muradlı, humanitar məsələlər üzrə müavini Səməd Hətəmov və sədrin ailə, qadın və uşaq məsələləri üzrə müavini Könül Quliyeva tutduqları vəzifədən azad edilib. Yaxın zamanlarda yeni sədr müavinləri təyin olunacaq və ictimaiyyətə açıqlama veriləcək. Qurumdakı təmizləmələr barədə mətbuatda müxtəlif şayiələr dolaşır. İddia olunur ki, istefaların İ.Ağazadənin özünə müttəfiq seçdiyi Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun 60 illik yubileyini qeyd etdiyi günə təsadüf etməsi çox mətləblərdən xəbər verir. Kütləvi istefaların səbəbi kimi "Ümid”in yenidən S.Cəlaloğlu ilə bələdiyyə seçkilərində birgə iştirakla bağlı gəldiyi razılaşma göstərilir. Vurğulanır ki, işdən azad olunanların əksəriyyəti hakimiyyətə qarşı radikal mövqeyi ilə seçilənlərdir. Son vaxtlar isə S.Cəlaloğlunun radikal müxalif xətdən sapınması onlara belə müttəfiqliyi həzm etdirə bilməyib.

Təşkilat daxilində baş verən hadisələrin detallarını öyrənmək üçün partiyanın sədri, millət vəkili İ.Ağazadə ilə əlaqə saxladıq. Sədr "Şərq”ə açıqlamasında qeyd etdi ki, bütün addımlar nizamnamə tələbinə müvafiq olaraq atılır: "Sabiq müavinlərimin iştirakı ilə təşkil olunan toplantıda strukturların yenidən təkmilləşdirilməsi məsələsini diqqətə çatdırdım. Qeyd etdim ki, hər bir şəxsin fərdi məsuliyyəti müəyyən olunacaq. Fərdi söhbətlər aparılacaq. Təyinatlar strukturlara müvafiq həyata keçiriləcək. Ona görə də "Ümid”də yarpaq tökümü başladı” kimi təsəvvürlər yaratmaq və ya fikir formalaşdırmaq kökündən yanlışdı”.

Təşkilat rəhbərinin sözlərinə görə, partiyanın boşalması ideyası ilə çıxış edənlər yanılırlar. Bu yanaşma heç bir məntiqə sığmır: "Addımı ayrı-ayrı adamlar deyil, sədr atıb. Görün, partiya nə qədər böyükdür və sədr özünə nə qədər inamlıdır ki, bütöv komandanı istefaya göndərir. Eyni zamanda onu yenidən formalaşdırmağı düşünür. Niyə bu aspektdən yanaşmırlar? Məntiqi əsaslara söykənərək fikir bildirmək lazımdı. Təşkilatımız böyükdür. İşin təşkilində qüsurlara yol verilmə faktı mövcud ola bilər. Həmin qüsurların struktur təkminliyi, proqramın düzgün tərtib olunması və idarəçilikdəki problemlərlə əlaqədar olması da mümkündür. Bu problemlərin aradan qaldırılması istiqamətində daha effektli yollar axtarırıq”.

Müavinlik vəzifəsindən azad olunmuş R.Abbasbəyli isə məsələ barədə bunları deyib: "İşdən kənarlaşdırmaların hansı səbəbdən baş verdiyini mətbuat xidməti açıqlayıb. Həmin məlumatdan başqa heç bir informasiyam yoxdu”.

Vəzifədən uzaqlaşdırılan digər müavinlərlə əlaqə saxlamaq istəsək də, telefonlarının bağlı olması səbəbindən buna nail ola bilmədik. Görünür, keçmiş müavinlər mətbuata əsl səbəbləri açmaq istəmirlər.

Ayyət Əhməd