Partiyalarda ciddi böhran yaşanır

Sərdar Cəlaloğlu: “Bu fikri Etibar Məmmədovdan əvvəl mən irəli sürmüşəm”
Samir Əsədli: “Bizim partiyanı AMİP-lə müqayisə etmək olmaz”


"Hazırda Azərbaycanda müxalifət, ümumiyyətlə, partiya sisteminin özü böhran keçirir. Bu da dövlət üçün o qədər də yararlı vəziyyət deyil”.

Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bildirib. Onun sözlərinə görə, istənilən dövlətdə siyasi qüvvələrin olması, fəaliyyətləri üçün şəraitin yaradılması dövlətin mənafelərinə xidmət edir: "Şərait olmayanda, xarici qüvvələr bundan istifadə etməyə çalışır. Bu da dövlət mənafelərinə ziddir. Siyasi mühit azad, sərbəst şəraitdə fəaliyyət göstərməlidir”.

Müxalif təşkilat rəhbərlərinin AŞ PA sədri və Fransa, İsveçrə prezidentləri ilə görüşünə diqqət çəkən qurum lideri deyib ki, bir siyasi partiya hansısa xarici xadimlə görüşməklə ümidlənirsə, onun perspektivi yoxdur: "Perspektiv kiminləsə görüşməklə deyil, fəaliyyətlə ölçülür”.

Qurum liderinin fikirlərini müxalifət düşərgəsi birmənalı qarşılamayıb. AMİP liderinin mövqeyinin həqiqəti əks etdirdiyini deyənlərlə yanaşı, yanlış olduğunu düşünənlər də mövcuddur.

E.Məmmədova böyük hörmətinin olduğunu söyləyən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Siyasi Şurasının üzvü Samir Əsədli "Şərq”ə bildirib ki, təmsil olunduğu partiyanı AMİP-lə müqayisə etmək olmaz: "Onun özlərindəki vəziyyəti başqa təşkilatlara şamil etməsi düzgün deyil. Partiyamızda heç bir böhran yaşanmır. Digər qurumların fəaliyyəti göz önündədir”.

AMİP liderinin müxalifətin əcnəbi prezidentlərlə görüşü barədə fikirlərinə münasibət bildirən S.Əsədli söyləyib ki, vaxt vardı E.Məmmədovun özü də xarici diplomatlarla görüşürdü: "Bu, ənənəvi hal alıb. Dünyanın hər yerində mövcuddur. Xarici qonaqların müxalifətlə görüşməsi çox müsbət haldı. Müxalifətin də fəaliyyəti ilə tanış olurlar. Bütün görüşlər diplomatik qaydalara uyğun baş tutur. Bir tərəflə görüşüb digər bir tərəflə görüşməmək müsbət hal deyil”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycanda siyasi səviyyənin aşağı düşdüyünü, istər iqtidarda, istərsə də müxalifətdə böhran yarandığını vurğulayıb: "Bu məsələlər haqda mətbuata dəfələrlə açıqlama vermişəm. Bu fikri Etibardan əvvəl mən irəli sürmüşəm”.

Həmkarlarının əcnəbi prezidentlərlə görüşünə gəlincə, təşkilat sədri bunun normal olduğunu söyləyib: "Bu, təbliğat vasitəsidir. Azərbaycan müxalifəti indiyə qədər ən müxtəlif səviyyədə xarici prezidentlərlə görüşüb. Ölkədə siyasi mühit və müxalifətin mövqeyi getdikcə zəifləyir. Bu görüşlər formal demokratiyadan başqa bir şey deyil. Fransa və digər ölkə prezidentləri Azərbaycanda demokratik mühitin güclənməsi barədə hansı dəstəyi verib? Görüşlərdə xarici liderlər "dillərini sürüyürlər”. Heç bir məsələ ətrafında konkret fikir bildirmirlər. İctimai-siyasi vəziyyət müzakirə olunur. Bu da dəstək demək deyil. Xaricilər yaxşı bilirlər ki, görüşlər müxalifətin tərəqqisinə heç bir impuls vermir. Müxalifət də anlayır ki, bu yolla demokratik inkişafa nail olmaq mümkünsüzdür”.

Ayyət Əhməd