Mətbuatımızın Mirzə Bala Məmmədzadəsi

Milli məfkurənin formalaşmasında onun böyük rolu var



Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin və ziyalıların demək olar ki, hamısı siyasi-ictimai xadim olmaqla yanaşı, həm də dövrün tanınmış publisistləri, jurnalistləri idi. Xalqın azadlığı və xoşbəxtliyi uğrunda illərlə gərgin mübarizələr aparan bu ziyalılar ölkənin siyasi, hüquqi, iqtisadi bazasının möhkəmlənməsində, mədəni həyatının inkişafında öz müsbət təsirlərini çox qısa zamanda göstəriblər. Sənətləri, peşələri fərqli olsa da, amalları, məqsədləri bir olub. Hamısı Azərbaycanı azad, dövləti müstəqil görmək istəyiblər. Elə bu məqsəd ətrafında daha da sıx birləşərək Şərqdə ilk demokratik dövləti yaradıblar.

Mətbuatla sıx əməkdaşlıq edən, elmi, siyasi-publisistik məqalələri ilə məşhurlaşan, Cümhuriyyətin qurucularından olan Mirzə Bala Məmmədzadə də milli ruhlu ziyalılardan olub. O, xalqının yaddaşında uzaqgörən ictimai-siyasi xadim, istedadlı jurnalist, alovlu publisist, cəsarətli və millətsevər, vətənpərvər bir ziyalı kimi qalıb. 1898-ci ildə Bakının Zirə kəndində anadan olan Mirzə Bala Məmmədzadənin həyatı elə kiçik yaşlarından çox təlatümlər içərisində keçib. İlk təhsilini 1907-ci ildə Bakıda rus-tatar məktəbində alan Mirzə Bala 1911-ci ildə buranı qurtarıb H.Mahmudbəyovun məktəbinə keçsə də burada təhsilini davam etdirmək ona qismət olmayıb. Atasının qəfil ölümü, ailənin maddi vəziyyətinin çox ağır olması onu məktəbdən ayrılmağa vadar edib. 

M.B.Məmmədzadə əvvəllər anasının bişirdiyi çörəkləri satmaqla ailəni dolandırmalı olur. Lakin bununla ailənin problemlərini həll edə bilməyən Mirzə Bala 1912-ci ildə İ.Aşurbəylinin "Kaspi” mətbəəsində fəhlə kimi işə başlayır. Amma oxumaq arzusu da onu tərk etmir, nəyin bahasına olursa-olsun təhsil almaq, çətin günlərdən qurtulmaq üçün mübarizə edir. 1915-ci ildə Bakı Politexnik Texnikumuna daxil olan Mirzə Bala həmin ildən "Açıq söz”lə əməkdaşlıq edir. Yaradıcılığa "Açıq söz”lə başlayan Mirzə Bala Məmmədzadə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün təbliğatçısı Mövsüm Əliyevin yazdığına görə, 2 mindən çox müxtəlif mövzulu məqalənin müəllifidir. Onun publisistikasında daha çox diqqəti cəlb edən mövzu milli məsələ və istiqlalımızın qorunmasıdır. "İstiqlalımız və istiqbalımız”, "Cəbhə və arxa qüvvələr”, "Azərbaycan və İran”, "Əhd ediyoram”, "Haqq təşkilatları”, "Siyasi əhval”, "Torpaq islahatı”, "Ermənilər və biz” və başqa onlarla məqaləsini buna misal göstərmək olar. Müəllif məqalələrini "Mirzə Bala”, "Nuhoğlu”, "M.B.Daşdəmir”, "Əli Qutluq”, "Əl Qut” imzaları ilə çap etdirib.

Mətbuat üzrə araşdırmaçı Qərənfil Dünyaminqızı yazıb ki, ictimai-siyasi işlərə böyük maraq göstərən gəncin bir jurnalist və siyasi xadim kimi yetişməsində "Açıq söz” qəzetinin və onun yaradıcısı M.Ə.Rəsulzadənin çox böyük rolu olub. Hətta burada ilk dəfə görüşüb tanış olduğu M.Ə.Rəsulzadənin illər sonra əqidə və məslək dostu olan M.B.Məmmədzadə ömrünün sonuna kimi bu dostluğa sadiq qalıb: "Bəlkə də daha çox siyasi hadisələrə meyl etməsində, siyasi xadim kimi yetişməsində M.Ə.Rəsulzadə ilə yaxınlığı olub. 

İlk dəfə "Açıq söz” qəzeti ilə sıx əməkdaşlığa başlayan Mirzə Balanın jurnalistlik və publisistik fəaliyyətində əsas yeri tutan da siyasi mövzuda yazdığı məqalə və əsərləridir. Onun bir jurnalist kimi puxtələşməsində "Açıq söz”ün və açıqsözçülərin əməyi danılmaz bir faktdır. Bu baxımdan M.B.Məmmədzadə istiqlal, müstəqillik mövzusunda mütəmadi yazan müəlliflərdən biri kimi püxtələşib. Fikirlərini əsaslandırmaq üçün tutarlı, dolğun faktlardan, mənbələrdən məharətlə istifadə edib. Oxucusunun qəlbində istiqlala, azadlığa qarşı sevgi hissi yaratmağa çalışaraq onu bu yolda mübarizəyə səsləyib. Bütün varlığı ilə azadlığa can atan müəllif az vaxtda ziyalılar, xüsusən də gənclər arasında böyük nüfuz qazanaraq "Açıq söz”ün aparıcı mühərrirlərindən birinə çevrilib. Partiyanın siyasi-ideoloji mübarizəsini qəzetin səhifələrində daha parlaq şəkildə təbliğ edib.

M.B.Məmmədzadə jurnalistikasının və publisistikasının səciyyəvi xüsusiyyəti istiqlala, onun qələbəsinə inam hissi idi. Qələm və əqidə yoldaşı M.Ə.Rəsulzadə kimi, M.B.Məmmədzadə də Azərbaycanın istiqlalına inam, sovet rejimi və ideologiyasına qarşı cəsarətli və qətiyyətli mübarizə yaradıcılığının əsas qayəsini təşkil edirdi. Ona görə də onlar Azərbaycanın istiqlala qovuşacağına, imperiyanın çökəcəyinə inanırdı. Nəinki inanırdı, hətta ətrafındakıları da inandıraraq, ruhlandırırdılar. M.B.Məmmədzadə məqalələrinin əksəriyyətində bir sıra tarixi məqamlara toxunaraq milli kimliyimizi dönə-dönə qeyd edərək "türk” olmasını şərəflə qeyd edirdi. 

Lakin uzun illər milli kimlik, milli şüurun formalaşmadığı bir millətə millət anlayışının aşılanması gərək idi. Çünki məlum səbəblərdən millət özünün mövcudluğunu bir müsəlman olaraq, bir "müsəlman milləti” olaraq qavrayırdı. Uzun müddət öz kök-soyundan və tarixindən, milli şüurundan ayrılaraq "manqurt”laşan, millət kimliyini bir "müsəlman”, "tatar” kimi qavrayan millətə öncə "milliyyət, millət” kəlmələrinin mənasını anlatmaq lazım idi. Müəllif məqalələrində bir daha bu məsələyə toxunurdu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatda milli şüurun inkişafı, milli tərəqqi məsələləri diqqət mərkəzində olub. Azərbaycanın görkəmli jurnalist və publisistləri bu məsələlərin mahiyyətini açmaq üçün incə mətləblərə toxunub. Bir çox məqamları aydınlaşdırmağa çalışıblar. Məqsəd isə insanları milli ruhda tərbiyə etmək, onları tarixin sınaqlarına hazırlamaq olub. M.B.Məmmədzadə ardıcıl mətbu çıxışlarında Azərbaycan xalqının tarixi keçmişini təsvir edərək vətən və millət sevgisi təbliğ edib, demokratik dəyərlər aşılayıb. Bu məqalələr ideya dolğunluğu və məzmun zənginliyi ilə ciddi şəkildə diqqəti cəlb edib.

Dövrün siyasi-ictimai, mədəni hadisələrinə aktiv şəkildə münasibət bildirən M.B.Məmmədzadə Rəsulzadə kimi ədəbi fəaliyyəti ilə yanaşı siyasi fəaliyyətini də davam etdirir. İdeyalarını isə mətbu orqanlarda mütəmadi olaraq bədii, siyasi, publisistik məqalələr yazaraq təbliğ edirdi. Siyasi fəaliyyəti ilə mətbu fəaliyyətini birgə inkişaf etdirən Mirzə Bala "Açıq söz”lə yanaşı 1914-cü ildən fəaliyyətdə olan "Bəsirət” qəzeti ilə də sıx əməkdaşlıq edərək qəzetin bir neçə sayına baş redaktorluq edib. 1917-ci ildə Bakıda tələbələrin yayım orqanı olan "Gənclər sədası” və "İttifaqı mütəllim” qəzetlərinə də redaktor olan Mirzə Bala bir il sonra 1918-ci ilin sonlarında Tiflisdə "İttifaqi-mütəllim” adlı təşkilat və "Gənclər yurdu” adlı jurnal yaradıb. 1918-ci ildə baş verən dəhşətli mart faciəsindən sonra M.B.Məmmədzadə nisbətən siyasi fəaliyyətinə daha çox vaxt ayırıb. 

Mart qırğınından sonra üzv olduğu "Müsavat” partiyasının tapşırığı ilə Tiflis-Zaqafqaziya Seymində iştirak etməyə gedən Mirzə Bala Məmmədzadə burada tez bir zamanda "İttihadi-mütəəllimin”(Tələbələr ittifaqı) təşkilatını yaradıb. Təşkilatın ideya və məqsədini gənclər arasında daha geniş şəkildə yaymaq üçün "Gənclər-yurdu” adlı türk və rus dillərində jurnal çap edib. O, 1918-ci ildə Tiflisdə siyasi fəaliyyətlə məşğul olarkən "İki inqilab arasında” adlı məşhur əsərini də yazıb. 1922-ci ildə isə Bakıda "Azərbaycan türk mətbuatı” adlı irihəcmli tədqiqat əsərini nəşr etdirib. Bu əsər Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatı haqqında ilk sanballı əsər kimi diqqəti cəlb edir. Müəllif bu əsərində 1905-1917-ci illər arasında Azərbaycanda mətbuat, maarif, ədəbiyyat, teatr, ruhani və qadın məsələlərini işıqlandırıb.
Aprel işğalından sonra M.B.Məmmədzadə Bakıda gizli Müsavat təşkilatının rəhbəri olub. 1923-cü ilə qədər təşkilatın orqanı olan "İstiqlal” qəzetini nəşr etdirib. Həmin dövrdə Azərbaycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçi və orta məktəbdə müəllim işləyən M.B.Məmmədzadə mətbuatla da əlaqəsini üzməyib. "Yeni yıldız” jurnalında Azərbaycan tarixinə dair silsilə məqalələr dərc etdirib. 1923-cü ilin iyulunda "İstiqlal” qəzeti mətbəəsinin yerli hökumət orqanları tərəfindən aşkar edildikdən sonra gizli Müsavat təşkilatının üzvləri həbs olunub. Həbsdən yayınan M.B.Məmmədzadə həbs olunanların bir qrupunun sovet hakimiyyətini müdafiə etmələri barədə verdikləri bəyanatın əleyhinə vərəqələr yayıb. 1924-cü il yazın axırına qədər gizli fəaliyyət göstərən M.B.Məmmədzadə mayda İranın Ənzəli şəhərinə gedərək, buradakı mühacirlərin fəaliyyətinə başçılıq edib.

 Bir müddət Təbrizdə yaşayan, sonra isə Sulduz şəhəri ətrafında şose yolu çəkilişində mühəndis-texnik işləyən M.B.Məmmədzadə İstanbulda M.Ə.Rəsulzadənin rəhbərliyi ilə nəşr olunan "Yeni Qafqasya” (Yeni Qafqaziyə) jurnalına məqalələr göndərib. Bolşevizmin, sovet ideologiyası və rejiminin, partiya-sovet aparatının tərkib hissəsi kimi bolşevik mətbuatının ifşası M.B.Məmmədzadənin bu dövr publisistikasının əsas mövzularından idi. O, 1927-ci ildə İstanbula köçüb və elə həmin il İstanbulda onun "Azərbaycan misaqi-millisi: 28 Mayıs İstiqlal Bəyannaməsinin təhlili”, "Ermənilər və İran” kitabları çap olunub. M.Ə.Rəsulzadənin redaktorluğu ilə çıxan "Azəri türk” və "Odlu yurd” jurnalları, habelə "Azərbaycan yurd bilgisi” jurnalı ilə də yaxından əməkdaşlıq edib. "Azəri türk” və "Odlu yurd” jurnallarının əsas yazarlarından olan Mirzə Balanın "Fətəli xan Xoyski”, "Doktor Həsən bəy” adlı məqalələri Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərini səciyyələndirmək baxımından çox qiymətlidir. "Solovkidən gələn səslər” məqaləsində kommunizm zindanlarına sürülmüş Azərbaycan istiqlal mücahidlərinin dəhşətli işgəncələrə məruz qalmalarına baxmayaraq, yenilmədiklərindən, amansız şəraitdə belə "İstiqlal” marşını oxumalarından bəhs edilir. M.Məmmədzadənin "Bolşevizm və türkçülük”, "Azərbaycan və bolşeviklər”, "Mədəniləşdirmə ünvanı altında ruslaşdırma”, "Kommunistlər və istila”, "On illik istismar”, "Rusiya əsarətində türk Bakı”, "Sovet Azərbaycanında hürriyyəti-mətbuat”, "Yeni türk əlifbası və bolşevik mətbuatı” və s. məqalələrində bolşevizmin iç üzü açılıb, sovet hakimiyyətinin antimilli siyasəti ifşa olunub. M.B.Məmmədzadə mühacirət illərində İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1931-ci ildə Rəsulzadə və onun digər silahdaşları ilə birlikdə İstanbulu tərk edərək Varşavaya köçüb. Bu dövrdə onun Berlində M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşr olunan "İstiqlal” qəzetində və "Qurtuluş” jurnalında xeyli məqaləsi çap olunub. Polşanın Almaniya tərəfindən işğalı ilə əlaqədar yenidən İstanbula köçən M.B.Məmmədzadənin "Milliyyət” və "Cümhuriyyət” qəzetlərində Azərbaycan tarixinə dair çoxlu məqaləsi dərc edilib. 1949-cu ildə onun yaxından iştirakı ilə Ankarada "Azərbaycan Kültür Dərnəyi”nin əsası qoyulub. Türkiyənin bir çox qəzet və jurnallarında SSRİ-dəki totalitar rejimi kəskin tənqid edən məqalələri dərc olunub. Rəsulzadənin vəfatından sonra "Müsavat” partiyasına və Azərbaycan Milli Mərkəzinə M.B.Məmmədzadə rəhbərlik edib.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb